Hər kəsin ki Bakıda “kəndçi balnisəsi”nə işi düşürdü, birbaşa Şəppəlinin yanına gedirdi, doktor Məmmənin kefini-əhvalını soruşub, nəhayət, mətləbini açırdı. Şəppəli isə stolun orta siyirməsində “xüsusi işlər üçün saxladığı “yağlı kağızlardan” birini çıxarır, eynəyini alnından burnunun üstünə endirib, qələmi mürəkkəbə batırıb tələsmədən, səliqə-sahmanla yazmağa başlayırdı: “Əzizim-gözüm Məmmə…” Əgər “kəndçi balnisəsinə” işi düşənlərdən biri səhvən Şəppəlinin öz kefini xəbər alsaydı, bozumtul, seyrək kirpiklər arasında xırdaca gözlərin hirsli baxışı ilə qarşılaşardı. Bu vaxt Şəppəlinin alnında duran eynəyin şüşələri də elə bil qəzəblə parıldayırdı: “Doktor Məmmənin kefi necədi, mənimki də elə!” Di gəl bil görüm necə bilərsən ki, beş yüz kilometrlikdə Məmmənin kefi necədir?!
Baş mühasib Mursaqulu evli-eşikli, arvadlı-uşaqlı adamdı. Düz saat səkkizdə işə gəlir, düz dörddə çıxıb gedirdi.
Şəppəlinin isə, tale belə gətirmişdi ki, nə ev-eşiyi vardı, nə də arvad-uşağı. Ta işıqlar yanana qədər stolunun arxasında “çötkə çaqqıldadır” və yalnız kəmərinin altında bağırsaqlarının tərpənişdiyini hiss edəndə durub aşxanaya gedirdi. Küncün birində oturub “bala-bala araqlayır, pivələyirdi”. Məhz “bala-bala”. Şəppəlinin ifratçılıq elədiyini, küçəyə çıxanda azacıq də olsa səndələdiyini hələ görən yoxdu. Əmma dildə-ağızda bir ifadə gəzirdi: “Şəppəlinin balans stəkanı”. Həmin bu “balans stəkanı”nı o, yalnız həftənin axırında, ya da bazar günlərində aşxana bağlanana yaxın doldururdu. Bu vaxt Şəppəli ayağa qalxanda aşxanada hamı əvvəlcədən bilirdi Şəppəli nə deyəcək: “İçirəm doktor Məmmə Orucoğlunun sağlığına!” Bu, o deməkdi ki, kimin içməyə meyli varsa, buyursun hesabdarın süfrəsinə. Sağlıqlar da həmçinin, əvvəlcədən məlum idi: “Məmmənin canı sağ olsun!” “Məmmənin şəfalı əlləri var olsun!”, “Məmmənin anası Pəricahanın sağlığına!”, “Məmmənin nişanlısı professor qızı Zemfiranın sağlığına!” Ən axırda “Məmmənin dostu Şəppəlinin sağlığına!”
Hamı içər, Şəppəli isə, “balans stəkanı” əlində, yorulmaq, usanmaq bilmədən doktor Məmmədən danışırdı.
Hesabdarın sözü-söhbəti nə qədər yeknəsəq, uzun və hətta bezdirici olsa da, bu söhbətlərdən hamını sevindirən bir nəticə çıxırdı: “Kəndçi balnisəsi” deyilən xəstəxanada cavan, gözəl bir həkim var ki, hamı onunla fəxr edə bilər. Məmmə insanlıq, yaxşılıq timsalı idi. Məmmə ağıl, istedad mücəssəməsi idi. Nəhayət, Məmmə, böyük şəhərlərdən uzaq, dağətəyi qoyunçuluq sovxozunda, balaca bir otaqda oturub “çötkə çıqqıldadan” balaca bir adamın özü üçün yaratdığı dünya idi.
Bir yay səhəri xəbər çıxdı ki, bu dünya uçub-dağılıb: Şəppəlinin məktubu ilə “kəndçi balnisəsinə” getmiş baş mühasib Mursaqulu sovxoza qayıdıb xəbər verdi ki, doktor Məmməni xəstəxanadan qovublar. Nə üstündə? Rüşvət?! Dəhşət!.. Eşidib bilənlər, qəribədir ki, Məmmənin doğmaca anası Pəricahanın yox, Şəppəlinin haqqında düşündülər: “Şəppəli bu dərdə dözməz!”
Bu fikri Şəppəlini hamıdan yaxşı tanıyan iş yoldaşı Mursaqulu da təsdiq etdi; kontorun həyətində, camaatın arasında dedi:
– Şəppəli öləcək.
Mursaqulu qaradinməz adamdı. Camaat içində, iclasda, yığıncaqlarda sözü ondan, necə deyərlər, kəlbətinlə qoparırdılar. Burda isə Mursaqulu könüllü, həm də belə qətiyyətlə fikir söyləyəndə, hamı inandı ki, demək, doğrudan da Şəppəli öləcək.
Tək bir nəfər Mursaqulunun sözünə etiraz etdi:
– Tələsməyin Şəppəlini basdırmağa, – dedi.
