BİRİNCİ HİSSƏ
Atanın üç hədiyyəsi
1625-ci il aprel ayının ilk bazar ertəsi Menq qəsəbəsində aləm bir-birinə qarışmışdı. Uşaqların çığırışdığını, arvadların baş küçəylə qaçdığını görən kişilər tələsik zireh geyinir, kimi balta, kimi muşketlə silahlanıb “Azad dəyirmançı” meyxanasına sarı yüyürürdü.
Çaxnaşmaya səbəb on səkkiz yaşlarında qarayanız, boyu yaşına görə uca bir oğlan idi. Belindən uzun qılınc asılmış oğlanın atı da vardı. Qısaquyruqlu kürən yabının yorğun, qoca görkəmi, qəribə yerişi dərhal hamının diqqətini çəkirdi. Atlının özü də bunu bilirdi, yabını atasından hədiyyə alanda nahaq yerə dərindən köks ötürməmişdi.
Qaskoniya əsilzadəsi ata Dartanyan oğlunu muşketyorların kapitanı, yəni kralın fəxr etdiyi qəhrəmanlar legionunun başçısı cənab de Trevilin yanına göndərəndə ona bir çox məsləhət vermişdi. Demişdi ki, əsilzadə adını şərəflə qorusun, cənab kardinalla kraldan başqa heç kəsin yanında özünü əskik tutmasın, qoçaq olsun, həmişə macəra axtarsın, hər fürsət düşəndə vuruşsun, mərdliklə özünə yol açsın.
O, qarayanız, boyu yaşına görə uca bir oğlan idi. Onun atının yorğun yerişi dərhal hamının diqqətini çəkirdi.
Cavan oğlan atasının verdiyi on beş ekü pul, bir at, bir də cənab de Trevilə yazılan məktubla həmin gün Parisə yola düşmüşdü.
Hər təbəssümü təhqir, hər baxışı vuruşa dəvət sayan Dartanyan Menq qəsəbəsinə çatana qədər azı on dəfə əlini qılıncının qəbzəsinə atdı. Ancaq nə yumruğu bir çənəni əzdi, nə qılıncı qından siyrildi. Kürən yabının görkəminə gülümsəyənlər at belindəki cavan oğlanın qəzəblə parıldayan gözlərinə, bir də uzun qılıncına baxıb öz təbəssümlərini bacardıqca gizlədirdilər.
“Azad dəyirmançı” meyxanasının qarşısında atdan düşəndə aşağı mərtəbənin açıq pəncərəsi önündə onun gözünə zahirən təmkinli görünən qırx-qırx beş yaşlarında ucaboy bir əsilzadə dəydi. O, yanındakı iki adama nəsə deyirdi, bu adamlar da onun danışdığına uğunub gedirdilər. Onlara qulaq asanda Dartanyan başa düşdü ki, söhbət onun atından gedir.
Dartanyan bir əlini belinə qoydu, o biri əlini qılıncının qəbzəsinə uzadıb qəzəblə qışqırdı:
– Ey, cənab! Nəyə gülürsünüz, deyin, bir yerdə gülək!
Naməlum adam meyxanadan bayıra çıxıb Dartanyanın atına yaxınlaşdı. O, təmkinini pozmayıb Dartanyanı istehza ilə süzdü:
– Mən sizinlə danışmıram, cənab.
– Ancaq mən sizinlə danışıram! – Dartanyan qışqırdı. – Bəzi adamlar ata rişxənd etsə də, at yiyəsinə gülməyə cürəti çatmaz!
Naməlum adam gənc oğlanın sözlərinə əhəmiyyət verməyib meyxanaya tərəf yönəldi. Dartanyan onun arxasınca yüyürüb qılıncını siyirdi. Əsilzadə kənara sıçramasaydı, yəqin ki, axırı heç yaxşı olmayacaqdı. O da qılıncını çəkdi, elə bu vaxt meyxana sahibiylə birlikdə onun iki həmsöhbəti əllərində bel, dəyənək Dartanyanın üstünə atıldılar. Dartanyan nə qədər bacarıqla müdafiə olunsa da, nəhayət, taqətdən düşdü və ağac zərbəsi ilə iki parça olmuş qılıncını əlindən saldı. Başqa bir zərbədən alnı çapıldı, sir-sifəti qan içində yerə yıxıldı.
Meyxana sahibi onun başına bir iş gələcəyindən qorxub qulluqçuların köməyi ilə yaralını tələsik mətbəxə apardı.
Sonra naməlum adam meyxana sahibindən öyrəndi ki, cavan oğlan huşunu itirməmişdən qabaq cənab de Trevilin adını çəkib, onun himayəsində olan adamı təhqir etdiklərinə görə peşman olacaqlarını deyib. Həm də cibindən cənab de Trevilə yazılmış məktub tapılıb.
Əsilzadənin qaşları düyünləndi: “Yoxsa bu adam qiyafəsini dəyişmiş əsilzadədir? De Trevil, doğrudanmı, bu qaskoniyalını mənim dalımca göndərib? Bəs görəsən, o məktubda nədən danışılır?!”
