I
Qupquru çökəklərdə, otu-ələfi quruyub dazı açılmış dikdirlərdə ov axtarmaq böyük səbir istəyirdi. Səhərdən axşamacan vurnuxan, yeraltı yuva sakinləri olan xırda heyvanların buraxdığı qarmaqarışıq izlərin kələfini açanacan baş hərlənirdi, gah gücü gəldikcə sünbülqıranın yuvasını eşələyir, gah da saatlarla gözləməli olurdu ki, yağışın yuyub oyduğu sivri daşın altında gizlənən balaca ərəbdovşanı oradan sıçrayıb çıxsın ki, bir anda onu qamarlasın; siçan ovuna çıxmış ac tülkü beləcə ov axtara-axtara uzaqdan yavaş-yavaş dəmir yoluna yaxınlaşırdı, çöl boyu uzanan köbərin üstündə paralel dəmir yolu qaralırdı, o, tülkünü həm cəlb edir, eyni zamanda da ürküdürdü, onun üstü ilə ətrafı lərzəyə gətirərək gah bu yana, gah o yana patıltı-gurultuyla qatarlar hərəkət edir, özündən sonra da küləyin sovurub yerə yaydığı tüstü, yanıq iyinə qarışmış başqa qıcıqlandırıcı qoxular qoyub gedirdi.
Axşamtərəfi tülkü teleqraf xətti yaxınlığındakı sıx, quru və hündür sirkan kolları bitmiş dayaz dərə kimi bir çökəkdə tünd-qırmızıya çalan bol toxum bağlamış kolların arasında boz-narıncı kündə kimi yumrulanıb uzandı, qulaqlarını narahatlıqla tərpədə-tərpədə aşağıdan əsən yelin susuzluqdan canı çıxmış quru otlardan çıxardığı zil sızıltısına qulaq verərək səbrini toplayıb gecənin düşməsini gözlədi. Teleqraf dirəkləri də üzüntülü bir səslə inləyirdi. Ancaq tülkü bu səslərdən qorxmurdu. Dirəklər həmişə eyni yerdə dururdu, onlar tülkünü təqib eləyə bilməzdi.
Vaxtaşırı gəlib keçən qatarların qulaqbatırıcı səsindən hər dəfə diksinir, nəfəsini qısıb büzüşürdü. Altındakı yerin uğultusundan qatarların dəhşətli hərəkət zəhminin yerbasan ağırlığını öz cılız bədəni, qabırğaları ilə hiss edirdi, buna baxmayaraq, yad qoxulara olan nifrət və qorxusunu boğub dərədən getmir, gecəni gözləyirdi, çünki bilirdi ki, dəmir yolu gecələr nisbətən sakit olur.
Tülkü buralara çox nadir hallarda, aclıqdan üzülüb əldən düşəndə gələrdi…
Qatarlar ara verəndə çöllüyə uçqundan sonra yaranan gözlənilməz bir sakitlik çökürdü, bu tam sakitlik içində alatoran çöllük üzərində güclə seçilən, heç kimə aid olmayan, qəlbindən gələn anlaşılmaz bir səs tülkünü şəkləndirirdi. Bu, hava axınlarının tezliklə havanın dəyişəcəyini bildirən əlaməti idi. Heyvancığaz bunu sövq-təbii ilə hiss edir, naçar halda yerindəcə donub durur, yaxınlaşmaqda olan ümumi bir bəlanın doğurduğu nə isə qeyri-müəyyən bir hissdən səs çıxarıb ulamaq, vaqqıldamaq istəyirdi. Ancaq aclıq hissi elə güclü idi ki, təbiətin bu xəbərdarlıq siqnallarını da boğurdu.
Tülkü yüyürməkdən yorulub göynəyən pəncələrini yalaya-yalaya ancaq yavaşdan zingildəyirdi.
O günlər axşama tərəf hava soyuyurdu, mövsümün üzü payıza idi. Gecələr torpaq tez soyuyur, şoran yerlər kimi, ağappaq qırovla örtülür, səhər əriyib açılırdı. Çöl heyvanları üçün qıtlıq, qayğı dolu günlər gəlirdi. Yayın özündə də təkəm-seyrək görünən ov indi tamam yoxa çıxmışdı. Bəziləri isti ölkələrə köçmüş, bəziləri yer altındakı yuvalarına girmiş, bir parçası da qışlamaq üçün qumsallıqlara çəkilmişdi. İndi hər tülkü bu kimsəsiz çöllərdə tək-tənha səfillənərək yem axtarırdı.
Builki bala tülkülər artıq böyüyüb hərəsi bir səmtə dağılmışdı. Döl, cütləşmə vaxtı isə hələ qabaqda idi. Qışda, o dövr gəlib çatanda tülkülər görüşmək üçün bir yerə toplaşır, erkəklər isə onlara verilmiş əzəli qüvvə ilə süpürləşib vuruşurdular.
Gecə düşəndən sonra tülkü dərədən çıxdı, dayanıb qulaq asdı, dəmir yolunun köbərinə tərəf yortdu. O, sakitcə gah yolun sağı ilə gedir, gah da soluna keçirdi. O, buralarda sərnişinlərin vaqonların pəncərələrindən tulladıqları artıq-urtuq axtarırdı. Tülkü köbərin böyrü ilə çox yüyürməli oldu, qabağına nə çıxdısa iylədi, bir tikə yeməli şeyə rast gələnəcən əldən-ayaqdan düşdü. İyrənc tünd iy verən şeyləri iyləmədi. Qatarların işlədiyi yol qəzet qırıntıları, kağız parçaları, sınmış butulkalar, əzilmiş boş konserv qutuları, siqaret kötükləri və lazımsız zir-zibillə dolu idi. Bir dəfə salamat qalmış ağzıaçıq butulkadan gələn kəskin iy onun beynini dumanlandırmışdı. Bir-iki dəfə başının gicəlləndiyini duyub tülkü daha spirtli şüşələrdən kənar gəzirdi. Fınxırıb kənara sıçrayırdı.
