Məşhur bəstəkarın babası Mozes Mendelsonun xüsusi gözəlliyi yox idi. Boyu balacaydı, üstəlik qozbel idi. Bir dəfə hamburqlu tacirin evində onun gözəl qızı Frumtyeni görür və ilk baxışdan ona vurulur. Qız isə belə bir eybəcərə baxmaq istəmirdi.
Getməmişdən əvvəl Mozes cəsarətini toplayıb qızın otağına qalxır, onunla sonuncu dəfə danışmaq istəyir. Qız lap mələk kimi idi, amma ona bircə dəfə də baxmamağı Mozesin qəlbini yaralayırdı. O, bir müddət söhbətə başlaya bilmədi, nəhayət soruşdu:
– Nikahların göydə kəsildiyinə inanırsan?
– İnanıram, – qız yerə baxaraq dedi. – Bəs sən?
– Mən də. Bilirsən, hər dəfə dünyaya oğlan gələndə Tanrı onun kiminlə evlənəcəyinə qərar verir. Mən doğulanda da o, gələcək nişanlımı göstərib deyib: “Sənin arvadın qozbel olacaq”. Onda mən qışqırdım: “Tanrım, rəhm elə! Qozbel qadın üçün dünyada yaşamaq çox çətindir! Məni qozbel et, qoy arvadım gözəl olsun!”
Frumtye onun gözlərinə baxdı, qəlbini nə isə bir xatirə titrətdi. O, əlini Mendelsona uzatdı, onun sadiq və sevimli həyat yoldaşı oldu.
BİR-BİR
Bir dəfə bir dostumuz adamsız Meksika sahillərində qürub çağı gəzişirmiş, birdən uzaqda bir nəfəri sezir. Ona yaxınlaşıb görür ki, yerli sakin əyilib, qum üzərində nə isə toplayır və suya atır. Məlum olur ki, meksikalı, dalğanın sahilə gətirdiyi dəniz ulduzlarını toplayır və okeana qaytarır.
Dostumuz maraqdan həmin şəxsə yaxınlaşıb soruşur:
– Salam, dostum. Nə edirsən?
– Baxın, ulduzları suya tullayıram, yoxsa qumda boğularlar. Görürsünüz nə qədərdirlər? Dəniz suyunun çəkilməsinə görədir.
– Görürəm, – dostumuz cavab verir. – Sahil böyükdür, yəqin sayları minlərlədir. Onların hamısını çətin xilas edə biləsiniz. Görün bütün sahildə nə qədərdirlər. Tutaq ki, onlarla ulduzu xilas etdiniz, nə faydası var?
Meksikalı gülümsəyir, qumdan daha bir ulduzu götürüb okeana atır:
– Bax buna görə faydası var.
QARDAŞ BELƏ OLAR
Pol adlı dostuma qardaşı Milad bayramına avtomobil hədiyyə edir. Milad axşamında Pol işdən çıxır və görür ki, bir dilənçi uşaq parıldayan maşına maraqla baxır.
– Cənab, sizin maşınınızdır?
Pol başını tərpədir.
– Qardaşım Milad hədiyyəsi edib.
Oğlanın heyrətdən ağzı açılır.
– Qardaşınız bağışlayıb? Yəni sizə havayı başa gəlib? Belə də olur.., mən də…
Pol düşünür ki, indi bu sözləri eşidəcək: “Mənim də belə qardaşım olsaydı”, amma oğlan deyir:
– Mən də belə bir qardaş ola bilsəydim.
İndi də Polun ağzı heyrətdən açıq qalır.
– Gəzmək istəyirsən? – qəfildən oğlana təklif edir.
– Əlbəttə! – Balaca dilənçinin gözləri parıldayır. – Cənab, evimizin yanından keçə bilərikmi?
Pol qımışır, yeni tanışının fikirlərini oxuduğuna qərar verir: yəqin qonşularının qabağında lovğalanmaq istəyir. Amma yenə də səhv edibmiş.
– Zəhmət olmasa bu artırmanın qabağında saxlayın, – oğlan maşından çıxıb pilləkənlərlə qaçır.
Az keçmiş qucağında əlil qardaşı geri dönür.
– Bobbi, bax, gör nə gözəl maşındır. Bu şəxsə maşını qardaşı Milad hədiyyəsi edib. Nə vaxtsa mən də sənə belə hədiyyə edəcəyəm. Maşınla gedib Milad vitrinlərinə baxarsan.