Dartanyan artıq özünə gəlmişdi. Pəncərədən baxanda düşməninin bir xanımla söhbət etdiyini gördü. Bu qadına iyirmi yaş vermək olardı. Onun gözəlliyi cavan oğlanı heyrətə saldı. Üzü solğun, yanaqları ağ idi, çiyinlərinə düşən qıvrım hörükləri, iri göy gözləri, çəhrayı dodaqları, qar kimi ağappaq əlləri vardı.
– Deməli, kardinal həzrətləri1 mənə əmr edir ki…
– Dərhal İngiltərəyə qayıtmalı, hersoq2 Londondan çıxarsa, kardinalı xəbərdar etməlisiniz. Tapşırıqlar bu zərfdədir. Mən isə Parisə qayıdıram.
Bu söhbəti eşidən Dartanyan bağırdı:
– Əminəm ki, qadının hüzurunda qaçmağa cürət etməzsiniz.
Əsilzadənin qılınca əl apardığını görən miledi onu tələsdirdi:
– Gedin, gedin, kiçik bir ləngimə hər şeyi məhv edə bilər.
Əsilzadə tez atına mindi. Qadının kareti də hərəkətə gəldi.
– Qorxaq, əclaf, riyakar! – Dartanyan qışqırıb atın dalınca yüyürdü. Ancaq yaralı olduğundan heç onca addım qaçmamış küçənin ortasında yerə yıxıldı.
Ertəsi gün Dartanyan meyxana sahibi ilə hesablaşıb getməyə hazırlaşanda de Trevilə yazılmış məktubun itdiyindən duyuq düşdü. Bildi ki, məktubu dünən dalaşdığı adam oğurlayıb.
O öz kürən yabısını minib macərasız-filansız Parisin Sent-Antuan darvazasına yetişdi. Orada atı dəyər-dəyməzinə satıb pay-piyada şəhərə girdi. Parisi gəzib-dolaşıb cibindəki qəpik-quruşa uyğun bir çardaq kirayələdi. Sonra dəmirçi bazarına gedib qılıncına yeni tiyə düzəltdirdi.
Səhər saat doqquzda Dartanyan yuxudan oyandı və atasının sözlərinə görə, ölkədə üçüncü şəxs olan məşhur cənab de Trevilin yanına getməyə hazırlaşdı.
Cənab de Trevilin dəhlizində
Muşketyorlar kapitanı qaskoniyalı de Trevil öz karyerasına Dartanyan kimi başlamışdı. Yəni pulsuz-parasız əyalətdən gəlib ağlı, zirəkliyi, cəsarəti sayəsində saray pillələrini üç-üç, dörd-dörd qalxmışdı. Onun səliqəsiz geyinən muşketyorları meyxanaları, bazarları, qumarxanaları gəzib bağıra-bağıra mahnı oxuyur, bığlarını bura-bura qılınclarını cingildədir, kardinalın qvardiyaçılarına rast gələndə onlarla vuruşurdular. Muşketyorlar dustaqxanaya düşməkdən qorxmurdular, çünki de Trevil həmişə onların dadına çatırdı.
Cənab de Trevilin “Köhnə göyərçin hini” küçəsindəki evinin həyəti yayda səhər saat altıdan, qışda saat səkkizdən düşərgə kimi olurdu. Əlli-altmış muşketyor həyətdə əmrə müntəzir gəzişirdi. Onlardan başqa, ev xahişə gələnlə, muşketyorluğa yazılmaq istəyənlə dolu olurdu.
Həmin gün də de Trevilin qapısında adam çox idi. Pilləkəndə muşketyorlar qılınclaşıb oyun çıxarırdılar, artırmada qadınlardan, dəhlizdə isə saraydakı yeniliklərdən danışırdılar. Buradakı söhbətlər, bütün Avropanı qorxuya salan siyasətin açıq-saçıq tənqidi Dartanyanı heyrətə gətirdi. Hətta kardinalın şəxsiyyətinə lağ edirdilər, onun əyri ayaqlarını, donqar belini məsxərəyə qoyurdular.
Dartanyan qorxu içində düşündü: “Yəqin, bu cənabları tutub asacaqlar. Söhbətlərini eşitdiyimə görə məni də onlarla əlbir sayacaqlar. Kardinala hörmət bəsləməyi tapşıran atam belə allahsızlar içinə düşdüyümü bilsə, görəsən, nə deyərdi?”
Dartanyan yavərə yaxınlaşıb kapitanın yerlisi olduğunu xüsusi vurğuladı, onunla görüşməyə icazə almasını xahiş etdi. Sonra oradakıların paltarına, görkəminə tamaşa etməyə başladı.
Ən coşqun dəstənin ortasında dayanan məğrur simalı ucaboy bir muşketyor hamının diqqətini özünə çəkirdi. Söhbətdən onun adının Portos olduğunu bildi. Aramis adlanan o biri muşketyor Portosa əsla bənzəmirdi. Onun iyirmi iki-iyirmi üç yaşı olardı.