“…aktyorluğu və səhnəyə yaxınlığı Süleyman Sani Axundovun dramaturji yaradıcılığında və vaqiələrin quruluş və inkişafına, gəlişlərin düzgün təşkilinə qayəyə uyğun, faydalı təsirlər buraxmışdır,”
Ön söz
Məktəbli dostlar! Yəqin ki, yaşınızdan asılı olmayaraq aranızda Süleyman Sani Axundovu tanımayan oxucu yoxdur. Çünki bu adı eşidəndə təsəvvürünüzdə məhz sizin üçün yazıb-yaradan yazıçının ədəbi siması canlanır. İlk xatırladığınız əsər isə “Qaraca qız” olur. Sonra “Nurəddin”, “Abbas və Məleykə”, “Əşrəf” və s.
Bu sətirləri oxuduqca, bəlkə, düşünənlər də olacaq: “Nə qədər eyni adı eşidib, eyni əsərləri oxumaq olar?! Elə götürək, “Qaraca qız” povestini. Məgər onu oxumayan varmı?! Ən az mütaliə edən uşaqlar da, heç olmasa, əsərin eyniadlı bədii filmini seyr etmişdilər”.
Amma biz əlinizdəki bu kitabın yeni nəşri ilə təsəvvürlərinizi bir az dəyişdirməli olacağıq. Əgər kitabı oxumağa artıq qərar verdinizsə, siz fərqli bir “Qaraca qız”la tanış olacağınıza əmin olun. Eləcə də “Nurəddin” əsərindəki yeniliklər sizi təəccübləndirəcəkdir.
Siz “Qaraca qız” əsərinin əvvəlki nəşrlərində Qaraca qızın bəy evində düşdüyü mühitdə Piri babadan və Ağca xanımdan başqa doğru bir insan tanımamışdınız. Əsəri oxuduqca və ya filmi seyr etdikdə kiçik bir kimsəsiz qızcığaza qarşı amansız olan mühit sizin ürəyinizi sızlatmış, acı-acı düşündürmüş, sonunda isə göz yaşınızı axıtmışdı. Ürəyiniz sızlamışdır ki, atasız-anasız qalmış bir uşağa qucaq açacaq insanlar nə qədər azdır. Acı-acı düşünmüşdünüz ki, niyə biriləri qayğıyla, sevgiylə əhatələnir, biriləri hər şeydən məhrum olur. Göz yaşı axıtmışdınız ki, canını dostuna fəda edən o kimsəsiz qızcığaz niyə ölüm ayağında da sevgidən məhrum vəziyyətdə gözünü yumur bu işıqlı dünyaya. Və gözlərinizdə dünya qaralırdı…
Hörmətli oxucu, siz bu kitabdan “Qaraca qız” əsərini oxuyanda gözünüzün önündə canlanan o həyata münasibətiniz tamamilə dəyişəcəkdir. Görəcəksiniz ki, bəylərin də sinəsində döyünən insan ürəyidir. Hüseynqulu ağa bir ideal insan, ata, dost, mərhəmətli himayədar kimi canlanacaq təsəvvürünüzdə. Görəcəksiniz ki, Azərbaycanın milli-mənəvi dəyərləri zəngin ailələrdə də necə qorunub yaşanırdı. Böyüyə hörmət, zəhmətkeşə izzət, ehtiram görəcəksiniz. Qadına dəyər, ailəyə sədaqət görəcəksiniz. Kiçiyə qayğı, şəfqət, dostluğa məhəbbət görəcəksiniz. Hətta zalımlığı ilə nifrətinizi qazanmış Pəricahan xanımın insani duyğularını görüb onu da anlamağa çalışacaqsınız. Və həyat aydınlanacaq gözlərinizdə.
“Bəs bu necə olacaq?” – deyə düşündünüz… Bizim sehrli çubuğumuz yoxdur. Sirlər əsərin yazılma və nəşr tarixindədir. Bu sirri sizin də bilməyinizin vaxtıdır.
Tədqiqat zamanı “Qaraca qız” hekayəsinin 1913-cü ildə “Məktəb” jurnalında dərc edilmiş ilk nəşri ilə 1934-cü ildə ədibin “Əsərləri” külliyyatına daxil edilən nüsxəsi arasındakı fərqlər araşdırılmış və üzə çıxarılmışdır. Bu dəyişikliklər 1920-ci ildə Azərbaycanın müstəqilliyinə son qoyan sovet hakimiyyətinin sifarişi ilə aparılmışdır.
“Qaraca qız” povestinin üzərində aparılan dəyişikliyi iki mərhələdə müşahidə edirik. Əsər ilk dəfə 1927-ci ildə S.S.Axundovun “Zarafat” adlı hekayələr kitabına daxil edilərkən dəyişdirilmişdir. Əsərin üzərində, böyük ehtimalla, yazıçı özü işləmişdir. Növbəti dəfə isə 1934-cü ildə yazıçının “Seçilmiş əsərləri”nin tərtibi zamanı bir daha dəyişdirilməyə təhrik edilmişdir. Bu iki nəşr arasında bir sıra incə və mühüm fərqlər görürük. 1936-cı ildə “Seçilmiş əsərlər”in təkrar çapında artıq bu son dəyişikliyə möhür vurularaq bir əsrə yaxın tariximizin yaddaşına köçürülür və bu günə kimi uşaq ədəbiyyatımızın qızıl fonduna daxil olan “Qaraca qız” kimi mükəmməl bir əsər millətin öz keçmişinə nifrət ruhunda tərbiyəsinə yönəldilir. Xüsusilə orta məktəb ədəbiyyat dərsliklərində əsərin əsas süjet xətti əsasında millimənəvi dəyərləri əks etdirən epizodlar ixtisar olunaraq və dəyişdirilərək tədris edilməsi siyasiideoloji məqsəd daşıyırdı. Beləliklə də, bir əsrə yaxındır ki, “Qaraca qız” povesti ideya baxımından yanlış təbliğ olunur.