Bu, Şəppəli özü idi. Əlində bir vərəq kağız, eynəyi alnında, üç addımlıqda durmuşdu.
– O vaxt ölərəm ki, Məmmə mən deyən Məmmə olmasın.
Yaxınlaşıb əlindəki vərəqi Mursaquluya verdi.
– Qol çək, Bakıya gedirəm. Əgər Məmmə sən dediyin Məmmə olsa, onda əlbəttə, daha Şəppəlinin bu dünyaynan işi yoxdu. Bakıdanca bildirəcəm, qəbrimi qazıb hazırlayarsınız, gəlib girərəm içinə, torpaqlarsınız, qurtarıb gedər.
Mursaqulu kağıza qol çəkib qaytardı. Camaat lal-dinməz dayanıb baxırdı.
Doktor Məmmə ilə Şəppəlinin dostluğunun hardan, necə başlandığını və nəyə görə bu qədər möhkəmləndiyini doğru-dürüst bilən yox idi. Bircə bunu bilirdilər ki, Şəppəli Məmməsiz yaşaya bilməz, buna görə də indi, hesabdarın belə təcili getməyini təbii hesab edirdilər.
Şəppəli eynəyi alnından endirdi, illər uzunu kağız üstündə hər şeyi yerində və vaxtında yoxlamağa adət etdiyindən, Mursaqulunun yazdığı dərkənarı burdaca oxudu: “Sentyabrın maaşı verilsin”.
Maaşı alandan sonra Şəppəli, həmişə onun Bakıya hazırlıqlı getməsinə kömək edən aşxana müdirinin, sonra da Pəricahan arvadın yanına dəydi.
– Mursaqulunun çərənləməsinə inanma. Camaatın içində özünü sındırma, Pəricahan! Əgər Məmmə Mursaqulu deyən Məmmə olsa, onda bil ki, mən bu dünyaya eşşək gəlib, eşşək də gedirəm! – dedi və dərhal yola düşdü.
Onu hələ lap gənclikdə, evlənmə ərəfəsində şəppə vurmuşdu, yəni iflic. Öz dediyi kimi “ağzı gedib qulağının dibində durmuşdu”. O vaxt, yenə də Şəppəlinin öz dediyi kimi, “dünyanın nadan vaxtı idi”, həkim-filan tapılmırdı.
Qardaşlığı Oruc onu qonşu kəndə – bir mollanın yanına apardı.
Kənardan baxanda torpaqdan seçilməyən yastı qazma damların arasında yeganə insan mənzili kimi görünən, balkonunun dirəkləri və pəncərələrinin çərçivələri göy rənglənmiş, divarları və döşəməsi sarı torpaqla suvanmış ev bu gün də Şəppəlinin yadında idi. Çünki o evə o, düz bir ay ayaq döymüş, bu evdə gündə bir kərə “cəhənnəmi gözü ilə görmüşdü”.
Hər səhər qapıda onu kök, bəstəboy, ağzıyaşmaqlı, qaradinməz bir qadın qarşılayırdı. Bu, mollanın bacısı idi. Qarşılayıb Orucla Şəppəlini içəriyə, üstünə təzə, əlvan xalı salınmış taxta dəvət edirdi. Hərəsinin dirsəyinin altına bir mütəkkə qoyub, buğlanan samovar, dümağ yuxa, yağ, bal, qaymaq gətirib, xəstəyə yox, elə bil əziz qonaqlarına qulluq eləyirdi. Oruc bu nemətlərdən həmişə iştaha ilə, ləzzətlə yeyirdi. Şəppəli isə könülsüz. Bilirdi ki, səhər-səhər çay qırağında dəstəmaz almağa gedən molla tezliklə gəlib, qolunu çirməyib onu şapalaqlamağa başlayacaq, “yediyini burnundan gətirəcək”. Eynilə bacısı kimi kök, bəstəboy, topqara saqqal mollanın geniş pəncəli ağır əli, bir də şapalaqları çatıldadıqca qırpılan iri gözlərinin parıltısı bu gün də Şəppəlinin yadında idi.
Molla düz otuz gün hər səhər Şəppəlini şapalaqladı, otuz birinci gün ona bir kasa qızılgül şirəsi tamında “birtəhər su” verdi. Şəppəli bu suyu içib, birdən-birə süstləşdi və yuxuya getdi.
Ayılanda başı üzərində dayanıb gülümsəyən molla ilə əlindəki güzgünü ona sarı uzadan Orucu gördü.
Şəppəli güzgüyə baxdı: ağzı qulağının dibindən qayıdıb öz yerində durmuşdu. Təkcə alt dodağı bir az səyriyirdi. Şəppəli baxıb-baxıb birdən güldü: “Ay molla, imanına qurban olum, otuz gün məni şapalaqlayanacan bircə kərə o sudan içirdəmmirdinmi ki, bu zülmü çəkmiyəydim”.
Oruc şaqqanaq çəkdi, çünki hikmət, doğrudan da, şapa-laqlarda yox, o “suda” idi. Dostu Şəppəlinin müdrikliyinə lap çox güldü. Molla isə onu “naşükür bəndə” adlandırdı. Əmma sonra Şəppəlinin üzündə