Attila. Erik Deşodt. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Erik Deşodt
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244533
Скачать книгу
ilk tarixi məğlubiyyəti idi. Belə çıxırdı ki, onlara qalib gəlmək də olarmış.

      Oktar bu məğlubiyyətdən elə məyus olmuşdu ki, boğazından su da keçmirdi. Bu məğlubiyyətin ertəsi günü o, kiçik qələbə qazandı. Cəmi üç nəfər itki verərək vestqotlara zərbə vurdu, onlardan otuz nəfəri öldürdü. Bu qələbəsini təntənəli şəkildə qeyd etmək istədi. Həmin gecə o qədər şərab içdi ki, sərxoş halda yerə sərildi.

      Oktarın köməkçilərinin də ağlı başlarından çıxmışdı – şərabdan əməllicə məst olmuşdular. Bir əfsanədə deyilir ki, guya onlar öldürdükləri vestqotların kəlləsindən piyalə kimi istifadə edirmişlər, hətta kəllələrdən biri ağzındakı dişləri ox kimi sərxoş hunların üstünə tüpürübmüş. Lakin şərabın təsirindən yenə də ayılmayıblarmış.

      Qaynar hadisələrin bir-birini əvəzlədiyi bu məqamda – 408-ci ildə Aetsi Romaya qayıdır. Bunda əsas məqsədi evlənmək idi.

      Həmin vaxt Attilanın on üç yaşı vardı. Çox istədiyi dostundan ayrılmaq ona ağır gəlirdi. Aetsi aradan keçən illər ərzində Attila üçün böyük qardaşa çevrilmişdi. Odur ki ayrılarkən bir-birinə söz verdilər ki, məktublaşsınlar, imkan tapdıqca görüşsünlər.

      Aetsi cəmiyyət içində olmağı xoşlayırdı. Attila isə onun əksinə özünəqapalı biri idi, tənha qalmaqdan xoşlanırdı. Elə buna görə də ən yaxın dostundan ayrıldıqdan sonra bütün günü dərin fikirlərə gedir, müxtəlif xəyallar qururdu. Bu xəyallar Romanın, Konstantinopolun və Parisin qapılarını onun üzünə açacaqdı. Avropanın adıçəkilən üç aparıcı şəhəri (onlardan ilk ikisi süqut çağında idi, üçüncüsü isə hələ təzə çiçəklənirdi) ya könüllü təslim olacaq, ya da buna məcbur qalacaqdı.

      Bir qədər irəli gedib deyək ki, Attila hər üç şəhərə qarşı mərhəmətli davrandı. Hələ də heç kim bunun səbəbini bilmir. Üstəlik, o bu şəhərləri din xadimlərinin yalvar-yaxarına görə bağışlamışdı. Halbuki Attila dinlərə inanmırdı!

      Daha bir maraqlı məqam: sonradan elə həmin o din xadimləri Attilanın ən qatı düşməninə çevrildilər. Onun bütün rəqiblərini birləşdirib qüdrətli hunun üstünə salmağa çalışdılar. Bu din xadimlərinin başında Roma papası9 gəlirdi.

      İş o yerə çatacaqdı ki, xristianlar Attilanı «Tanrı qırmancı» adlandıracaqdılar. Attila özü bu ləqəbdən xoşhal olacaq, ona layiq olduğunu düşünəcəkdi.

      Nə demək idi «Tanrı qırmancı»? Xristianlar bu suala çox aydın cavab verirdilər: «Tanrı qəzəbinə gələnləri kiminsə əliylə cəzalandırır».

      Bütün bunlar hələ sonralar baş verəcəkdi. Odur ki gəlin hadisələri qabaqlamayaq.

      Hunların müəmmalı sayı

      V yüzilliyin əvvəli tarixə hun epoxasının10 başlanğıcı kimi daxil olub. Onların getdikcə güclənməsi az qala üç yüz il ərzində Şərqdən Qərbə – Avropaya doğru müxtəlif xalqların aramsız köçlərini şərtləndirdi. Saysız-hesabsız köçərilər ordusu Roma imperiyasını əvvəlcə həyəcanlandırdı, ardınca təşvişə saldı, axırda isə tamamilə sarsıtdı.

      Bəs böyük köçə qoşulanların, məsələn, alanların, qotların, yaxud vandalların sayı nə qədər idi? Bu suala dəqiq cavab vermək mümkün deyil. Bircə o məlumdur ki, köçərilər nəhəng çəyirtkə sürüsü kimi Avropanı ağuşuna almaqda idilər.

      Həmin vaxt bu qitənin əhalisinin ümumi sayının 30 milyon nəfər olduğu güman edilir. Hunların sayı isə mübahisəli olaraq qalır: bəzi ehtimallara görə, Uraldan Dunaya qədər böyük əraziyə səpələnmiş hunların sayı 5 milyon, bəzi fərziyyələrə görə isə cəmi 250 min nəfərə çatırdı. Birinci rəqəm mənasızca şişirdildiyi kimi, ikinci də eyni şəkildə azaldılıb. Hunların sayının cəmi bir milyon yarım olduğu fikri daha ağlabatan rəqəmdir. Belə ki, yalnız bu qədər hundan yarım milyon süvari çıxa bilərdi. Çünki hun kişilərinin az qala hamısı hazır əsgər idi.

