Mir Cəlal xatirələrdə. Коллектив авторов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Коллектив авторов
Издательство: Hadaf Neshrleri
Серия: Xatirə ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn: 978-995-255-796-1
Скачать книгу
39-cu kitab

      Mir Cəlalın xatirələri

      BAKI GÖRÜŞLƏRİ

      İyirminci illərin axırları, mülayim payız günləri idi. Rayon şəraitindən yenicə ayrılmış, pedaqoji institutda təhsilimi artırmaq üçün Bakıya gəlmişdim. Şəhər mühiti mənim üçün həm yeni, həm də maraqlı idi. Bakıda tanış olduğum ilk ev – Kiçik Qala küçəsindəki 16 nömrəli ev, balaca həyətin sağındakı dar pilləkənlərdən yuxarıda, ikinci qapıdakı mənzil Ədalətin mənzili olmuşdur.

      Ədalət bizim institutda, yuxarı sinifdə oxuyan yoldaşımız idi. Atasının tələbələrə otaq kirayə verdiyini bizə dedi. Biz də həmin evin qapısını döyməli olduq.

      Ədalətin atası idarələrin hansındasa hesabdar işləyirdi. Ancaq özü əhvallı, məlumatlı, ünsiyyətli adam idi. Biz kirayə elədiyimiz otağın qiymətini danışmaq istəyəndə bənd olmadı:

      – Otaqdı, – dedi, – yaşayarsınız, eləcə hökumətə verdiyimiz kirəni, işığı, suyu ödəsəniz, bəsdir. Sizdən bir şey tələb olunmur. Ədalətin yoldaşlarısınız.

      Biz öz aramızda belə danışdıq ki, üç yoldaş, hərəmiz on-on beş manat versək, ev sahibi razı qalar. Elə də elədik.

      Ədalətin atası hesabdar Mirzə Qasım, doğrudan, əhvallı adam idi. Bizə kirəkeş, qonaq kimi yox, lap doğma övlad kimi baxırdı. Hər gün yoxlayırdı: işıq qaydasındadırmı, su gəlir, soba yanır, otaqlar təmizlənirmi? Cavanların bişmişinə, çayına baxan varmı? Məktəbə necə gedib-gəlirsiniz, nəqliyyatdan korluq çəkmirsiniz? Mirzə Kazım bizi xalqının yeniyetmə cavanları kimi əzizləyir, hər ehtiyacımız ilə maraqlanırdı.

      Söhbət zamanları bir də görürdün ki, Mirzə Kazım tələsik qalxdı, yeyin addımlarla o biri otağa keçdi, iki dəqiqə sonra qayıdıb, sözünə davam etdi. Əvvəl buna təəccüb edirdik, soruşmağa da cəsarət eləmirdik.

      Görünür, bunu hiss etmişdi. Bizim marağımızı görüb sözü açdı:

      – Uşaqlar, – dedi, – mən lap qədimdən atalar sözü ilə məşğul olmağı sevirəm. Hacının (Hacı Zeynalabdinin) idarəsində çalışan zaman hesabdar dəftərimin altında ümumi dəftər saxlardım, istədiyim misalları dərhal qeyd elərdim. Sovet qurulandan sonra həmin misalları nəşriyyata verdim, çap elədilər! İndi o kitab əllərdədir.

      Mirzə Qasım bütün danışıqlara, söhbətlərə diqqət yetirirdi. Özünün söz-söhbətlərində də bu nümunələrdən gətirirdi. Müsahiblər eşitdiklərinə bənzər təzə misal əlavə edəndə kişinin gözü işıqlanırdı. Qızıl tapmış kimi, təşvişə düşür, istədiyi misalı dönə-dönə təkrar edirdi:

      Əzizinəm hər aylar,

      Hər ulduzlar, hər aylar.

      Başım cəllad əlində,

      Dilim səni haraylar!

      Mən bunu deyəndə kişi cəld qalxıb dəftər, qələm gətirdi, yazdı. Yenə təkrar etdi. Sonra valeh kimi dizinə döydü:

      – Sözə baxın, siz Allah! Bir görün məhəbbəti belə od ilə deyən olubmu? Başım cəllad əlində, dilim səni haraylar! Yanan qəlbin alovunu, tonqalını bundan yaxşı necə demək olar?..

      Mirzə Qasım ürəyini tərpədən misalı hər yetirənə, hətta, qoca nənəsinə bir şair eşqi ilə deyərdi. Deyərdi, sonra da izah edərdi:

      – Bunu lap böyük şair, azəri xalqı deyib. Gör necə atəş ilə, necə məlahətlə deyib. Belə nümunələrin hər biri böyük xalqın məhəbbət dastanıdır. Biz nahaq yerə etinasız oluruq, toplayıb nəşr etmirik…

      Mirzə Qasımın şifahi ədəbiyyata marağı bizi də qızışdırmışdı. Sinifdə yeri gələndə suallar verir, ədəbiyyat müəllimlərinin rəyini soruşurduq:

      – Tanıyıram, – deyirdi, – Mirzə Qasım ilə mənim də söhbətim olub. O kişi ədəbiyyat həvəskarıdır.

      Biz Mirzə Qasımın evində yalnız ədəbiyyatdan yox, ümumən şəhər həyatından, Bakının məişəti, adət-ənənələrindən də məlumat alır, öyrənirdik. Əli qələm tutan, yazmaq istəyənlərə redaksiyaların ünvanını öyrədir, istiqamət verirdi.