Pol maşından çıxır, oğlana qardaşını ön oturacaqda oturtmaqda kömək edir və üçlükdə şəhəri gəzib bayram bəzəklərinə tamaşa edirlər.
Həmin Milad axşamı Polun yadında ömürlük qalır, o, indi İsa peyğəmbərin bu sözlərini dərk edir: “Nəyisə qəbul etməkdənsə, vermək daha müqəddəsdir” (Müqəddəs apostolların əməlləri 20:35).
SADƏ JEST
Hər kəs dahi ola bilər… çünki hamı xidmət göstərə bilir. Bunun üçün elmi dərəcəsi olmaq, mübtədanı xəbərlə uzlaşdırmağı bacarmaq vacib deyil. Bunun üçün ancaq rəhmli, səmimi və sevən ürəyə sahib olmaq lazımdır.
Mark məktəbdən evə gedirdi, birdən qarşıda gedən oğlanın büdrəyib yıxıldığını gördü. Oğlanın çantasından bir neçə kitab, iki cemper, beysbol ağacı, əlcək və əl maqnitofonu düşdü. Mark çöməlib oğlana əşyalarını yığmaqda kömək etdi.
Onların yolu eyni idi və Mark onun yükünün bir hissəsini götürdü. Yolda öyrəndi ki, oğlanın adı Billdir, videooyunları, beysbolu, tarixi sevir, – qalan fənləri çətinliklə öyrənir, – həm də elə təzəcə qız rəfiqəsi ilə dalaşıb.
Söhbətləşərək onlar Billin evinə çatdılar, o, Markı Coca-Cola içməyə və televizora baxmağa dəvət etdi.
Bu hadisədən sonra onlar məktəbdə görüşüb hətta bir neçə dəfə birlikdə nahar da etdilər. Yuxarı siniflərdə də hərdənbir münasibət saxladılar. Məktəbi bitirməsinə üç həftə qalmış Bill Markı bir tərəfə çəkib bir neçə il əvvəl ilk görüşlərini xatırlatdı:
– Təəccüblənmədin ki, əlimdə niyə o qədər şey-şüy var? Onların hamısını şkafımdan çıxarmışdım ki, o biri şagirdə təmiz qalsın. Evdə anamın yuxu həblərini gizlətmişdim ki, həmin axşam içim. Səninlə rastlaşıb danışanda, güləndə qərar verdim: yox, lazım deyil, əgər ikilikdə bizə belə yaxşı və şən oluruqsa, niyə gələcəkdə özümü bu zövqdən məhrum edim? Görürsən, Mark, həmin gün sən təkcə mənim dərsliklərimi deyil, həyatımı da xilas etdin.
KÜÇÜK SATIRIQ
Mağaza sahibi qapının üstündə elan asır: “Küçük satırıq”. Uşaqlar belə elanlara lap arı bala yığışan kimi yığılırlar. Heç beş dəqiqə keçməmiş bir oğlan qapıdan girdi.
– Küçükləri neçəyə satırsınız?
– Otuz dolardan əlli dollara qədər.
Oğlan əlini cibinə saldı, bir ovuc sikkə çıxarıb saymağa başladı.
– Mənim cəmi iki dollar otuz yeddi sentim var. Onlara baxmaq olar?
Mağaza sahibi gülümsündü, fit çaldı və dərhal da it damından Ledi adlı yekə it, ardınca da beş yumşaq tüklü küçük çıxdı. Biri geri qaldı – ayağını sürüyürdü.
– Bu niyə axsayır ki? – oğlan soruşdu.
Mağaza sahibi izah etdi ki, bu küçükdə anadangəlmə qüsur var: ömrü boyu axsaq olacaq.
– Bunu almaq istəyirəm! – oğlan qətiyyətlə dilləndi.
– Yox, – kişi dedi, – əgər onu götürməyə qərar verdinsə, onu sənə bağışlayıram.
– Lazım deyil, – oğlan başını yellədi. – Başqalarından nəyi pisdir ki? İndi sizə iki dollar otuz yeddi sent verirəm, hər ay da əlli sent ödəyəcəyəm.
– Pulunu niyə boşuna xərcləyirsən ki? – kişi təəccübləndi. – Axı bu küçük heç vaxt başqa itlər kimi səninlə oynaya, qaça, tullana bilməyəcək.
Oğlan əyildi, şalvarının balağını qatladı və ortopedik karkas qoyulmuş sınıq ayağını göstərdi.
– Görürsünüz, – dedi, – elə mən özüm