1
MÜQƏDDİMƏ ƏVƏZİNƏ
Mən həmişə 20-ci illər teatrından danışanda bəzi aktyorlar təəccüblə: “Sənin məgər neçə yaşın var?
– deyə soruşurlar. Əlbəttə, onlar haqlıdırlar, çünki mənim xatırladığım şeylər, necə deyərlər yaşıma görə deyildir. Ancaq bu bir həqiqətdir ki, 8-9 yaşlarından mən teatra getməyə başlamış və teatrın ömürlük “xəstəsi” olmuşam. Bunun sirri isə çox sadədir, o zaman mənim yaxın qohumlarımdan biri teatrda texniki işlərdə çalışır, məni də özü ilə teatra aparırdı, mən həm ona kömək edir, həm də
tamaşalara baxırdım. Təxminən 30-cu ilə qədər belə oldu, sonra mən məktəbi bitirib kəndə müəllimliyə
getdim.
İlk dəfə hansı tamaşaya baxdığım yadıma gəlmir. Ancaq bir tamaşa vardır ki, o mənim teatrla tanışlığımın vaxtını dürüstləşdirməyə kömək edə bilər. 1923-cü ildə “Bakı qoçularının toy məclisi” adlı yığma bir tamaşa göstərilirdi. Mən bu tamaşanı görmüşəm. İki hissəsi yaxşı yadımdadır. Bunlardan birincisi Məmməd Əli şahın və Nikolayın taxtdan salınmasından, digəri isə məşhur Bakı qoçuları Teymurbəy və Nəcəfqulunun sovet dövründə büsbütün iflas olub həbsxanada həyət süpürmək və sairə
fiziki işlərlə məşğul olmasından bəhs edirdi. Ancaq, “Bakı qoçularının toy məclisi” mənim teatrda gördüyüm ilk tamaşa deyildi. Bu zaman artıq mən teatra çoxdan alışmışdım, bir çox aktyorları səhnədən tanıyırdım. Demək, mənim teatra getməyə başladığım vaxt bir az da əvvəldir, təxminən 1922-ci ildir.
Bu zamandan da mən Abbas Mirzə Şərifzadəni tanımağa başlamışdım. Doğrudur, ilk dəfə onu hansı tamaşada gördüyüm xatirimə gəlmir. Ancaq o illər Abbas Mirzə, demək olar ki, hər gecə
oynayırdı, hətta onun üçün səciyyəvi olmayan tamaşalarda belə bəzən, çoxlu tamaşaçı toplamaq bəhanəsilə çıxış edirdi. Yadımdadır “Qanlı qələ” tamaşasında əksərən Sidqi Ruhullanın oynadığı Buridən rolunu bir gecə Abbas Mirzə oynadı və özü də, deyəsən, yaxşı oynamadı. Abbas Mirzəni o illər ən çox Aydın, Şeyx Sənan, İblis, Karl Moor, Ağa Məhəmməd şah Qacar, Otello və sairə rollarda görmüşəm. Ancaq onun yaradıcılığında mənim üçün ən şöhrətli dövr, “Hamlet”i oynadığı 1926-cı il idi. Bu zaman artıq teatr aləmində mən özümü xeyli “təcrübəli” hesab edə bilərdim, nəinki tamaşalar, hətta teatrın daxili işləri, planları, məşğələləri ilə tanış idim və öz məktəb yoldaşlarım içərisində ən görkəmli teatr “mütəxəssisi” sayılırdım. Yadımdadır, həmişə başıma toplaşar, teatr haqqında söhbətlərimə maraqla qulaq asardılar. Mən artıq bilirdim ki, teatr “Hamlet”i hazırlayır. Hamleti isə
Abbas Mirzə oynayır, ümumiyyətlə teatr aləmində böyük bir hadisə gözlənilirdi. Bu belə də oldu.
“Şərq üslubunda oynanan “Hamlet” fövqəladə bir müvəffəqiyyət qazandı. Tamaşaçı “Hamlet”ə axına gəlirdi, çox maraqlıdır ki, bu mürəkkəb əsəri hamı asanlıqla başa düşür, onun dərin məzmununu, fəlsəfi mahiyyətini dərk edirdi. Olsun ki, burada “Şərq” üslubunun da müəyyən rolu olmuşdur. Ancaq mənə qalarsa, tamaşanın müvəffəqiyyəti başlıca olaraq Şərifzadənin məharətinə bağlı idi. Məsələ
burasındadır ki, Şərifzadəyə alışmış tamaşaçı artıq bilirdi ki, onun oynadığı hər bir rol məna etibarilə
həmişə çox mürəkkəb, dərin və cazibəlidir; onun qəhrəmanları bir insan olaraq nə qədər sadə olsalar da, heç bir zaman səthi və dayaz adamlar deyildir, onun hətta mənfi qəhrəmanları belə həmişə
ağıllıdırlar, istedadlıdırlar, cəmiyyətdə mühüm bir qüvvəni – ya mənfi, ya müsbət – təmsil edirlər, onların hərəkətləri, rəftarı, sözü, mübarizəsi və idealı böyük ictimai mənaya malikdir: Qəhrəmanların taleyində həmişə ümumbəşəri problemlər, faciəli tarixlər, inqilabi hadisələr öz əksini və ifadəsini tapır; bu və ya digər qəhrəmanın dililə bəzən böyük bir xalq, bütün bəşəriyyət danışır; onun görüşlərində
fəlsəfələrin mübarizəsi, dinlərin münaqişəsi, siniflərin çarpışması öz ifadəsini tapır; Abbas Mirzənin qəhrəmanları ədalətsiz cəmiyyətlə, mürtəce mühitlə, şahlarla, xaqanlarla, din naşirlərilə, hətta “allahın”
özü ilə üz-üzə gəlir, vuruşur, öz mənliyini, öz idealını müdafiə edir və bununla da geniş kütlələrin, demokratik təbəqələrin mənafeyini qoruyur, onların arzu və istəklərinə tərcüman olaraq bütün bir nəslin havadarına və bayraqdarına çevrilir.