      Hunlar böyük bir əraziyə yayılmışdılar. Təbii ki, həmin əraziləri qorumaq tələb edilirdi. Ona görə də hunlar qoşunlarının böyük hissəsini məskunlaşdıqları yerlərin mühafizəsinə ayırır, yalnız yerdə qalanlarla harasa hücuma keçir, yaxud müttəfiqlərin köməyinə tələsirdilər.

      Hunların sayı barədə biliklər ona görə vacibdir ki, hadisələrin sonrakı gedişi ilə bağlı yanlış fikirlərə yer qalmasın. Məsələn, Ruasın Aetsinin köməyinə göndərdiyi qoşunun sayı daim mübahisə mövzusu olub. Belə ki, Honori 423-cü ildə vəfat etdi. Bundan sonra Flavi Yohan onun yerinə keçmək istədi. Lakin Aetsi Flaviyə qarşı çıxdı və Ruasdan kömək istədi. O da 50 minlik qoşun göndərdi. Ruasın təkcə hansısa müttəfiqinin köməyinə yollamaq üçün 50 minlik hun döyüşçüsü vardı? Bu suala «bəli» cavabı verən adam, yəqin ki, az tapılar…

      Attila Roma sarayında

      Aetsinin gedişindən bir müddət sonra Attila artıq gələcəyin qüdrətli simalarından birinə çevrilmək yolunda mətin addımlarla irəliləyirdi. Həm fiziki baxımdan qüvvətlənir, həm də biliklərini artırır, dünyagörüşünü genişləndirirdi. Nəticədə tezliklə o, əmisi Ruasın «sağ əl»inə çevrildi. Belə ki, əmisi ona məsul tapşırıqlar verirdi, ən əsası qardaşı Bledadan daha çox etibar edirdi. Bleda yaşca Attiladan böyük idi. Lap erkən vaxtlarından eyş-işrətə meyilliliyi ilə fərqlənirdi. Bütün işi-gücü ov ovlamaq, yeyib-içmək, əylənmək idi. Attila isə öz qoçaqlığı, ağlı və böyük iddiaları ilə onu arxada qoymuşdu. Bu, Bledanın vecinə də deyildi. Bütün öyüd-nəsihətlərə baxmayaraq öz kefində idi.

      408-ci ildə Attilanı Romaya göndərdilər. Bir zamanlar Aetsinin Hun sarayında – Ruasın yanında yerinə yetirdiyi «şərəfli zamin» missiyasını indi Attila Roma sarayında yerinə yetirməli idi. Onun üzərinə iki yeni dost – hunlarla romalılar arasında əlaqələri daha da gücləndirmək vəzifəsi qoyulmuşdu.

      Məhz Attilanın Roma sarayına göndərilməsi fikrinin necə meydana çıxdığı bəlli deyil; bircə o məlumdur ki, bunu ona Ruas özü təklif etmişdi. Belə çıxır ki, əmisi cəmi on üç yaşı olan qardaşı oğluna hədsiz dərəcədə inanır, güvənir, etibar edirdi. Əks halda hakimiyyəti əməllicə laxlayan bir imperatorun sarayına niyə Attilanı göndərəydi?

      Bunu da unutmayaq: Ruas Roma ilə dostluğa böyük əhəmiyyət verirdi. Elə II Feodosi də bu dostluqdan məmnun idi. Lakin ortada bir «əmma» vardı. Belə ki, Şərqi Roma imperatoru Ruasa maaş kəssə də, bunun əvəzində ondan, demək olar, heç nə tələb etmirdi. O, eyni qayda ilə Uldinə də maaş verirdi. Di gəl, ondan çox şey tələb edirdi; məsələn, qot sərkərdəsi Qainası yerində oturtmaq üçün məhz Uldini göndərmişdi. Qainas da əvvəllər imperatordan aylıq alırdı. Lakin qəfildən özünü Dunaydan Reyn çayına qədər uzanan ərazinin hökmdarı elan etdi… II Feodosi vaxt itirmədən Uldini qotların üstünə göndərdi. Uldin ona tapşırılan vəzifənin öhdəsindən uğurla gəldi: qotları məğlub edib Qainası əsir aldı. Onun başını şəxsən özü kəsdi və Konstantinopola yolladı…

      Uldinin II Feodosi qarşısında bu cür xidmətləri Ruası məyus edirdi. O başa düşürdü ki, belə getsə, rəqibini ötüb-keçə bilməyəcək. Ona görə


<p>9</p>

Roma papası – Roma katolik kilsəsinin başçısı

<p>10</p>

Epoxa – təbiətin, cəmiyyətin, elmin və s. inkişafında konkret xarakterik xüsusiyyətlərlə səciyyələnən dövr