Gizli laborotoriya. Энид Блайтон. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Энид Блайтон
Издательство: Altun Kitab
Серия: Möhtəşəm beşlik
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244861
Скачать книгу
le>

      Corca məktub gəlir

      Enn, adəti üzrə, otağın bir guşəsinə çəkilib dərslərini hazırlayırdı. Birdən əmisi qızı Corc güllə kimi içəri girdi. Əslində, bu qızın adı Corc yox, Corcina idi, lakin qız olmaqdan xoşu gəlmədiyi üçün həmin adla çağıranda cavab vermirdi.

      Hə, harada qalmışdıq? Corc qaçaraq otağa gəldi. Onun qısa, oğlansayağı vurulmuş saçları üzünə dağılmışdı, parlaq mavi gözlərindən qəzəb yağırdı.

      – Enn, mən elə indicə evimizdən məktub almışam, – Corc həyəcanla dilləndi. – Təsəvvür eləyirsən, atam bizim adaya yollanmaq fikrinə düşüb! Onun nəsə vacib işi var, adada bir neçə ay qalacaq! Hələ, üstəlik, qəsrimizin həyətində qüllə də tikdirmək istəyir…

      Enn gözlərini oxuduğu kitabdan çəkib təəccüblə Corca baxdı və əlini əmisi qızının burnunun ucunda yellədiyi məktuba tərəf uzatdı. O, söhbətin Kirrin körfəzindəki balaca adadan getdiyini dərhal başa düşmüşdü. Corc həmin adanın sahibi idi, daha doğrusu, ada qızın anası Fanni xalaya babalarından miras qalmışdı. Ana da onu qızına bağışlamışdı. Bu kiçik adanın ortasında qədim, yarıuçuq bir qəsr ucalırdı. Qəsrdə heç kim yaşamırdı, onun xaraba divarlarının üstündə dolaşalar, qağayılar məskən salmışdı. Qəsrin altında isə əsl labirinti1 xatırladan yeraltı yollar və otaqlar var idi. Daha doğrusu, bunlar iri qayaların içində oyulmuş mağaralar idi. Keçən yay tətillərinin birində həmin «labirint»də Corcla dostlarının başına qəribə macəralar gəlmişdi.

      Corc atasının ona məxsus adaya gedəcəyini eşidəndə bərk qəzəblənmişdi. Axı bu ada onun idi! Qızın icazəsi olmadan heç kimin nəinki adada yaşamağa, onun sahilinə belə ayaq basmağa ixtiyarı çatmırdı. Ancaq indi belə məlum olurdu ki, atası orada qüllə tikmək fikrinə düşüb.

      Qızın üzü hirsindən qıpqırmızı olmuşdu.

      – Böyüklər həmişə belə eləyirlər! Əvvəl sənə nəsə bağışlayır, sonra isə özlərini elə aparırlar ki, guya bu, hələ də onlara məxsusdur. Atamın mənə məxsus adada yaşamasını istəmirəm!

      – Corc, axı bir fikirləş! Sənin atan alimdir, işləmək üçün ona sakit yer lazımdır, – Enn bunu deyib məktubu qızın əlindən aldı. – Kventin əmi orada bir müddət qalsa, qiyamət qopmayacaq ki!

      – İşləmək üçün özünə başqa yer tapa bilmirdi? Enn, bilirsən, tətildə adaya gedəcəyimiz üçün necə həyəcanlanmışdım?! Qayığa ərzaq doldurub yola düşərdik. Əvvəllər olduğu kimi… Yadından çıxıb məgər? Lakin indi atamın ucbatından planımız baş tutmayacaq!

      Enn məktubu açıb oxumağa başlamışdı. Qız Corcun anasının xəttini dərhal tanıdı. Fanni xala yazırdı:

      «Əzizim Corc! Sənə xəbər verməliyəm ki, atan mühüm elmi təcrübələrini tamamlamaq üçün Kirrin adasına yollanmaq fikrinə düşüb. Deyəsən, orada nəsə tikmək istəyir, qüllə, ya da qala… Bilirsən, ona təklikdə və tam sakit şəraitdə işləmək üçün bir yer lazımdır. Bundan başqa, təcrübə apara bilməsi üçün ətrafda su da olmalıdır. Əzizim, buna görə kədərlənmə, atana da hirslənmə. Bilirəm ki, sən Kirrin adasına heç kimin ayaq basmasını istəmirsən, amma başa düşməlisən ki, biz də atana elmi işlərində əlimizdən gələn köməyi eləməliyik. Atan əmindir ki, sən onun adada yaşamağına sevinclə razılıq verəcəksən, ancaq mən bilirəm ki, sənin bu barədə başqa planların var idi. Ona görə də qərara aldım ki, evə gəlməmiş sənə bu haqda yazım…»

      Enn məktubun davamını oxumadı, artıq məsələ aydın idi. O, başını qaldırıb tənə dolu baxışlarla əmisi qızına baxdı.

      – Corc, sən nahaq yerə belə özündən çıxırsan, əlbəttə ki, atanın bir müddət adada qalmasına razılıq verməlisən! Mən sənin yerində olsaydım, belə də edərdim.

      – Sənin atan, yəqin ki, əvvəlcədən bu barədə sənə xəbər verərdi! – Corc dodaqlarını bir-birinə sıxıb qəzəblə dilləndi. – Mənim atamın isə bu heç ağlına da gəlməyib! O, həmişə istədiyi kimi hərəkət eləyir, başqalarını fikirləşmir. Ən azından bu barədə özü mənə yaza bilərdi. Ona qarşı çox qəzəbliyəm!