“Hamleti” də hamı üçün anlaşıqlı edən məncə bu keyfiyyətlərdir. Abbas Mirzə öz tamaşaçılarını
“Hamletə” hazırlayırdı.
2
“Hamlet” göstərilən illərdə mən çox gənc idim və bu yazdıqlarım əlbəttə, sonrakı idrakın məhsuludur. Ancaq mən qəti deyə bilərəm ki, o zaman biz uşaqlar belə, Abbas Mirzə qəhrəmanının romantik cazibəsi dairəsində idik, bir qəhrəman olmaq, ictimai adam olmaq, xalqın, cəmiyyətin, bəşəriyyətin taleyilə vuruşmaq istəyirdik. Bu halda olsun ki, çoxumuz gülünc görünürdük, qabağımızdan yemədiyimiz üçün qəribə vəziyyətə düşürdük. Lakin bunu da inkar etmək olmaz ki, qəhrəmanlıq, mübarizlik, odlu, alovlu ehtirası əməlpərvərlik yeni həyat quran sovet adamı üçün tanamilə qanuni idi, Abbas Mirzənin də aşıladığı ruh bizim həyat təcrübəmiz, tərbiyəmiz və idealımız üçün səciyyəvi idi və bizə təsirsiz qala bilməzdi. İllər keçdikcə Abbas Mirzəyə məftunluğumuz daha da artır və möhkəmlənirdi, onun tamaşaçı üzərində hökmü, təzyiqi daha da qüvvətlənirdi, “Hamlet” öz humanist fəlsəfəsi, ümumbəşəri mühakimələri, öz kəc taleyilə bizi cəlb edirdisə, Elxan artıq bilavasitə
bizim həyatımıza müdaxilə edir, ictimai ideallarımıza, azadlıq və səadət haqqındakı təsəvvürlərimizə, nəhayət dinə qarşı münasibətlərimizə toxunur, bir çoxlarını açıq döyüşə təhrik edir, qəti bir sual qarşısında qoyurdu: hər kəs deməlidir, Allah vardırmı, o dinə inanırmı, peyğəmbərlərin müqəddəsliyini qəbul edirmi? Bu böyük və əlamətdar bir hadisə deyildirmi ki, aramızda dindarlar hələ
çox olduğu halda mühitdə qaranlıqlar hələ büsbütün çəkilmədiyi bir zamanda sinfi, dini, mövhumi təsəvvürlər hələ xeyli güclü olduğu bir dövrdə Allahı inkar edən, dinlərin heçliyini göstərən, peyğəmbərlərin yalançılığını sübut edən bir qəhrəman ən geniş tamaşaçı kütləsinin dərin məhəbbətini qazanmışdır?! Təsadüfi deyildi ki, “Od gəlini” tamaşasının müəllifləri C. Cabbarlı və rejissor A. A.
Tuqanov çox ehtiyat edirdilər; onlar qorxurdular ki, tamaşaçı, daha doğrusu, dindar camaat, avamlar, mövhumatçılar Elxanı bəyənməsin, ona nifrət eləsin.
Mən məşqlər zamanı “Od gəlini” tamaşasının ayrı-ayrı səhnələrinə baxmışdım, yadımdadır, bir növbəti tamaşanın başlanmasına bir-iki saat qalmış, Tuqanov, Sidqi, Yeva Olenskaya səhnəyə gəldilər və “Od gəlini”ndən bir parça yarım səslə məşq etməyə başladılar. Görünür, onlar nəyi isə yoxlayır, dürüstləşdirmək istəyirdilər. Bu çox mümkün idi, çünki “Od gəlini” üzərində teatr olduqca ciddi işləyirdi, əsəri yığcamlaşdırır, ayrı-ayrı səhnələrini təkrar-təkrar yoxlayırdılar. O da yadımdadır ki, bir gecə Rza Əfqanlı teatrın aşağı sağ foyesində paltarasanın qabağında durub texniki işçilərə “Od gəlini”ndən danışır, Rəbi rolundan razılığını bildirir və hətta bir az qürurlanırdı ki, tamaşada onun rolunun mövqeyi çox əlverişlidir: Rəbi hamıya hökm edir, hətta Abbas da, – diqqət edin: O, Elxan demir, Abbas deyirdi,-onun əlindədir, ona tabedir.
Mən bir az kənarda durub Əfqanlının sözlərinə qulaq asırdım və artıq başa düşürdüm ki, “Od gəlini” nə isə başqa bir aləm olacaqdır. Tamaşanın nə qədər böyük ehtiyatla hazırlandığı bir də ondan məlum oldu ki, baxış tamaşası gecəsi heç kəsi salona buraxmadılar. Mən teatrda işləyən iki qardaşımla birlikdə oğrun-oğrun dördüncü yarusa qalxıb bolkonun lap axırıncı sırasında yerdə gizləndik. Parterdə
ilk cərgədə cəmisi üçmü, ya dördmü adam oturmuşdu, məsul yoldaşlar idi. M. Quliyev də, deyəsən,