“Bu müdhiş, bu qorxunc vəlvəleyi-hadisat içində şair-təbib Abbas Səhhət də sükunətgahi-əbədiyyətə çəkilib getdi. Həm maddi, həm də mənəvi xadimi-millət olan Səhhət qardaşımızın üfuli-əbədisindən hənuz Qafqasiya türklərinin xəbəri yoxdur”,
ÖN SÖZ
XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan Abbas Səhhət şair, nasir, dramaturq, tərcüməçi, maarif xadimi kimi tanınmışdır. Azərbaycan uşaq ədəbiyyatının inkişafı, maarifçi ideyaların formalaşmasında Abbas Səhhətin rolu böyükdür.
Mehdizadə Abbasqulu Əlabbas oğlu (Abbas Səhhət) 1874-cü ildə Şamaxı şəhərində ruhani ailəsində anadan olmuşdur. Şairin atası ədəbiyyatla maraqlanmış, Ətşan (Susuz) təxəllüsü ilə şeirlər yazmışdır. Atası Əlabbas kişinin, anası Seyid Ruqiyyənin ədəbiyyata, şeirə olan maraqları Abbas Səhhətin də formalaşmasına təsir göstərmişdir. İlk təhsilini mollaxanada alaraq ərəb, fars dillərini mükəmməl öyrənmiş, Şərq ədəbiyyatını mənimsəmişdir. Sonra Məşəddə ruhani, Tehranda isə tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıtdıqdan sonra xalqın böyük sevgisini qazanaraq “həkim Abbasqulu” adı ilə tanınmış və sənəti ilə əlaqədar olaraq “Səhhət” təxəllüsünü seçmişdir. Həmin dövrdə M.Ə.Sabir, A.Naseh, M.Tərrah kimi şairlərlə yaxından tanışlıq, Şamaxı şairlərinin bir araya gələrək məclis təşkil etmələri Abbas Səhhəti həkimlik sənətindən uzaqlaşdırmışdır. Abbas Səhhət 1906-cı ildə Şamaxıda açılmış realni məktəbə ana dili müəllimi təyin olunur. Geniş bilgiyə malik olan şair, məktəb islahatlarının aparılması, yeni təhsil ocaqlarının yaradılması, məktəblilərin dərslik ehtiyaclarının ödənilməsində səylə çalışır. 1909-cu ildə M.Mahmudbəyovla birgə “Yeni məktəb” dərsliyini tərtib edir. Bir çox mətbu orqanlarda çıxış edən Abbas Səhhət tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, M.Lermontov, A.S.Puşkin, İ.Krılov, M.Qorki, V.Hüqo və başqa şair və yazıçıların əsərlərini tərcümə etmişdir.
Həyatının son illərini ağır məhrumiyyətlər içərisində keçirən ədib, 1918-ci ildə ermənilərin Şamaxıda törətdikləri qətliam zamanı ev-eşiyini itirir, ailəsi ilə birlikdə doğma yurdunu tərk etmək məcburiyyətində qalır. Ədib 1918-ci ildə Gəncədə vəfat etmişdir.
Abbas Səhhət yaradıcılığının əsas hissəsini onun uşaqlar üçün yazdığı əsərlər təşkil edir. Bu da təbiidir. XIX əsrin sonu XX əsrin əvvəllərində maarifçilik hərəkatının əsas qollarından biri olan təhsil islahatı, yeni məktəblərin açılması, uşaqların zövqünü oxşayan, onları məktəbə, təhsilə, elmə sövq etdirən bədii nümunələrə tələbat yaratmışdır. Dövrün ziyalıları dərs vəsaitləri, şeir və hekayələr yazmaqla bu boşluğu doldurmağa çalışırdılar. Şair də uşaqlar üçün qələmə aldığı şeirlərdə tərbiyəvi, əxlaqi, maarifləndirici mövzulara geniş yer verirdi. Şairin vətən sevgisinə, məhəbbətinə, əsrarəngiz gözəlliklərinin tərənnümünə, təbiət və onun ayrı-ayrı predmetlərinin aydın, təfsilatlı təsvirlərinə həsr olunmuş şeirləri poeziyasının əsas tematikasını təşkil etməklə yanaşı qısa, sadə, aydın dili, ifadə zənginliyi ilə diqqəti cəlb edirdi. Bu şeirlərdən “Vətən”, “Yay səhəri”, “Quşlar”, “Cücələr”, “İlk bahar”, “Bağça” və s. şeirlər klassik uşaq ədəbiyyatımızın qızıl fondunda yer alan nümunələr sırasındadır. Şairin “Vətən” şeiri romantik vüsəti, vətənə ünvanlanan sevgi hisslərinin təbiiliyi, emosionallıqla ifadəsi baxımından seçilir və sevilir.