“Nurəddin” hekayəsinin birinci nəşri ilə (“Məktəb” jurnalı, 1912-ci il, N-9, 20, 21-22) sonrakı nəşrlər arasında bəzi fərqlər vardır. Ədib 1936-cı ildə əsərlərini çapa hazırlayarkən bu hekayədə müəyyən dəyişikliklər etmişdir. Məsələn, ilk nəşrdə məktəbli Fatma atası Hacı Səmədə deyir ki: “…müəllimimizin əmrinə görə, gərək sabaha bir elə nağıl düzəldəm ki, ondan belə bir məna çıxsın: “Yaxşılıq eylə, at dəryaya, balıq bilməsə də, Xaliq bilər”. Bu cümlədəki “Xaliq” sözü Allahın adıdır – “xəlq edən” deməkdir. Ədib sovet dövründə yeni görüşlərlə əlaqədar olaraq həmin atalar sözünü “yaxşılıq elə, əvəzini görərsən” şəklində yazmışdır.
İlk nəşrində Hacı Səməd Hacı Nəsirin övladı olmasını da “Allah-təalanın kəraməti” ilə bağlayır. Əsərin sonrakı nəşrində isə ədib həmin sözlərin əvəzinə “axırda bunların bir oğlu oldu” yazmışdır.
Hacı Nəsir Rəhimə yaxşılıq etmişdi. Bunun əvəzində Rəhim Nurəddinə “kibrit” qutusu irilikdə “Quran” gətirir. Həlimə də “Quran”ı öpüb oğlu Nurəddinin boynundan asır. Əsərin 1936-cı il nəşrində isə Rəhim Nurəddinə Quran yox, Sədinin “Gülüstan” kitabını yadigar verir. Bu dəyişikliklər 30-cu illərdə sovet ideologiyasının təsiri ilə olmuşdur və əsərə müsbət təsir göstərməmişdir. Əsərdə buna bənzər xeyli dəyişikliklər var. Əgər əsərin əvvəlki variantını oxumuşsunuzsa, bunları asanlıqla seçə biləcəksiniz.
“Qaraca qız” və “Nurəddin” əsərləri millimənəvi dəyərlərlə yanaşı, təbiət biliklərini də əhatə etməsi baxımından maraqlıdır. Bu əsərlərdən meyvələrin, heyvanların xüsusiyyətləri haqqında yeni məlumatlarla təbiət biliklərinizi zənginləşdirəcəksiniz. “Nurəddin” əsərində Nurəddinin dili ilə söylənmiş “Oxuyan uşağın elmi olar, hər şeyin sirrini bilər, ona görə də qorxmaz” – fikri təbiət elmlərini öyrənməyin əhəmiyyətini vurğulayır.
Həmçinin irqindən, görkəmindən, sosial mənsubiyyətindən asılı olmayaraq insanlara ehtiram etməyin vacib olmasının səbəblərini öyrənəcəksiniz. Yazıçı bunu əsərində hekayəçi obrazı olan Hacı Səmədin dilindən gözəl ifadə etmişdir: “Ətə baxma, dona baxma, içindəki cana bax.”
S.S.Axundov əsərlərini hər yaşda uşaqların marağını nəzərə alıb, böyük ideyalarını anlaşıqlı dillə kiçik oxucularına çatdırmışdır. O bu əsərlərini nağıllar adlandırsa da, həyat həqiqətlərini qələmə almışdır. Həm də insanların həyatına əsaslı şəkildə təsir edən, ailənin və hətta bütöv bir cəmiyyətin inkişaf istiqamətini dəyişən həyat həqiqətlərini. “Abbas və Zeynəb”, “Əşrəf”, “Əhməd və Məleykə” belə əsərlərdəndir.
“Əhməd və Məleykə” əsərində ana ac övladlarını sakitləşdirmək üçün möcüzəyə inam hissi yaratmağa çalışır ki, bu da, əslində, Allahın mərhəmətinə inamın əksidir. Yazıçı bu əsərdə “mələk bacamızdan sənə çörək salar” möcüzəsini yaradır. Lakin onu demək istəyir ki, bu möcüzəni Allah insanların əli ilə gerçəkləşdirir. Bununla da əsərdə xeyirxahlıq, mərhəmət yüksək insani dəyər kimi öz təsdiqini tapır.
Ədibin “Qorxulu nağıllar” silsiləsindən olan “Abbas və Zeynəb” əsəri kədərli olduğu qədər də öyrədici, ibrətamiz əsərdir. Əsər qan davasının qanlı nəticələrini əks etdirsə də, “…quldurlar elmsiz, tərbiyəsiz tayfadan çıxarlar. Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi, insanın da vəhşisi bunlardır. Ancaq təfavütləri odur ki, quldurlar onlardan neçə qat rəhmsiz, insafsız və zalımdırlar”