ÖN SÖZ
SƏRBƏST DÜŞÜNCƏLİ İNSAN
…Ola bilsin ki, Əhməd bəy Ağaoğlunu çoxunuz tanımırsınız. Halbuki o, dövrümüzün ən parlaq simalarındandır. Sabir kimi, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov kimi. Onlar millətinin nadanlığı ilə heç vaxt barışa bilməyiblər, axı nadanlar həyatda son dərəcə aciz olur, onları kölə halına salmaq rahat olur.
Əhməd bəy bu kitabı 1930-cu ildə Türkiyədə yazıb. Elə bil anlayıb ki, 80 il keçəndən sonra da bu kitab Azərbaycanda əhəmiyyətini itirməyəcək. Axı bir qismimiz, Əhməd bəy demişkən, hələ "iç zəncirləri"mizlə yaşayırıq, nə sərbəst olmaq haqqında düşünürük, nə də köləliyimizi lənətləyirik. O biri qismimiz azad olmağa can atsa da, ya qorxur, ya qətiyyətsizlik göstərir, ya da sadəcə olaraq, sərbəstlik haqqında, "sərbəst ölkə" haqqında məlumata ehtiyac duyur. Bax, əsasən bunlara, köləlikdən yaxa qurtarmaq istəyənlərə, heç kəsdən qorxmaq istəməyənlərə, beli dik yaşamaq istəyənlərə müraciət edir, sözünü deyir Əhməd bəy.
Bir neçə kəlmə Əhməd bəyin həyatı haqqında. Bu həyat yoluna diqqət yetir və qərarı özün ver.
Əhməd bəy Ağaoğlu 1868-ci ildə Şuşa şəhərində anadan olub və 1939-cu ildə İstanbulda dünyasını dəyişib.
Əvvəl Şuşada, liseydə oxuyub. Sonra Tiflisdə, gimnaziyada. Sonra Parisdə, hüquq məktəbində və məşhur Sorbon universitetində. Azərbaycan (o zaman "türk" deyilirdi), rus, fars, ərəb, fransız, ingilis dillərini mükəmməl bilib. Şuşada, Bakıda, Parisdə, İstanbulda, Peterburqda yaşayıb və işləyib. Maltaya sürgün olunub. Şuşada fransız dilindən dərs deyib (ona hətta "Firəng Əhməd" deyərmişlər), İstanbulda – rus dilindən. Nijni-Novqorod və Peterburqda keçirilən Rusiya müsəlmanları qurultayının təşkilatçılarından biri olub. Azərbaycan Demokratik Respublikası dövründə parlamentin üzvü və parlament sədrinin müavini seçilib. Türkiyə Mətbuat İdarəsinin baş müdiri olub. Parlamentin üzvü, millət vəkili seçilib. Ankara və İstanbul universitetlərinin professoru olub.
Parisdə, biliyinə görə, elmi və ədəbi salonlara dəvət alıb (salonlara seçilmiş adamlar dəvət alırdılar), intellektual çəkili söhbətlərə və mübahisələrə qatılıb. Dünya şöhrətli alimlər Ernst Renan və İppolit Tenlə yaxından tanış olub, onların rəğbətini qazanıb. Azərbaycanlı neft sahibkarlarının tapşırığı ilə Peterburqda iki dəfə rus çarı II Nikolayla görüşüb, danışıqlar aparıb və bu danışıqlar uğurla nəticələnib. İstanbulda Mustafa Kamal Paşa Atatürklə tanış olub və uzun illər onun məsləkdaşına çevrilib. Türkiyə və türk dünyasının məşhur xadimləri Ziya Göyalp, Yusif Akçura, Həmdulla Sübhi, Mehmet Emin Yurdaqulla əməkdaşlıq edib. Bakıda öz dövrünün ən tanınmış, ən qüdrətli azərbaycanlıları ilə dostlaşıb: Üzeyir Hacıbəyli, Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Firudin bəy Köçərli və başqaları bu qəbildəndir. Şuşada kitabxana-qiraətxana açıb (o dövrü təsəvvür et: mollaxanaları nəzərdə tutmasaq, nə məktəb var, nə də oxuyanlar. Əksəriyyət nəinki savadsızdır, hətta savadlı olmaq istəmir). Bakıda "Difai" (Müdafiə) partiyasının yaradıcılarından biri olub. "Həyat", "İrşad", "Tərəqqi" və "Proqress" (rus dilində) qəzetlərinin açılmasında iştirak edib (maraqlansan, bu qəzetlərin nüsxələrini kitabxanada tapa bilərsən. Gör o zamanla bizim zamanın, o dövrün qəzetləri ilə indiki qəzetlərin hansı oxşarlığı və hansı fərqi var). "Cəmiyyəti-xeyriyyə", "Nicat", "Nəşri-maarif", "Səadət", "İttihad" cəmiyyətlərinin təşkilinə qoşulub. Türkiyədə Demokratik Cümhuriyyətin yaradılmasında fəaliyyət göstərib. Anadolu agentliyini yaradıb. "Hakimiyyəti-milliyə" qəzetinin yaradıcılarından biri olub. "Sərbəst firqə"nin (partiya) yaradılmasında iştirak edib. Parisdə, Bakıda, İstanbulda minlərlə (!) məqalə çap etdirib (bu miqdarı aydın təsəvvür etsən, heyrətə gələrsən). Onlarca kitab yazıb, bəzisi ölümündən sonra çap olunub.
Yazıları siyasət, iqtisadiyyat, tarix, fəlsəfə, etika, etnoqrafiya və başqa sahələri əhatə edib.
