Birhəftəlik tətil
– Xəritə haradadır? – Culian soruşdu. – Hə, budur, Corc, burdadır… Yaxşı, bəs onu harada açacağıq?
– Əlbəttə ki, döşəmənin üstündə, – Enn dedi. – Xəritəni yerdə daha yaxşı görmək olur. Mən masanı kənara çəkəcəyəm.
– Allah xətrinə, ehtiyatlı olun, – Corc (Yəqin, xatırlayırsınız ki, Corcina adlı bu qız onu bu cür – oğlan sayağı çağırmalarını istəyirdi.) dedi. – Atam indi iş otağındadır. İntəhası çıxıb bu qarışıqlığı görsə, bizə elə bir toy tutacaq ki!..
Hamı güldü. Corcun atasının adəti idi, həqiqətən də, kabinetində işlədiyi vaxt azacıq səs-küy eşidən kimi gözlənilmədən peyda olur, «həddini aşan» uşaqları məzəmmət etməyə başlayırdı. Lakin bu «həddin» harada başlayıb bitdiyini onun özündən başqa heç kəs bilmirdi. Bununla belə, uşaqlar masanı kənara itələdilər və qraflığın1 xəritəsini açıb yerə sərdilər. Timmi (onun tam adı Timoti idi) uşaqların döşəmədə uzandığını görüb çox təəccübləndi və bunun yeni bir oyun olduğunu düşündü, dayanmadan hürməyə başladı.
– Sus, Timmi, – Dik dedi. – Onsuz da bu səhər qaldırdığın səs-küyə görə payını almısan. Bəs olmayıb?.. Bir də, xahiş edirəm, quyruğunu üzümə vurma.
– Hav, – Timmi astadan hürdü və xəritənin üzərində yerini rahatladı.
– Get burdan, axmaq köpək, – Dik qışqırdı. – Başa düşmürsən, vaxtımız azdır?! Billikok təpəsinin marşrutuna baxmalıyıq. Sonra da…
– Billikok! Ah, bu təpənin nə gözəl adı var! – Enn maraq içində dilləndi. – Deməli, biz ora gedəcəyik?
– Bəli, – Culian xəritəni diqqətlə gözdən keçirərək cavab verdi. – Yaxınlıqda mağaralar var, onları araşdıracağıq, bir qədər aralıda isə kəpənək ferması yerləşir.
– Kəpənək ferması? – Corc təəccüblə səsləndi. – Məgər elə şey də olur?
– Yəqin ki, olur. Burada qəribə nə var ki? Həmin fermada kəpənəkləri artırırlar. Məktəb yoldaşım Tobidən eşitmişəm. O, fermadan bir az aralıda yaşayır. Deyir ki, ora çox maraqlı yerdir. Cürbəcür kəpənək və pərvanələr yetişdirirlər… Sonra isə bunu kolleksiyaçılara satırlar.
– Nə gözəldir! – Enn dedi. – Əvvəllər mən də tırtıl yığırdım və onların necə dəyişdiklərini müşahidə edirdim… Sürfədən iri, qəşəng kəpənəklər çıxırdı. Əsl möcüzə idi! Ayrıca kəpənək ferması isə, yəqin ki, ikiqat möcüzədir! Ora getməyi çox istərdim. Doğrudanmı biz bu fermanı görə biləcəyik?
– Əlbəttə. Tobi deyir ki, sahibləri öz fermalarını başqalarına göstərməyi çox sevirlər. Xahiş etsək, bizə də mütləq göstərəcəklər. Belə başa düşürəm, Billikok təpəsi həşəratların yaşaması üçün əlverişli yerdir. Yoxsa orada ferma tikməzdilər. Təsəvvür edirəm, onlar bütün günü torla kəpənəklərin dalınca necə qaçırlar, gecələr isə pərvanələri izləyirlər!
– Həqiqətən də, mağaraları da, kəpənək fermasını da görmək maraqlı olar, – Dik razılaşdı. – Tobiyə də baş çəkərik.
– Beşlik yenə də bir araya gəldi! – Corc sevincindən çığırdı və əllərini Timminin belinə yavaşca vurdu. – Çöldə günəş parıldayır! Düz bir həftə tətil edəcəyik! Müqəddəs Üçlük Gününə2 eşq olsun! Nə yaxşı ki, məktəblərdə tətil başlayıb!
Sonra uşaqlar yerdə uzandılar. Onlar xəritəyə diqqətlə baxaraq gələcək marşrutlarını gözdən keçirməyə başladılar. Uşaqlar işlərini görüb qurtarmamış kabinetdən əsəbi səs eşidildi:
– Yenə bu masada kim yır-yığış eləyib? Neçə dəfə demək olar, mənim əşyalarıma əl vurmayın! Burada kağızlar olmalı idi, hanı onlar? Fanni! Fanni, bura gəl!
– Anamı çağırır, – Corc dedi. – Gedim xəbər eləyim… Vay… Lap yadımdan çıxmışdı, axı anam bazarlığa gedib.
