Üz qabığının dizayneri / Teymur Fərzi
Redaktordan
Əli Kərim… Bu ad neçə illərdir ki, Azərbaycan poeziyasında bir əfsanə kimi dolaşmaqdadır.
O, bu dünyadan nakam köçəndə bir çoxları "əlinə xına qoyub" ki, nəhayət, şeirimiz Əli Kərimin əsarətindən qurtuldu. Amma anlamadılar ki, əslində "əsarət" onun ölümündən sonra başlayırdı.
Vəfatına qədər cəmi dörd kitabı çıxsa da (biri Moskvada "Два влюбленных" – 1958, üçü Bakıda – "İki sevgi" – 1960, "Həmişə səfərdə" – 1963, "Qızıl qanad" – 1965), vəfatından sonra Əli Kərim ən çox çap olunan şair oldu.
Azərbaycan ədəbiyyatında Nizami zirvəsi, Füzuli zirvəsi, Sabir zirvəsi olduğu kimi, bir Əli Kərim zirvəsi də var. Dünyanın qabaqcıl poeziya ənənələrini Azərbaycanın klassik poeziyasıyla birləşdirən şair, yeni bir ədəbi məktəbin əsasını qoymuşdu zatən. Ölümündən 46 il keçsə də, o məktəb yaşayır və hər il sıralarına yeni-yeni adlar əlavə olunur.
Əli Kərim şeiri novator şeir idi. Şeir şəhidi Nəsiminin, eşq müdriki Füzulinin, söz arifi Sabirin misralarından maya tutan bu yeni şeir Mayakovskinin, Lorkanın, Nerudanın, Nazim Hikmətin yaradıcılığından bəhrələnsə də, son dərəcə özgür, son dərəcə yeni idi.
"Zülməti korlar da görür" deyən şair, özünün başa düşülməməsindən tədirgin idi:
Heç kim məni başa düşməz,
Bəlkə də aydınlığımdandır.
Əli Kərim üçün mövzu qıtlığı olmayıb. O ənənəvi mövzularda da şedevr yarada bilib: ("Atamın xatirəsi", "Qaytar ana borcunu") Hətta haçansa xalqımızın döyüşdən keçəcəyini belə görüb sanki: ("Babəkin qolları") Və poeziyamızda ayrıca "məhəbbət şairi" adlanan yazarlara da bir neçə sevgi şeiri ilə əsl dərs keçib Əli Kərim: ("İki sevgi", "Qayıt", "Nə xoşbəxt imişəm bir zaman allah") "Gül və çörək" şeiri isə savaş dövründə sevginin nadir gücündən bəhs edən əvəzsiz poeziya nümunəsidir.
Əziz oxucu! Qarşındakı kitab memuar ədəbiyyatı seriyasından buraxılan və ədəbiyyatımızın həmişəcavan şairi Əli Kərimə həsr olunan bir dostunun xatirələrindən ibarətdir. İnanırıq ki, görkəmli şairimiz haqqında bu kitabı sevə-sevə oxuyacaqsınız.
Qara teleqram
1969-cu il, isti bir iyun günü, şər qarışanda teleqram aldım "Əli vəfat edib". Sarsıdıcı və gözlənilməz bir xəbər. Adətən belə məzmunda teleqram vurulmurdu. Yazardılar ki, "xəstədir", uzaq başı "vəziyyəti ağırlaşıb". Xəbərin bu cür verilməsi hadisə yerinə toxtaq, tamamilə üzülməmiş halda çatmaq üçün bir növ stimul rolu oynayırdı. Ağır xəbər çatdırmağın üsul və yollarını xalq özü psixoloqlara müraciət etmədən uzun illərdən bəri hazırlamışdı. Sonralar öyrənəcəkdim ki, "Yazıçılar evinin" sakinlərindən biri Əlinin ailəsinin xahişi ilə həmin teleqramı tərtib edib vurmuşdu. Bizim evdə ağlaşma qurulmuşdu. Anam, yoldaşım, övladlarım. Bütün yaxın qohumlarım da Əlini çox istəyirdilər və bilirdilər ki, mən getməliyəm. Yoldaşımla elə ilk qatarla Bakıya yola düşdük. Bilirdim ki, sabah ağır gündür, ona görə heç olmasa bircə, cəmi bircə saat yatmaq gərəkdir. Mümkün olmadı. Mənim ruhumu, mənəviyyatımı alt-üst edən birinci növbədə qara xəbərin gözlənilməzliyi idi. Əli iyulda, ya da avqustda Gəncəyə gəlməli idi. Onun üçün xəstəxanada ayrılacaq xüsusi palatada müalicə olunacaqdı. Sonuncu dəfə mən Əlidən ayrılanda əhvali-ruhiyyəsi çox yüksək idi. Çoxlu çay içdik, başqa içkiləri yumorla əvəz etdik. Sevincdənmi, nədənmi elə köklənmişdik ki, bütün dialoqlarımızdan gülüş səpələnirdi, uğunduran gülüş, partlayışlı gülüş, qəhqəhə yusəkliyində gülüş, elə bil divarlar da gülürdü. Əli içkini atmışdı, dediyinə görə, tamam. Bəlkə də bu gülüşlər həmin hadisənin sevincindən doğurdu. Nəticəsi nə? Bu qara teleqrammı? Sonu dəhşətli xəbərlə bitən gülüş!