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Vətənim verdi mənə nanü nəmək.
Vətəni, məncə unutmaq nə demək!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub,
Saxlaram gözlərim üstə onu mən.
Ölərəm əldən əgər getsə Vətən.
Abbas Səhhətin kiçik yaşlı uşaqlar üçün yazdığı şeirlərinin hər bir təsvirə gətirdiyi obyektlə bağlı əhatəli bilgi, təəssürat zənginliyi var. Şair balaca oxucunu məlumatlandırmağa, müxtəlif təbiət hadisələri, varlıqları haqqında onlarda maraq oyatmağa, təsəvvürlərini genişləndirməyə çalışır. Onlarda ətraf aləmə sevgi, diqqət, məhəbbət hissi aşılayır. Şairin “Yaz”, “Yay”, “Qış”, “Cücələr”, “Ana və bala”, “İlk bahar”, “Quşlar”, “Köç”, “İki dana” və s. şeirləri bu cəhətdən seçilən nümunələrdəndir. Bu şeirlərin əksəriyyətində qısa, yığcam cümlələr, sadə və aydın dil, musiqi ahəngi duyulur.
Quşlar, quşlar, a quşlar!
Qaranquşlar, a quşlar!
Cəh-cəh vurun burada,
Gah yerdə, gah yuvada.
Abbas Səhhət şeirlərinin hər birində dolğun lövhə, təsvir və təəssürat zənginliyi var. Ayrı-ayrı fəsillərə həsr olunmuş bədii nümunələrdə şair təkcə müəyyən fəslə aid tipik lövhələr, təsvir yaratmır, xalqın güzəranını, gündəlik həyat və yaşam tərzini, məişətini, adət-ənənənəsini də həmin təsvirlərdə canlandırır. Şairin “Yaz”, “Payız çağında”, “Qış”, “Yay səhəri”, “Yaz gecəsi” və s. şeirləri bu cəhətdən əhəmiyyətlidir.
Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.
Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban....
Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır,
Kəndlilər çox yorulub, uykudan indi oyanır.
Abbas Səhhətin uşaqlar üçün yazdığı şeirləri içərisində təmsilləri də xüsusi yer tutur. Onun “Sərçə və qarğa”, “Tülkü və qurd”, “Ayı və şir” təmsilləri bu gün də uşaq ədəbiyyatımızın klassik nümunələri sırasında yer almaqdadır. Dövrün eybəcərliklərini, insan münasibətlərində və əlaqələrindəki naqislikləri, cəmiyyətdə mövcud olan mənfilikləri qısa, yığcam formada, alleqorik şəkildə uşaqlara göstərməklə onları pis əməllərdən, vərdişlərdən uzaqlaşdırmaq, tərbiyə etmək bu təmsillərin əsasını təşkil edir.
Şeirlərində olduğu kimi yazıçının hekayələri də canlı, real təsvirlər, məişət səhnələri, yığcam, aydın ifadə tərzi ilə yadda qalır. Ədibin hekayələrində ictimai həyatın, dövrün reallıqları, cəhalət və avamlıq (“Cərrahlıq”), müharibə vəhşətinin qurbanına çevrilən kimsəsiz, yoxsul insanların mənəvi-psixoloji əzabları, yurd-yuvasından didərgin düşmüş, bütün əzizlərini itirən Həmid kişinin göz dikdiyi bircə nəvəsinin faciəsi (“Bədbəxt ailə”), müharibənin qurbanına çevrilən, evi viran qalmış, yurd-yuvasını itirmiş, balaları pərən-pərən düşmüş Həlimə ananın (“Qaragünlü Həlimə”) iztirabları, əzab və yaşantıları canlı, dramatik, real boyalarla əks olunmuşdur.
Abbas Səhhətin dramaturji fəaliyyəti o qədər də geniş olmamışdır. “Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi” onun ilk uşaq dramlarındandır. Pyesdə məktəb həyatı, uşaqların təhsil dalınca göndərilməsi və təhsilimizin inkişafındakı çətinliklər əks olunmuşdur. Dramda bir-birinə zidd iki qüvvə qarşı-qarşıya qoyulmuşdur. Bir tərəfdə yeni, təriqqəpərvər qüvvələrin təmsilçisi olan Faiq Əfəndi və onun iki tələbəsi, Saday və Əsəd, digər tərəfdə isə nadan Dadaş kişi təsvir olunur.
Faiq Əfəndi istedadına, bacarığına inandığı Əsədi çətinliklə bir yer aldığı Qori Seminariyasına göndərmək arzusunu