– Bu adamlar mənim kağızlarımdan nə istəyirlər axı?! – Kventin əminin səsi bu dəfə daha yaxından eşidildi. – Fanni! Fanni, bir cavab ver!
Kabinetin qapısı zərblə açıldı və cənab Kirrin dodağının altında deyinə-deyinə otaqdan çıxdı. Ev sahibi döşəməyə nəzər salmadığından orada uzanan uşaqları görmədi və ayaqları onlara ilişib yıxıldı.
Timmi sevinclə hürərək cənab Kirrinin üzərinə atıldı. İt elə bilirdi ki, bu da içində olduğu qəribə oyunun bir hissəsidir.
– Ah, ata, – cənab Kirrinin əli Corcun burnuna dəymişdi. – Dayan! Sən nə edirsən?
– Bağışlayın, Kventin əmi, – Culian üzr istədi. – Axı siz özünüz bizim üstümüzə yıxıldınız!.. Səsini kəs, Timmi, oyun vaxtı deyil!
O, əmisinə yerdən qalxmağa kömək elədi, sonra isə dayanıb baş verəcək qorxunc «partlayış»ı gözləməyə başladı.
Cənab Kirrin üst-başını çırpdı və gözlərini Culiana zilləyib:
– Döşəməyə sərələnmək belə vacibdir? – dedi. – Timmi, rədd ol burdan!.. Corc, mənə çox maraqlıdır, sənin anan haradadır?.. Bəsdir uzandın, qalx görüm!.. Yaxşı, bəs Coanna hara yoxa çıxıb? Bir də mənim masamın üstündəkilərə toxunsa, onu evdən qovacağam! Dərhal işdən çıxaracağam!
Aşpaz Coanna kandarda göründü. O, unlu əllərini önlüyünə silib:
– Bu nə səs-küydür? – soruşdu. – Ah, bağışlayın, cənab Kirrin, sizi görmədim.
– Coanna, boynunuza alın, siz yenə mənim masamda səliqə-sahman yaratmısınız? – cənab Kirrin xəbər aldı.
– Yox, nə danışırsınız… Yenə nəyisə itirmisiniz? Narahat olmayın, indi gəlib taparam, – Coannanın səsində heç bir narahatlıq duyulmurdu: o, ev sahibinin xasiyyətinə çoxdan alışmışdı. Qadın uşaqlara müraciətlə dedi: – Siz isə… xəritəni döşəmədən qaldırıb yerinə – masanın üzərinə qoyun… Səsini kəs, Timmi!.. Corc, iti burdan apar, yoxsa atan lap dəli olacaq.
– Timmi hamımızı yenidən bir yerdə gördüyü üçün həyəcanlanıb, – Corc izah etdi. Bununla belə, qız iti səsləyib özü ilə bağçaya çıxardı.
Uşaqlar da onun dalınca getdilər. Xəritəni yerinə qoyan Culian otaqdan axırda çıxdı.
– Gərək həmişə Kventin əmini öz hərəkətlərimizdən xəbərdar edək, – Dik söylədi. – O az qala evi dağıdacaqdı… Yaxşı, sonra neyləyəcəyik, Culian? Səfərə nə vaxt çıxırıq?
– Budur, anam da gəldi, – Corc dedi.
Xanım Kirrin əlində səbət hasarın yanında göründü. Culian doqqazı açmaq üçün həyətə götürüldü. O bu mehriban, gülərüz qadını – Fanni xalanı çox sevirdi.
Fanni xala hamını təbəssümlə nəzərdən keçirdi.
– Yaxşı, hara gedəcəyinizi və özünüzlə nə götürəcəyinizi dəqiqləşdirdiniz? Belə havada çadırlarda da gecələmək olar. Bu Müqəddəs Üçlük Günü necə gözəl hava var!
– Bəli, siz haqlısınız, – Culian belə deyib səbəti Fanni xalanın əlindən aldı. – Biz Billikok təpəsinə qalxmaq istəyirik. Dostumuz Tobi orada yaşayır, o bizi lazım olan hər şeylə təmin edəcək.
– Özümüzlə çadır, döşək kimi əlavə yük götürməli olmayacağıq, – Dik söylədi.
– Lap yaxşı. Bəs yemək məsələsini necə həll edəcəksiniz? Tobi bunda da sizə kömək göstərəcək?
– Əlbəttə, başqa söhbət ola bilməz! – Culian dedi. – Təbii ki, yeməyi onların fermasında yeməyəcəyik. Lakin oradan süd, yumurta, çörək alacağıq… Bizə başqa nə lazımdır ki?! Tobi deyirdi, o tərəflərdə çiyələk də artıq yetişmək üzrədir.
– Şükür, rahatladım. Yemək-içmək qayğısını üzərimdən götürdünüz, – xanım Kirrin gülümsədi. – Bir də ki, Timmi yanınızdadırsa, o hər şeyə nəzarət edəcək, bundan arxayın ola bilərəm.