Kataloniyanı Xatırlarkən. Джордж Оруэлл. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Джордж Оруэлл
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
ısı Erik Artur Blerin (Corc Oruell) dünya miqyasında bestsellerə çevrilmiş “1984” romanı və “Heyvanıstan” povestini oxuyanlar diqqətlərinə təqdim edilən bu əsərlə tanışlıq zamanı tamamilə fərqli Oruellə rastlaşacaqlar.

      O, artıq sadəcə hüdudsuz fantaziyasının köməyi ilə biri-birindən ağlagəlməz səhnələr rəsm edən yazıçı deyil, həm də hərbi jurnalistdir, filosof və esseistdir, ən yeni dövrün tarixçisidir. O, yüksək publisistika nümunəsinin yaradıcısıdır, sərt həqiqətləri sənətin qadir dili ilə ifadə etməyi bacaran ustaddır. Həqiqətin gözünə dik baxan, onu rəssam dəqiqliyi ilə canlandıran amansız realistdir.

      Qlobal miqyaslı antiutopiyalar müəllifi bu dəfə sizin qarşınıza konkret ölkədə tarixin bəlli bir dövrünün ilk baxışdan hətta darıxdırıcı görünə bilən təsvirçisi kimi çıxacaq. İştirakçılarından olduğu 1936-1937-ci illər ispan vətəndaş müharibəsinin dəhşətlərini yalnız Oruell miqyaslı yazıçıların görə və göstərə biləcəyi tərzdə təqdim edəcək.

      Tamam fərqli Oruellin qələmindən çıxan bu əsər onun sonrakı yaradıcılığı ilə dissonans təşkil edirmi? Əminliklə demək olar: Yox!

      Əslinə baxsan fərdi yaradıcılıq şöhrətinin zirvəsinə -“1984” antiutopiyasına və ondan az məşhur olnayan “Heyvanıstan” povestinə gedən yol müəllifin sənədli roman kimi təqdim etdiyi, tarixi esseistika ilə belletristikanın üzvi şəkildə birləşdiyi “Kataloniyanı xatırlarkən” əsərindən başlanmışdı.

      Corc Oruell özü bu barədə deyirdi: “İspan müharibəsi və 1936-1937-ci illərin digər hadisələri gündəlik yaşamımdakı tarazlığı pozdu. Həmin vaxtdan mən artıq həyatdakı yerimin harada olduğunu bilirdim. 1936-cı ildən başlayaraq yazdığım hər ciddi sətir totalitarizmə qarşı mübarizə ilə birbaşa, yaxud dolayı yolla bağlı idi”. Həmin mübarizənin mənbəyində isə “Kataloniyanı xatırlarkən” sənədli romanı dayanırdı.

      Totalitar təfəkkürün və idarəçilik sisteminin ən sərt, barışmaz opponentlərindən biri kimi tanınan Corc Oruelli ispan kommunistləri ilə ispan frankistləri arasındakı qanlı savaşa qoşulmağa cəlb edən nə idi? Axı kütlə psixologiyasına əsaslanan faşizm də kommunizmin astar üzü idi.

      Amma məsələ buradadır ki, Oruell gənclik illərindən kommunist ideyaları ilə yaxından maraqlanmışdı. Hətta ingilis xüsusi xidmət orqanı- Skotland Yard 1929-cu ildən etibarən onu əsərləri və şəxsi fəaliyyəti ilə kommunizm təbliğ edən yazıçı kimi daim diqqətdə saxlamışdı. Oruell həqiqətən də yer üzündə sosial ədalət cəmiyyəti qurulma-sını arzulayırdı. Hətta bu arzunun gerçəkləşməsi yolunda qaydasız döyüşün aparıldığı ispan müharibəsində həyatını riskə atmaqdan da çəkinməmişdi. SSRİ-yə və sovet rejiminə barışmaz nifrətinin kökündə isə bir zamanlar insanlara nicat yolu kimi görünən kommunist düşüncənin bu ölkədə ifrat şəkildə bayağılaşdırılması, eybəcərləşdirilməsi, kommunist azlığın mütləq çoxluq üzərində əxlaq və mənəviyyat prinsiplərinə uymayan hakimiyyətinin bərqərar olması idi.

      Amma bu görüş bucağı, prinsipial yanaşma tərzi daha aydın şəkildə 1940-cı illərdə meydana çıxacaqdı.

      Sosialist ideyalara rəğbətini heç zaman gizlətməyən Corc Oruell 1936-cı ilin dekabrında Hitler Almaniyasının dəstəklədiyi frankist rejimə qarşı vuruşmaq üçün beynəlmiləl dəstənin tərkibində İspaniyaya gəlmişdi. Bu ölkəyə gəlməkdə başlıca məqsədi, özünün də etiraf etdiyi kimi, təkcə faşizmə nifrətini bildirmək yox, həm də konkret olaraq ən azı bir faşist öldürmək idi. Lakin 6 ay çəkən məşəqqətli müharibə həyatında “öz faşistini” öldürmədən Fransa üzərindən İngiltərəyə qayıtmalı olmuşdu. Konkret faşist öldürə bilməsə də faşizmə, kommunizmə – bir sözlə, hər cür totalitarizmə ağır zərbə vuran və növbəti öldürücü zərbələr üçün baza yaradan diqqətəlayiq əsər qələmə ala bilmişdi.