      – Bu onu göstərir ki, sən tez özündən çıxırsan.

      – Necə çıxmayım?! Yay tətili planımız puç oldu, – Corc dərindən ah çəkdi. – Axı sən özün də yaxşı bilirsən ki, yayda Kirrin adası lap qiyamətdir. Rəngbərəng çiçəklər, məzəli adadovşanları, mavi dəniz… Sən, mən, Dik, Culian bir vaxtlar adada nə qədər əylənmişdik! Lakin indi bu, mümkün deyil…

      – Hə, bilirəm, – Enn dilləndi. – Atan bütün planlarımızı alt-üst etdi. Mən də tətildə adaya getməyi çox istəyirdim. Bəlkə, biz ora getsək, Kventin əmiyə çox da mane olmarıq, hə? Özümüzü mümkün qədər sakit aparmağa çalışarıq.

      – Bu heç nəyi dəyişmir. Hər halda, biz adada tək olmayacağıq! – Corc dilxor halda dedi. – Belədə adanın heç bir ləzzəti qalmır.

      Yay tətilini Corcun atası, yəni Kventin əmi ilə birgə keçirmək Ennin də ürəyincə deyildi. Əslində, Corcun atası pis adam deyildi, lakin başı öz elmi təcrübələrinə qarışanda heç kimlə dinib-danışmır, həmişə qaşqabaqlı olur, uşaqlar azacıq səs-küy edəndə isə dərhal özündən çıxırdı.

      – Bilirsən, – Enn qəfildən gülümsünüb dedi, – bəlkə, Kirrin adası sənin atana o qədər də sakit yer təsiri bağışlamadı? Axı orda çoxlu quşlar məskən salıb. Onların çığırtısı, yəqin ki, Kventin əmini özündən çıxaracaq.

      Corc inamsızlıqla başını buladı.

      – Yaxşı, Corc, – Enn dedi, – kefini pozma. Yaxşısı budur, Timmini çağır, gəlsin. O, yəqin, sənin əhvalını düzəldər.

      Timoti, ya da qısaca Timmi – Corcun itini belə çağırırdılar. Bu, iri, qəhvəyi tüklü köpək idi, itin üzündə elə bir ifadə var idi, sanki həmişə gülümsəyirdi. Bütün uşaqlar Timmini çox istəyirdilər. Bəs necə! Axı o çox istiqanlı və məzəli heyvan idi! Üstəlik, çox sədaqətli idi, ən ağır vaxtlarında belə uşaqların yanından ayrılmazdı.

      Beləliklə, Corc Timmini gətirməyə getdi. Qızların oxuduğu internat məktəbində şagirdlərə it, pişik saxlamağa icazə verirdilər. Yoxsa Corc qətiyyən bu məktəbdə oxumağa razı olmazdı. Çünki o, sevimli itindən bir gün belə ayrı yaşaya bilmirdi.

      Timmi Corcu görən kimi sevinclə hürməyə başladı. Qızın dərhal qaşqabağı açıldı, itinə baxıb gülümsədi. O bu köpəyi özünə dünyada hamıdan yaxın bilirdi.

      Qız itini yanına salıb məktəbin həyətindən çıxdı. Onlar bir az gəzib-dolaşandan sonra geri qayıtdılar. Corcun əhvalı lap düzəlmişdi. Qız gizlincə Timmini yan qapıdan keçirib məktəbin yataqxanasına apardı. Əslində, Timminin yataqxanaya girməsi qadağan idi, çünki itləri ancaq həyətdə saxlamağa icazə verirdilər, heyvanlar üçün burada ayrıca dam da tikmişdilər. Ancaq Corc hərdən qadağaları pozurdu.

      Qız Timmi ilə birgə cəld addımlarla yuxarı, öz otağına çıxdı. Otağa yenicə ayaq basmışdılar ki, Timmi dərhal çarpayının altına girdi. Yalnız arabir quyruğunu yavaşca döşəməyə vurmasından onun çarpayının altında olduğunu başa düşmək olardı. İt yaxşı bilirdi ki, Corc bu gecə tək qalmaq istəmir, deməli, hamı yuxuya gedəndən sonra çarpayının üstünə çıxıb qızın ayaqlarının üstündə yata bilərdi. Corc itinə sakitcə uzanmağı və səs salmamağı əmr edəndən sonra otaqdan çıxdı. O öz rəfiqələrinə baş çəkmək istəyirdi. Birinci mərtəbədə Enni gördü. Enn qardaşları Culianla Dikə məktub yazırdı.

      – Bilirsən, Corc, – Enn əmisi qızına dedi, – mən onlara hər şeyi yazdım, ada haqqında, Kventin əminin yayı orada keçirmək istəməsi barədə… Bura bax, bəlkə, tətildə bizə gedək, hə?

      – Yox, çox sağ ol, – Corc cavab verdi. – Mən sizə getsəm, bəs atama kim göz-qulaq olacaq? Bircə o qalıb ki, öz təcrübələri ilə adanı partladıb göyə sovursun! Məgər bilmirsən ki, o, təcrübə aparanda necə səs-küy qopur?!

      – Nə danışırsan! – Enn təəccüblə dilləndi. – Yoxsa, Kventin əmi atom bombası, ya da buna bənzər bir şey kəşf eləmək istəyir?

      – Heç


<p>1</p>

Labirint – yol və keçidləri dolaşıq, tapılması çətin olan ünvan