İÇİNDƏKİLƏR
Masqreyv ritualı........................................................
Reyqeyt tapmacası..................................................................
Bruk küçəsində cinayət.........................................................
Polkovnikin ölümü................................................................
MASQREYV RİTUALI
Dostum Şerlok Holmsun məni ən çox çaşdıran xüsusiyyətlərindən biri də düşüncə tərzi baxımından, heç şübhəsiz, dünyanın ən sistemli, ən vasvası adamlarından olmasıdır. Geyim tərzində də hədsiz rəsmi və diqqətli olan, bir evdə yaşadığım bu adam vərdişlərində də eyni dərəcədə diqqətsiz və səliqəsizdir. Bunu çox sahmanlı olduğum üçün söyləmirəm. Əfqanıstandakı qarışıqlıq və keşməkeşdən çıxandan sonra bohem həyat tərzinin zirvəsinə çıxdığımı və bir həkimə yaraşmayacaq dərəcədə nizamsız olduğumu qəbul edirəm. Amma nizamsızlığımın bir sərhədi var, siqarlarını kömür vedrəsində, tütününü İrandan gəlmə başmağının içində saxlayan, cavab verilməmiş məktublarını qatlama bıçaqla taxta buxarı rəfinin tam ortasına pərçimləyən adamın yanında aydan arı, sudan duruyam.
Atış təlimlərini açıq hava məşğuliyyəti hesab edirdim. Holms kefinin kök olduğu vaxt kreslosunda oturub yüz ədəd “Bokser” markalı güllə ilə divarı vətənpərvər duyğularla V.R.1 hərfləri ilə bəzəyəndən sonra bunun şərt olmadığını anladım. Bu addımdan sonra otağımızın havası və görünüşünün ürəkaçan olmadığını deməyimə, yəqin ki, ehtiyac yoxdur.
Otağımız daim kimyəvi maddələr və inanılmaz yerlərdən, məsələn, qab-qacağın içindən, ya da çox daha əcaib yerlərdən çıxan cinayət dəlilləri ilə dolu olardı. Ən pisi də sənədlər idi. Sənədləri, xüsusilə araşdırdığı köhnə işlərlə əlaqədar olanları atmaqdan xoşılanmırdı. Sənədi bir-iki dəfə – özündə o gücü tapsa – çıxarıb etiketləməyə, sistemləşdirməyə çalışardı. Daha əvvəl də haqqında danışdığım kimi ona şöhrət gətirən kəşflər edər, iddialarının arxasına düşüb fövqəltəbii enerji xərcləyərdi. Proses yekunlaşanda isə keylik, tənbəllik dövrü gələr, skripkası və kitablarına diqqət kəsilərdi. Divanla masa arasında eşələnməsini nəzərə almasaq, barmağını oynatmayacaq qədər tənbəlləşərdi. Beləcə, kağız-kuğuz aylarla yığılar, otağının hər küncünə qalaqlanardı. Qəti şəkildə yandırılması, sahibinin icazəsi olmadan harasa aparılmasına dözə bilməzdi.
Bir qış gecəsi buxarının qarşısında oturmuşduq, Holms da əlindən yerə qoymadığı kitabının üzərinə bəzi qeydlər etməklə məşğul idi. İşini bitirəndə cəsarətimi toplayıb, bir-iki saat işlərə ara verib otağımızı daha yaşanılacaq hala gətirməyimizin yaxşı olacağını söylədim. Mənimlə razı olduğunu bildirib kədərli üz ifadəsi ilə qalxdı və yataq otağına getdi. Böyük bir tənəkə qutunu sürüyüb gətirdi. Qutunu otağının ortasına qoydu, altına bir kətil çəkib oturdu və qapağını açdı. Üçdə biri qırmızı sancaqlarla bir-birindən ayrılmış kağızlarla dolu idi. Çoxbilmiş təbəssümlə mənə baxdı:
– Burada çox hadisə var, Vatson. Bu qutuda nələr olduğunu bilsəydin, məncə, çöldəkiləri bunun içinə qoymaq əvəzinə içindəki kağızları çıxarmağımı istəyərdin.
– Bunlar köhnə işlərinə dair sənədlərdir? – dedim, – Köhnə işlərinlə tanış olmağı həmişə istəmişəm.
– Bəli, dostum, bunlar sənin həyatımın dastanını yazmağa başlamağından əvvəlki işlərimdir, – kağız dəstələrini bir-bir diqqətlə qutudan çıxardı, – Hamısı uğurlu olmayıb, Vatson. Bəzilərinin içində kiçik sual işarələri qalıb. Bu, Tarlton cinayətlərinin qovluğu, bu, şərab taciri Vamberri hadisəsi, qoca rus qadının macərası, alüminium qoltuqağacı hadisəsi, yastıpəncə Rikoletti və onun iyrənc arvadı… Və bu… İlahi, bu da olduqca nadir hadisədir.