Əhməd bəyin gözəl ailəsi varmış. Yeddi övlad atası olub. Bunlardan ikisi – Vəzir və Bəşir adlı oğulları kiçik yaşlarında dünyalarını dəyişiblər. Qalan beş nəfəri – Sürəyya, Tezer (Təzəxanım), Əbdürrəhman, Səməd və Gültəkin mükəmməl təhsil alaraq Türkiyədə ad qazanıblar.
Bu stenoqrama bənzər siyahı azmı şey deyir? Bu qədər iş görmək üçün nə qədər zəhmətkeş olmalısan, necə iradən olmalıdır. Bu zəhmətkeşliyin, bu iradənin arxasında isə böyük amal, böyük məqsəd və bu məqsədə yetişmək üçün böyük ehtiras olmalı idi. Müdriklərdən biri demişkən, bu dünyada böyük ehtirassız böyük işlər görmək alınmır. Əhməd bəy tükənməz ehtiraslı insanlardan olub. Əhməd bəyin həyatı barədə fikir yürüdərkən o dövrü, o dövrün ab-havasını da təsəvvür etmək vacibdir. Onda anlayarıq ki, niyə öz məqsədləri uğrunda daim vuruşub döyüşməli olub, niyə bilavasitə və ya məcazi mənada "yumruqlara, qapazlara, təpiklərə" dözməli olub. Başa düşməliyik ki, kimə qarşı vuruşub, kimlər onu hədələyib, hansı çətinliklərlə, hansı maneələrlə üzləşib.
Əhməd bəyin sonralar yazdığı kimi, zərbələr ilk məktəb illərində başlayıb. Əhməd bəyi rus gimnaziyasına veriblər (Şuşada o zaman yalnız rus gimnaziyası vardı). Orada vur-tut, dörd azərbaycanlı balası oxuyurmuş. Balaca Əhməd beşinci olub. Bu beş nəfər nələr çəkirmiş: "tənəffüslərdə biz – beş türk çocuğu, cəld tərpənib arxamızı divara dirəməyi qənimət bilərdik. Yüzlərlə çocuq qəflətən üstümüzə hücum edər və biri başımızdan papağı alıb atardı. Qalanları dörd-beş altun qiyməti olan Buxara dərisindən tikilmiş papaqları təpiklə kos kimi ora-bura vurardı. Bəziləri əksərən dəvə yunundan toxunmuş bahalı pencəklərimizin ətəklərindən yapışar, o yan-bu yana çəkib parçalayar, dartıb tikişlərini sökərdi. Müqavimət göstərmək fikrinə düşəndə yumruq, qapaz, təpik altında bizi əzərdilər. Bəzən gizlində, sözü bir yerə qoyub, üzərimizə böhtan atar, üzümüzə durar, bizə haqsız yerə cəza verdirərdilər. Dostlarımızın çoxu dözə bilməyib, məktəbi tərk etdilər. Türklərdən yalnız mən son sinfə qədər tab gətirə bildim".
Həmin məktəb indi oxuduğunuz məktəbdən fərqlənir, deyilmi? O dörd nəfəri də qınamayaq, belə şəraitdə oxumaqmı olar? O biri tərəfdən gənc Əhmədin iradəsinə, dözümünə, hövsələsinə heyran qalmamaq mümkün deyil.
Ədalət naminə onu da deyək ki, Əhməd bəy o gimnaziyada işıqlı və nəcib müəllimlərin olduğunu da xatırlayır: "bu təvazökar, vəzifələrini diqqətlə yerinə yetirən, qəlbi məslək eşqi ilə dolu insanları xatırlarkən, indi də dərin minnətdarlıq və təşəkkür hissi keçirməkdən özümü saxlaya bilmirəm. Onlar məndə və mənim bütün yoldaşlarımda elmə, irfana, haqqa, həqiqətə dərin inam və məhəbbət doğuraraq bizim üçün həyat yolunu işıqlandıran nurlu məşələ çevrildilər".
Məktəb illəri geridə qalandan sonra bu təqiblər sona çatdımı? Özgələrdən Əhməd bəyin yaxası qurtardımı? Əfsuslar olsun ki, özgələr əl çəkmədi. Heç özümüzünkülər də onlardan geri qalmadı.
Bu hadisə 1908-ci ildə Bakıda baş vermişdi. Artıq Əhməd bəy tanınmış ədib və ictimai xadim idi. Düşmənləri də çoxalmışdı. Həm əqidəsinə görə, həm də xasiyyətinin tündlüyünə görə. Bunların nəticəsi kimi, 1908-ci ildə Bakının ictimai yığıncaqlar salonunda (indiki filarmoniya binasında) "dərs vermək" üçün Əhməd bəyi muzdla tutulmuş qoçulara döydürmüşdülər. Özümüzünkü sayılan qoçular məktəb illərindəki özgələrdən də dəhşətli idilər. Axı onlar – o "özgələri" heç olmasa "çocuq" sayılırdılar.
Əhməd bəy o illəri xatırlarkən yazırdı: "Şiddətli təqib edilənlər arasında idim. İş belə bir dərəcəyə çatmışdı ki, artıq daha izzəti-nəfsimin deyil, ailəmin də sakitliyi və salamatlığı təhlükə altına düşmüşdü".
Sual verə bilərsən: "bəs necə olur ki, uşaq vaxtı balaca Əhmədi özgələr döyürdü, tanınandan sonra – özümüzünkülər? Təqiblər həm kənardan gəlirdi, həm içəridən? Bəyəm Əhməd bəy millət uğrunda vuruşmur, millət uğrunda maneələrlə rastlaşmır, millət uğrunda əziyyətlərə