Bundan sonra mən bir daha gülüş atının yüyənini buraxmayacam, Əlini yada salıb lap ən şirin məqamlarda gülüşü xırp kəsəcəyəm. Gülüşdən daha qorxuram mən…
Sonra xalis müsəlmansayağı təskinlik motivləri aramağa başladım. "Bəlkə Əlinin vəziyyəti hədsiz ağırlaşıb, mənim Bakıya getməyimi zəruri hesab edib bu məzmunda vurublar teleqramı? Yox inanmıram, sadəcə yazsa idilər ki, "Əli xəstələnib", qopub gedəsi idim. Bunu bilirdilər. Yox! Heç bir təskinlik tapa bilməzsən. Açıq, aydın və sərt yazılıb: "Əli ölüb". Öləsi adamların bu cür bolluğunda niyə məhz Əli ölməli idi – ən yeni Azərbaycan poeziyasının sultanı Əli. Bir qədər ayıqlıqla yuxu arasında qaldım, elə bil həyəcanım, xofum, qorxum bir anlığa çəkildi. Gözlərimi açdım və yenə də əsl müsəlmansayağı düşündüm: "Bəlkə yuxu imiş bunların hamısı? Bəlkə heç teleqramda yazılmamışdı ki, "Əli ölüb". Natərəstlikdən teleqramı da evdə qoyub gəlmişdik. Səhər zülmlə açıldı. Qət etdik ki, Əligilə birbaşa getməyək, əvvəlcə dəqiqləşdirək: "Bəlkə yalandır, bəlkə Əli sappa-sağdır, axı ölməməliydi Əli". Məndən bir yaş kiçikdi Əli. Bəstəboy, dolubədənli Əli. Vaxtilə boksyor olan Əli, əvvəllər sap-sağlam olan Əli, gözəl Əli!..
Həyətə göz gəzdirmək Bünyad Sərdarov küçəsindən daha münasib idi, orada get-gəl başlamışdı – bütün yas evlərində olduğu kimi. Səssizcə girdik həyətə. Bizi gördülər, nə vaxtsa səngimiş ağlaşma yenidən başlandı, lakin uzun sürmədi, hələ tez idi… Yoldaşım ağlaşma otağına getdi. Mən kiçik bir otaqda qaldım. Bir qədər keçməmiş yoldaşım gəldi, göz yaşlarını silə-silə "bəlkə gəlib vidalaşasan" – dedi – üzü açıqdır, elə bil yuxudadır". "Yox" – dedim. Mən Əlini sağlığında necə görmüşəmsə o cür də saxlayacam təsəvvürümdə".
O ağır, o məşum gündən 25 il keçib. Olub-keçənlərin hamısını yadda saxlamaq, əlbəttə, çətin, qeyri-mümkündür. Heç bir yazım, qeydim də yoxdur. Bəlkə elə belə məsləhət imiş – yaddaşda nələr qalıbsa elə onlar da vacib imiş, zəruri imiş; lazım olmayanlar isə süzülüb haradasa qalıb, zaman özü lazım olanları ayırıb saxlayıb.
"Yazıçılar evi" nin sakinləri yavaş-yavaş həyətə enirdilər. Hələlik kiçik otaqda məndən başqa üç-dörd nəfər olardı. Bircə aydın yadımda qalan Hüseyn Hüseynzadədir. Bir müddətdən sonra başdan-başa qara geyimli Elza xanım göründü. Əlində qəzet vardı: "Əlinin son şeirləridir, – dedi, – sizə vəsiyyət eləyib". Boğuldum. Qadın gedəndən sonra açdım. Otaqdakıların hamısı yaxına gəldilər. İlk şeir "Vəsiyyət" idi. Oxumağa başladım, bir neçə misradan sonra gözlərim torlandı, sətirlər bir-birinə qarışdı. Oxuya bildiyim bu misralar idi:
Yeri oldu-olmadı
həkim ki,
girdi xəstənin qılığına,
Nəsə pıçıldadı
dostlarından
birinin qulağına —
həkim,
Salam-əleykim!
Bu misraları nəyə görə xatırladım? Sonralar mənə elə gəlirdi ki, Əli belə deyib:
Ölüm,
Salam-əleykim!
Həmin şeir çap olunandan sonra gördüm ki, "ölüm" deyil, "həkim" dir. Yenə bir müddət keçdi. İçimdə həmin misralar "Ölüm, salam-əleykim" kimi səslənməyə başladı. Yenə kitabda əslini oxudum. Kitabdan aralanan kimi indi də "həkim" "ölüm" oxunur. Bunun həkimə, həkim şəxsiyyətinə, həkim peşəsinə qəti dəxli yoxdur, mətləb Əlinin lap ilk gəncliyindən ölümlə əlləşməsidir. Qərəz, davamını oxuya bilməyib verdim Hüseynə, o da oxuya bilmədi. Cavanlar böyük həvəslə şeirləri oxumağa başladılar. Əli dirildi, danışdı. Bu bizə o qədər də təskinlik gətirmədi; çünki şeirlərin hamısında ölüm ovqatı vardı.
Camaatın həyətə yığıldığını görüb biz də otaqdan çıxdıq. Dedilər Rəsul müəllim gəlib və Əlinin harada dəfn olunacağını müəyyənləşdirmək üçün yuxarı təşkilatlardan birinə gedib. Görünür, ortalığa yenə fəxri xiyaban məsələsi