Əlini qutunun lap dibinə salıb sürüşkən qapaqlı kiçik taxta qutu çıxardı. Uşaqların oyuncaqlarını qoyduqları qutulara bənzəyirdi. Qutudan əzik kağız və bürünc suyuna salınmış qədimi açar, ucuna ip bağlanmış taxta parçası və üç ədəd paslı metal disk çıxardı. Mimikama gülüb:
– Hə, dostum, bunlar haqqında nə fikirləşirsən? – soruşdu.
– Maraqlı kolleksiyadır.
– Çox maraqlıdır, amma bunların hekayəsi, tarixi daha maraqlıdır.
– Bunlarda yaşanmış tarix yatır, yəni?
– Yaşanmış tarix? Dostum, bunlar özü tarixdir.
– Nə demək istəyirsən?
Şerlok Holms parçaları bir-bir götürüb səliqə ilə masanın üzərinə düzdü. Sonra kürsüsünə çöküb bir müddət onları qürurla süzdü:
– Bunları, – dedi, – Masqreyv macəramdan xatirə saxlamışam.
Bu mövzudan əvvəllər də bəhs etmişdi, amma detallarını öyrənmək şansım olmamışdı.
– Bu barədə bir az danışsan, xoşbəxt olaram, – dedim.
Səsini yüksəldib zəhlətökən əda ilə:
– Yəni bu töküntülər beləcə qalsın? – soruşdu, – Bu səliqə-sahman marağın təqdirə layiqdir, Vatson. Amma bu hadisəni qeydlərinə əlavə etsən, məmnun olaram. Çünki elə nöqtələr var ki, nə bu ölkədə, nə də dünyadakı cinayət qovluqlarında bənzəri mövcuddur. Bir çox dəyərsiz qələbəmin qeydə alınıb belə nadir işin alınmaması, şübhəsiz, böyük yarımçıqlıq olar.
Qloriya Skot hadisəsinin və sənə haqqında danışdığım o yazıq adamla söhbətlərimin peşəmi seçməkdə necə təsiri olduğundan bəhs etmişdim. Bu gün adım həm xalqdan, həm də qanun adamlarından ibarət çox geniş çevrələrdə tanınır. Müşkül cinayətlərdə müraciət edilən ən son instansiya hesab olunuram. Səninlə yeni tanış olduğum zamanlarda “Qırmızı istintaq“ adı ilə kitablaşdırdığın hadisə əsnasında olduqca əhəmiyyətli çıxış etsəm də, bu işlərdən hələ gəlirim yoxdu. Xatırlayarsan, əvvəllər belə vəziyyət mənə nə qədər çətin gəlmiş və çıxış yolu tapa bilmək üçün necə də uzun müddət gözləmə vəziyyətində qalmışdım.
Londona ilk gəldiyim vaxt Monteqyu küçəsində, muzeyin arxasındakı evdə qalırdım. Orada boş vaxtım çox olur, irəlidə mənə faydası olacaq müxtəlif elm sahələri üzərində çalışaraq keçirirdim. Ali təhsilimin son illərində universitetdə adımdan və üsullarımdan çox danışıldığı üçün o zamanlar, ümumiyyətlə, araşdırma təklifləri köhnə məktəb yoldaşlarımdan gəlirdi. Bu şəkildə gələn işlərin üçüncüsü Masqreyv hadisəsidir. Hansı ki onun özünəxas hadisələr zənciri və təhlükələr səbəbi ilə bu günlərə gəlməyimdə əhəmiyyətli rolu var.
Recinald Masqreyv ilə eyni kollecdə oxumuşduq, az da olsa, münasibətimiz vardı. Tələbələr arasında çox da məşhur deyildi, ümumiyyətlə, qürurlu şəxs tanınırdı, amma məncə, bu soyuq duruşu qürurdan çox, hədsiz utancaq xarakterindən irəli gəlirdi. Görünüşcə həddindən çox əsilzadə idi. Zəif, dik burunlu, böyük gözlü, ağırtəbiətli, həm də nəzakətli idi. Həqiqətən də, krallıqdakı ən qədim ailələrdən birinə mənsub idi. On altıncı əsrdə Şimallı Masqreyvlərdən ayrılıb Qərbi Susseksə yerləşən hərbçi ailəsinin davamçılarındandı. Harlston malikanəsi, ehtimal ki, bölgənin ən köhnə tikilisi idi. Doğulduğu yerin bəzi xüsusiyyətləri insana yapışıb qalır, mən də iti üz ifadəsini gördükcə o boz cizgiləri, mozaik pəncərələri və feodal qalaların insanda hörmət oyandıran qalıqlarını ağlıma gətirmədən dayana bilmirdim. Bir-iki dəfə danışmışdıq, müşahidə və tədqiqat üsullarıma marağını dilə gətirmişdi.
Dörd il boyunca ondan xəbər almamışdım. Bir səhər Monteqyu prospektində qaldığım yerə gəldi. Çox dəyişməmişdi, yenə dəbi yaxından izləyən modabaz görünüşü üzərində idi və yenə özünəməxsus sakit, nəzakətli xarakteri olduğu kimi qalırdı. Səmimi salamlaşmadan sonra:
– Hə-ə, nə ilə məşğulsan, Masqreyv? – soruşdum.
– Atamın vəfatını