UŞAQLARIN BAHARI
Seyid Əzim Şirvaninin 1878-ci ildə Şamaxı ruhani məktəbində işləyərkən yazdığı “Rəbiül-ətfal” (Uşaqların baharı) dərsliyi əsasında hazırlanmışdır.
Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda anadan olmuşdur. 7 yaşından anası Səkinə xanımın himayəsində qalmışdır. Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn onu yanına aparmış və şair yeniyetməlik dövrünü babasının himayəsində keçirmişdir.
İbtidai təhsilini orada alan Şirvani bir neçə Dağıstan ləhcəsi də öyrənmişdir. Babasının təsiri ilə dini elmlərə maraq göstərən şair 1853-cü ildə Şamaxıya qayıtmışdır. Biliyini artırmaq üçün bir müddət Bağdadda və Şamda da yaşamışdır.
1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir
O, 1857-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyaya səyahət etmişdir. 50-ci illərin sonunda vətənə qayıdan Seyid ruhani olmaq fikrindən əl çəkib məktəbdarlıqla məşğul olur.
“Əkinçi” qəzetinin nəşrini sevinclə qarşılayan şair şeirlərinin bir qismini bu qəzetdə çap etdirmişdir. “Əkinçi” bağlandıqdan sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə” qəzetləri ilə əməkdaşlıq etmişdir.
1877-ci ildə Seyid Əzim Şamaxı məktəbinə Azərbaycan dili və şəriət müəllimi düzəlmiş, qısa fasilə ilə ömrünün sonuna qədər orada işləmişdir.
1879-cu ildə “siyasi cəhətdən şübhəli müəllim” kimi ittiham edilərək işdən çıxarılmış, Tiflisə şikayət etdikdən sonra yenidən öz vəzifəsinə qaytarılır.
Tiflisə gedərkən Nizaminin qəbrini ziyarət edir. Qəbrin pis vəziyyətdə olduğuna təəssüflənərək yazmışdır:
Ey Şeyx Nizami, ey nizamı dağılan.
Ey Gəncədə izzü ehtişamı dağılan.
Olmuşmu səninlə mən kimi aləmdə
Beyti, evi, məktəbi, kəlamı dağılan?
1878-ci ildə Şamaxı ruhani məktəbində işləyərkən “Rəbiül-ətfal” (“Uşaqların baharı”) dərsliyini tamamlayır.
1887-ci ildə maarif sahəsindəki xidmətlərinə görə “Za userdiye” medalı ilə təltif olunmuşdur. Maddi ehtiyac içində yaşayan şair bu medalı almaq üçün 7 manat 50 qəpiyi tapa bilmədiyindən yalnız ölümünə 10 gün qalmış 1888-ci ilin may ayında almışdır.
Şirvani 1888-ci mayın 20-də isə vəfat etmiş, öz vəsiyyətinə görə Şamaxının Şaxəndan qəbiristanlığında dəfn olunmuşdur.
Uşaqların baharı
Bu səbəbdən, ey xoşəxlaqlı, mən çox hekayələri qələmə aldım. Çünki qabiliyyətsiz adamlar görüb mən də özümü qəsdən cahil kimi göstərdim. Əgər fani zəmanə sənə uyğun olmasa, sən özünü zəmanəyə uyğunlaşdır. Görsən ki, xalq divanə olub, sən də özünü ağıllı yox, divanə kimi göstər. Bu xoş məsəldir ki, palaza bürün, elnən sürün. İstər türk olsun, istər zənci, xalq ilə həmin xasiyyətdə ol. Nadana mərifətdən danışma, onda o, səni dəli hesab edər. Bax elə bu gözəl hekayədə olduğu kimi.
Bir genişürəkli, təmkinli vəzir vardı. O, fal və nücum elmində çox bilici idi. Vəzir bir gün şahın hüzuruna gəlib söylədi:
– Ey hökmü aya, günəşə çatan! Mən nücum ilə tapmışam ki, üç gün üç gecə yağış yağacaq. O yağışın suyu sulara qarışacaq. Hər kim o sudan içsə, axmaq və səfeh adama çevriləcək. Nə qədər ki, həmin yağış yağıb sulara qarışmayıb, sular hələ təmizdir, ondan bir neçə küp götürüb saxlayaq. Xalq o sudan içib dəli-divanə olanda biz xalq içində ağıllı qalaq.