      Corc Oruell İspaniyaya Müstəqil Əmək Partiyası – leyboristlər xətti ilə gəlmişdi. Və gələn kimi də Kataloniyadakı mürəkkəb siyasi həyatın girdabına düşmüşdü. Tarixdən məlumdur ki, ispan faşizminə qarşı vuruşan respublikaçılar əslində eyni hədəf güdsələr də, vahid bayraq altında birləşə bilməmişdilər. Əsərdə gətirilən çoxsaylı abbreviaturalardan da göründüyü kimi beynəlxalq solçu qüvvələrin dəstəklədiyi trotskiçi qüvvələr (POUM), anarxo-sindikalistlər (CNT) və Sovet İttifaqına bağlı olan ispan kommunistləri (PSUC) əslində eyni amala xidmət etsələr də hər biri ilk növbədə öz məhdud marağını ön plana çəkirdi.

      Corc Oruell POUM sıralarında döyüşmüşdü. Bu da onun hələ 1930-cu illərin sonlarında SSRİ ilə münasibətlərinin korlanmasına gətirib çıxarmışdı. Həmin dövrdə Moskvada nəşr olunan “İnternasionalnaya literatura” (indiki “İnostrannaya literatura”nın sələfi) yazıçını bir növ öz tərəflərinə çəkmək üçün onun “The Road to Vegan Pier” (“Veqan Perə gedən yol”) romanını rus dilinə çevirib çap etmək istəyirdi. Jurnalın redaksiyası bu barədə Oruellə məlumat verəndə o, sözün doğrusunu deməyi hər şeydən üstün tutan namuslu adam kimi, həm də həmkarlarını labüd təhlükədən qorumaq üçün (hadisə 1937-ci ildə vaqe olurdu) İspaniyada, Franko faşizminə qarşı POUM sıralarında vuruşduğunu bildirmişdi. Təkcə bu fakt hələ birmənalı şəkildə SSRİ-yə və sosializm sisteminə parodiya kimi qəbul olunan “Heyvanıstan”ı və “1984” yazmamışdan əvvəl ingilis müəllifinin adının Sovet İttifaqında “qara siyahıya” salınmasına kifayət etmişdi. Beləcə Oruell barışmaz düşməninə çevrildiyi totalitar təfəkkür sistemindən ilk zərbəni yemişdi.

      Realist yazıçı kimi ispan müharibəsi Oruelli ideallarının aliliyi, qəhrəmanlıq patetikası ilə özünə çəkməmişdi. Heç bir qəhrəmanlıq patetikasından da söz gedə bilməzdi. O, bütün fəlakətləri, dəhşətləri, çirkabı, monotonluğu və mənasızlığı ilə adi müharibənin təsvirinə daha böyük üstünlük vermişdi. Müəllif yüksək ideal uğrunda vuruşan standart vətənpərvər hərbçi obrazı yaratmağa çalışmır, aclıqla, soyuqla, bit-birə ilə mübarizə aparan, bəzən taleyin ümidinə buraxılan, həqiqətən də yaralanmaqdan və öldürülməkdən qorxan, düşmən gülləsindən daha çox laqeydliyin, sahibsizliyin qurbanı olan könüllülərin ağır hərb həyatını bəzən naturalizmə varacaq bir dəqiqliklə təsvir edir.

      “Kataloniyanı xatırlarkən” müasir ingilis ədəbiyyatında yaranmış güclü və təsirli pasifist əsərlərdən biridir. Bu mənada heç tərəddüd etmədən onu Erix Mariya Remarkın, Ernst Heminqueyin eyni mövzulu əsərləri ilə bir sıraya qoymaq mümkündür. Həm də maraqlıdır ki, Corc Oruell bir neçə ay iştirakçısı olduğu, ağır yaralandığı və respublikaçıların öz arasında boğuşma başlayandan sonra çox böyük çətinliklə canını qurtardığı bu müharibəni ardıcıl olaraq tənqidi təhlil süzgəcindən keçirir. Və nə qədər qəribə görünsə də müəllifin tənqidi mülahizələri düşməndən daha çox özünün də sıra nəfərlərindən biri olduğu respublikaçılar cəbhəsinə yönəlib. Və bu da təbii idi. Çünki o, düşmən tərəfdə baş verənləri yalnız qəzetlərdən oxuyurdu, beynəlmiləlçi sol qüvvələr arasında yaşanan rəzaləti isə hər gün öz gözləri ilə görürdü.

      Hətta minlərlə sol düşüncəli insanın bilərəkdən özünü sonsuz əzab və məhrumiyyətlərə məhkum etdiyi “ispan müharibəsi” kimi ali məqsədli müharibə də Oruellin nəzərində kimlərinsə günahsız, sadəlövh insanların ölümü və qanı bahasına qazanc götürdüyü dəhşətli biznes idi. Müharibənin qorxunc gerçəklikləri ilə onun siyasət bazarında ayrı-ayrı qüvvələrin fayda güdmək, dividend qazanmaq prinsiplərinə əsaslanan təqdimatı arasında yerlə-göy qədər fərq var. Romanın bir yerində Oruell yazırdı: “Mən hələ uşaqlıqdan bilirdim ki, qəzetlər yalan uydura bilər, amma yalnız İspaniyada gördüm ki, onlar əslində gerçəkliyi tam şəkildə saxtalaşdırmaqla məşğuldurlar. Dəfələrlə elə olmuşdu ki, özüm də heç bir güllə atılmadığı “döyüşlərdə” iştirak etmişəm. Amma sonra qəzetlər bu xəyali “döyüşlər” haqda qəhrəmanlıqla dolu qanlı savaşlar kimi söz açırdı. Eyni zamanda mətbuatın bir kəlmə söz açmadığı həqiqi vuruşlarda da olmuşam. Gəzetlərin qorxaq və satqın kimi qələmə verdiyi qorxubilməz əsgərlər də görmüşəm, onların qəhrəman kimi vəsf etdiyi ağciyər və satqınlar da… Mən Londonda mətbuatın belə ağ yalanlar üzərində necə dünyagörüşü sistemləri yaratdıqlarının şahidi oldum”.

      Bəlkə də siyasətin xidmətində dayanan