Tülkünü bu yola çıxmağa aclıq vadar eləmişdi, tərs kimi də dişə dəyən bir şey tapa bilmirdi. Amma ümidini itirmirdi, yeməli bir şey tapmaq məqsədilə yolun gah sağına, gah da soluna keçir, yüyürür, hey yüyürürdü…
Tülkü birdən yolun tən ortasında həsləyib dayandı, qəfil iş üstdə tutulan adamlar kimi bir pəncəsi havadan asılı qaldı. Qəlbidə, buludlar arasındakı Ayın bozumtul ziyası altında o, iki relsin arasında döyükmüş kölgə kimi görünürdü. Onu şəkləndirən uzaq uğultu hələ çəkilməmişdi, səs hələlik uzaqdan gəlirdi. Tülkü quyruğunu əvvəlki kimi düz tutaraq yoldan çıxmaq istəyir, tərəddüdlə ayağının birini götürüb, o birini qoyurdu. Yoldan çıxmaq əvəzinə, tülkü dişinə dəyən bir şey tapmaq ümidi ilə yenə də köbərin döşü ilə o yan-bu yana vurnuxmağa başladı. Yüzlərlə təkər və dəmir sürtülməsindən qopan səsin qarşısıalınmaz bir zəhmlə yaxınlaşdığını eşitsə də, hiss eləyirdi ki, elə bu dəqiqə istədiyini tapacaq. Amma elə bu dəqiqədə döngədən çıxan dalbadal qoşulmuş lokomotivlərin yaxın və uzaqvuran işıqları, güclü projektorları gözqamaşdırıcı işıqla otu-ələfi qurumuş çölü bircə anda ağappaq ağartdı və tülkü od görmüş pərvanə kimi özünü ora-bura çırpmağa, yerində mayallaq vurmağa başladı. Qatar isə amansızcasına yaxınlaşırdı. Havanı boğucu yanıq iyi, toz basdı, şiddətli yel qopdu.
Tülkü özünü kənara atıb tez-tez geriyə baxa-baxa, hərdən də qorxudan yerə sinərək götürülüb qaçdı. İşıqları şütüyən bu əcaib nəhəng hələ xeyli guruldadı, xeyli vaxt çarxların səsi kəsilmədi. Tülkü yerində sıçrayır, yenə də var gücü ilə qaçıb buralardan uzaqlaşmağa çalışırdı.
Dayanıb nəfəsini dərdi, dəmir yolu onu yenə də özünə cəzb eləməyə başladı. Çünki bura dişinin altına qoymağa bir şey tapacağına ümid elədiyi yeganə yer idi. Amma qarşıdan yenə də işıq düşdü, yenə də qoşa lokomotiv uzun və yüklü bir qatarı çəkib aparırdı.
Tülkü işi belə görəndə xeyli çölləmə getdi ki, elə bir yerdə dəmir yoluna yan alsın ki, o yerdə qatar olmasın…
Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir…
Dəmir yolunun hər iki tərəfi ilə göz işlədikcə çöllüklər uzanıb gedirdi, Sarı-Özək Sarı-Torpağın özəyi ortası idi.
Coğrafiyada hər şey Qrinviç meridianından ölçüldüyü kimi, bu yerlərin də bütün məsafələri dəmir yolu ilə müəyyən edilirdi.
Qatarlar isə şərqdən qərbə, qərbdən də şərqə gedirdi…
Gecəyarı kim isə uzun yolu inadla, basa-basa yol çevirən növbətçinin köşkünə tərəf tələsirdi. O, əvvəlcə şpalların üstü ilə yeriyirdi, ancaq qarşıdan gələn yük qatarı onu köbərdən enməyə məcbur etdi. Əllərini üzünə tutub tufandan, çovğundan qorunurmuş kimi, sürətlə gedən yük qatarının qopardığı toz-torpaqdan qorunurdu (bu, xüsusi əhəmiyyətli qatar idi. Belə qatarlar birbaşa qapalı zonaya, xüsusi yol xidmətçiləri olan 1 nömrəli Sarı-Özəyə, kosmodroma gedir. Sözün qısası, belə qatarlar həmişə çadırla örtülmüş olur, onu platformalarda dayanmış hərbi gözətçilər müşayiət edir).
Yedigey o saat hiss elədi ki, gələn arvadıdır və bu gəliş elə-belə gəliş deyil, onun bu gəlməyinə nəsə çox vacib bir səbəb var. Doğrudan da, məlum oldu ki, gümanı düz imiş.
Lakin iş üstə olduğuna görə yerindən tərpənə bilməzdi. Sonuncu vaqon da gəlib keçəndən, yolda hər şeyin qaydasında olduğunu bələdçiyə işarə verəndən sonra tələsik arvadına tərəf döndü:
– Xeyir ola?
Qadın həyəcanla ona baxıb dodaqlarını tərpətdi, nəsə pıçıldadı. Yedigey onu eşitməsə də, onun nə demək istədiyini başa düşdü, əvvəldən ürəyinə dammışdı.
– Küləyin qabağında durma.
Onu