Şah onun fikrini bəyəndi. Təmiz sudan xeyli götürüb saxladılar.
Vaxt oldu ki, həmin diyara yağış yağdı, sulara qarışdı. Hər kim həmin sudan içdi, dəli-divanə oldu. Şah ilə vəzir isə ağıllı qaldılar. Divanələr təlaş edir, geyimlərini, paltar-palazlarını cırıb atırdılar. Özləri lüt-üryan… Hamısı hərzə-hədyan sözlər qışqırıb-bağırırdılar. Bir-birinə qarışıb it ularsa, onlar da it kimi ulardılar. Böyük-kiçik bir-birinə baxıb gördülər ki, şahla vəzir onlara oxşamırlar. Bu axmaq və ağlını itirmiş adamlar dedilər: “Bunlar niyə bizə bənzəmirlər? Yəqin ki, şah ilə vəzir dəli olublar. Bu şahı səltənətdən uzaqlaşdırmaq lazımdır. Çünki o divanədir. Bizə ağıllı şah lazımdır.”
Bunu deyən şüursuz dəstə şahın imarətinə hücum etdi. Şah əhvalatı belə görüb camaatın fikrini başa düşdü. Vəzirə dedi:
– Vəzir, tələs, o qarışıq sudan bir qab gətir.
Vəzir sudan tapıb gətirdi. Hər iki ağıllı: şah da, vəzir də həmin sudan içdilər, camaat kimi onlar da divanə oldular. Camaat kimi mayallaq aşdılar, elə bil göydə leyləklər uçurdu. Paltarlarını cırıb lüt-üryan oldular, nalə çəkdilər. Bu halı görən qabiliyyətsiz dəstə belə dedi:
– Bəli, şah ilə vəzir də bizim kimi ağıllanıblar.
Bəli, ey gözümün nuru, eyni cinsdən olanlar bir-birinə nifrət eləməzlər. Binəva şəxs binəvanı sevər. Necə ki, saman kəhrəbanı sevər. Alim nadandan qaçdığı kimi nadan da alimdən qaçar. Cahildə kamillik zövqü olmadığından ağıllı adamda nə olduğunu anlamaz. Ağıllı o adamdır ki, gecə-gündüz xalqın zövqünə uyğun rəftar edə.
Hekayəni necə öyrənmisən?
Hadisələrin ardıcıllığını bərpa edin. Bunun üçün parçanın qarşısındakı işarəni (A, B və s.) müvafiq rəqəmin qarşısında yazın.
Oğluma xitab
Oğul, ey gülüstanımın qönçəsi! Ey mənim xoşsəsli bülbülüm! İki yüz yetmiş üçdə bahar fəslində sən dünyaya gəldin. İndi on beş ildir ki, sənə adab (ədəblər, bütün iş və hərəkətdə gözlənən qaydalar, tərz, üsul) təlim edirəm. Ağıla yetib başıuca oldun, daha mənə ehtiyac duymadın. İndi əql peyğəmbərini rəhbər qıl, məzhəb ədəblərini öyrən! Demirəm ki, mən gedən yol ilə get. Ancaq ağılı tut, o gözəl dost ilə get. Sənə ata yolu əsas deyil, gör Azər övladı hansı yol ilə getdi?
Demirəm rus, ya müsəlman ol. Hər nə olsan, mərifət sahibi ol!
Demirəm ki, sünni, ya da şiə ol! Yalnız biabırçılıq oxuna hədəf olma.
Demirəm şeyx ol! Hər nə olsan, saxtakar və fırıldaqçı olma!
Dilini lənət etməkdən, başqasının müsibətinə sevinməkdən saxla.
Bilməyəndən bilən kəs daha üstün imiş. Həq buyurmuş ki, ey dünya adamları, dillərin müxtəlifliyi nemətimdəndir. Kim ki bir dil öyrənsə, o, bir nemətə çatmış olar. Cəhd elə ki, o nemətə yetiş, elm təhsil qıl, bir mövqeyə çat.
Hekayəyə aid testlər
1. Şahın Vəziri hansı elmləri bilirdi?
A) Fal və nücum
B) Təlim və tərbiyə
C) Nücum və ədəbiyyat
2. Yağışlı suyu kimlər içmədi?
A) Şah və vəzir
B) Vəzirlə oğlu
C) Şah və onun vəzirləri
3. Niyə sonradan şahla vəzir sudan içdilər?
A)