      Mirzə Qasım ünsiyyətli kişi idi və bu ünsiyyət yalnız ailə-məişət çevrəsində qalmırdı. O, hadisələr, yeniliklər haqqında öz fikrini açıq deyən, müsahiblərini öz hökmlərinə inandırmağı bacaran adam idi. Mirzə Qasımın evinə qonaqlar, qonşular, qohumlar gəlib-gedirdi. Ev sahibi bizi də onlar ilə tanış etməyə çalışırdı.

      – A filankəs, bunlar bizim ali məktəb tələbələridir, tanış olun!

      Biz məmnuniyyətlə bu yeni, hörmətli adamlarla tanış olur, onların söhbətini maraqla dinləyirdik.

      O zaman Bakıda ali məktəblərin sayı az idi. Aspirantura yalnız bir yerdə – Elmlər Akademiyası filialının yanındakı Dövlət Elmi Tədqiqat İnistutunda açılmışdı. Buraya həvəslənən ədəbiyyatçılar içərisində Heydər Hüseynov, mən, Mehdi Hüseyn, Səməd Vurğun var idik. İmtahanlardan çıxandan sonra məni, Mehdini, Heydəri qəbul elədilər. Səməd də bəzi çətinliklərdən sonra ədəbiyyat şöbəsinə daxil oldu.

      Aspiranturanın müdirliyinə Ali Sovetdə sədr vəzifəsində olan Soltan Məcid Əfəndiyev təyin olunmuşdu. Qəbul haqqında əmri alandan, dərs cədvəlini öyrənəndən sonra yaşamaq yeri hayına qalmalı olduq. Aspiranturanın yataqxanası yox idi və buna təminat da verilmirdi.

      Biz Soltan Məcidin yanına gedib yer xahiş edəndə bir qəbz yazıb, kəndli evindən bizə yer istədi. Həmin kağız ilə bizi (məni və Səmədi) ümumi yataqxanaya buraxmalı oldular. Aspiranturada təhsil alarkən mərkəzi təşkilatlar bizi tez-tez çağırır, müxtəlif tapşırıqlar verib işlədirdilər. Bir gün bütün aspirantları təbliğat şöbəsinə yığdılar. Kolxozlarda gəlir bölgüsünü keçirmək üçün göndəriləsi briqadalara qoşdular. Məni Göyçaya, İsmiyev deyilən bir raykom katibinin birqadasına salmışdılar. 40 gün Qaraməryəm rayonunda, Qarabaqqal, Bığır kəndlərində gəlir bölgüsü kampaniyasını keçirməklə məşğul olduq.

      Qışın qarlı-çovğunlu günlərində bizi bu kənddən o biri kəndə qoşur, hesabdarların bütün kağız-kuğuzlarını yoxlayıb, qiymət verirdik. Həmin səfərdən topladığım təəssürat əsasında mən ilk oçerklər kitabının mühüm bir hissəsini (“Sağlam yollarda”) yazıb çapa verdim (1932). Həmin aylarda təzəcə yaz açıldığı, bağ-bağça çiçəkləndiyi bir zamanda sahil bulvarında gəzdiyim bir gündə ortaboy, qarayanız, qıvrım saçlı bir oğlanın mənə yaxınlaşdığını gördüm. Oğlan, görünür, nəsə mənə bir söz deməyə tələsirdi. Yaxınlaşan kimi, əlini mənə uzatdı və ərkyana bir səslə müraciət etdi:

      – Tanış olaq, yoldaş Mir Cəlal!

      Mən əl verdim, soruşmamış adını dedi:

      – Mən Mehdi Hüseynovam. Sizi yaxşı tanıyıram. “Kommunist” qəzetinin redaktoru Əminbəyli yoldaş məndən bir komsomol üzvü, ədəbiyyatçı istəyir. Qəzetdə ədəbiyyat işlərini idarə eləmək lazımdır. Xahiş edirəm, sabah saat 10-da Az.App-a gələsiniz.

      – Haradır ora?

      – İsmailiyyədə, birinci mərtəbədə oluruq. Kimdən soruşsanız, yazıçıların otağını göstərərlər.

      Səhərisi mən İsmailiyyəyə (indiki akademiyaya) getdim. Mehdi ilə görüşdüm. Mehdi mənim yanımda Əminbəyliyə zəng etdi və məni onun yanına göndərdi.

      “Kommunist” qəzeti o zaman indiki mətbuat komitəsinin binasında olurdu.

      Əminbəylini mən Gəncədən tanıyırdım. O, Maarif şöbəsinə, yaxud Maarif Xadimləri İttifaqına rəhbərlik edirdi.

      Burada məsul redaktor olduğunu bilmirdim. Məni görən kimi, salamlaşıb yer göstərdi. Savadımı yoxlamağa başladı. Müəllimlər seminariyasını bitirdiyimi bilib sevindi və bir vərəq verib, işə girmək üçün ərizə yazmağımı tələb etdi.

      Mən yazdım, diqqətlə oxudu, görünür, səhv axtarırdı, axtardı, tapa bilmədi. Kənarına nəsə yazdı, zəngi vurub kimisə çağırdı:

      – Ədəbiyyat şöbəsinə məsul icraçı axtarırsınız, savadlı oğlandır. Götürün, qoyun işləsin!

      Həmin