Çox yaşayıb şöhrətə çatmamaqdansa, az yaşayıb şöhrətə çatmağı üstün tutardım.
I FƏSİL
Makedoniyalı Filip
Miladdan öncə 356-cı ilin sentyabrında Makedoniyanın paytaxtı Pella şəhərindən bir çapar hökmdara təcili xəbər çatdırmaq üçün yola düşdü. Makedoniya ordusu həmin vaxt Potideya şəhərində idi. Çapar tələsirdi, çünki keçmiş səltənət naibi, indi isə özünü hökmdar elan etmiş Amintanın oğlu Filipin astagəllikdən xoşlanmadığını bilirdi. Əgər çapar hökmdarı üzdən tanımasaydı, Filipi öz sərkərdələrinin arasından zorla seçərdi: onların hamısı al-qırmızı rəngdə plaş geyinmiş, başlarına isə enli şlyapa qoymuşdular.
Hökmdarın iyirmi yeddi yaşı yenicə tamam olmuşdu; topa saqqallı, hündürboy adam idi, yeyib-içməyi xoşlayırdı. Çaparın gətirdiyi məktubu oxuyandan sonra Filipin əylənmək üçün yeni bəhanələri oldu: birincisi, çarın ən etibarlı sərkərdələrindən Parmenion indiki Albaniya və Serbiya ərazilərində məskunlaşan birləşmiş İlliriya və Peoniya orduları üzərində həlledici qələbə qazanmışdı. İkincisi, onun atları Olimpiya oyunlarında qalib gəlmişdi. Nəhayət, üçüncüsü: daha çox Olimpiada adı ilə tanınan arvadı Mirtala oğlan uşağı dünyaya gətirmişdi.
Sadalanan üç hadisə niyə Filip üçün belə böyük əhəmiyyət kəsb edirdi? Bu suala cavab verməkdən ötrü Makedoniyanın keçmişinə nəzər salmaq lazımdır.
Makedoniya coğrafi və etnik cəhətdən iki hissəyə – dağlıq və düzənlik əraziyə bölünmüşdü. Cənubi Makedoniya münbit düzənlikdə yerləşirdi. Bu vilayət ilk dövlət mərkəzi olmuşdu. Filip paytaxtı Pellaya köçürməmişdən əvvəl ölkənin paytaxtı mənzərəli qala-şəhər Aigai idi. Meyvə ağacları ilə bol olan bu yeri xalq arasında «Midas bağları» adlandırırdılar.
Şimali Makedoniya – çətin keçilən bu dağlıq ərazi isə bir vaxtlar üç dövlətə bölünmüşdü: Elmiya, Orestida və Linkestida. Əvvəllər bu vilayətlər müstəqil idi və hər birini təkəbbürlü sülalələr idarə eləyirdi. Makedoniyanın qərb qonşuları olan Epir çarları iddia edirdilər ki, onların sülaləsi Axillesin nəvəsindən törəyib. Bu isə yeni doğulan körpənin – İsgəndərin gələcək həyatında mühüm rol oynayacaqdı, çünki anası Olimpiada məhz həmin nəsildən idi.
Makedoniya hökmdarları olan Argeadlar sülaləsi isə öz şəcərəsini Herakldan götürmüşdülər. Herakl Zevsin oğlu sayıldığından, onlar özlərini «Zevsin törəmələri» adlandırırdılar (Filipin kəsdiyi sikkələrə həmişə Zevslə Heraklın təsviri həkk olunurdu). M.ö. V əsrə qədər Şimali Makedoniyada hökmdarlar Argeadlardan çıxırdı.
Argeadların sarayında qətllərin və hakimiyyətin qəsb edilməsilə nəticələnən intriqaların ardı-arası kəsilməzdi, bu səbəbdən də Filipə qədər Makedoniya yunan tarixində əhəmiyyətli yer tuta bilməmişdi.
Yunan şəhərlərində makedoniyalılara açıq-aşkar saymazyanalıq göstərir, onlara düz-əməlli danışmağı belə bacarmayan yarımvəhşilər kimi baxırdılar. Makedoniyanın yunan-İran və ya Afina ilə Sparta arasında baş tutan Peloponnes (M.ö. 431 – 404) müharibəsindəki davranışı da onunla yunanlar arasında dərin uçurum yaratmışdı. Hökmdar I İsgəndər1 perslərlə açıq-aşkar əməkdaşlıq eləyirdi, öz bacısını pers satrapına2 ərə vermişdi. O, Əhəməni hökmdarı Ksereksin adamı kimi, afinalılara qalib gələ bilməyəcəklərini deyib, israrla təslim olmalarını məsləhət görürdü. Peloponnes müharibəsində isə onun oğlu II Perdikka o qədər bir tərəfdən o biri tərəfə keçmişdi ki, alimlərdən biri onun hansı məqamda kimin tərəfində olduğunu müəyyənləşdirmək üçün hətta ayrıca cədvəl tutmalı olmuşdu! II Perdikkanın qeyri-qanuni oğlu Arxelay isə taxt-taca yiyələnmək üçün əmisini, əmisi oğlunu və nəhayət, öz qardaşını qətlə yetirmişdi.
Perdikka ona görə tez-tez mövqeyini dəyişirdi ki, əlində hər iki döyüşən tərəfin ehtiyacı olduğu xammal – gəmi inşa etmək üçün bolluca küknar ağacı var idi. O, Peloponnes müharibəsində öz ölkəsini hərbi əməliyyatlardan kənarda saxlaya bilmiş, bu səbəbdən də Afina və Sparta kimi zəifləməmişdi.
Arxelaya gəlincə, o, gerçək vəziyyəti düzgün qiymətləndirib, Makedoniyanın güclənməsinə əngəl yaradan əsas maneələri müəyyənləşdirə bilmiş və həmin maneələri aşmaq üçün cidd-cəhdlə çalışmağa başlamışdı. Birincisi, ölkənin təhlükəsizliyini qorumaq, ordunu gücləndirərək Cənubi və Şimali Makedoniyanı birləşdirmək lazımdı. İkincisi, yunan dövlətinin Makedoniyanı ciddi qəbul etməsi üçün ellin (qədim yunan) mədəniyyətinin təbliğini genişləndirmək tələb olunurdu. Arxelay qədim dövrün başqa müstəbidləri kimi, özünü maarifçiliyin, ədəbiyyatın, elmin, incəsənətin himayədarı elan etmişdi.
Ancaq onun qətlindən sonra, obrazlı desək, qurduğu bina bir günün içində uçub dağıldı; bunun ardınca isə Makedoniyada düz qırx il hərc-mərclik hökm sürdü. Həmin dövrdə makedoniyalı zadəganların əksəriyyəti ədəbiyyat və musiqidən çox, ova və başqa əyləncələrə üstünlük verməyə başlamışdılar.
Arxelayın oğlu Orestin qəyyumu Dağlıq Makedoniya əyalətlərindən birinin – Linkestidanın hökmdarı Erop idi və bu, tarixi baxımdan kifayət qədər əhəmiyyətli nüansdır. Çünki M.ö. 396-cı ilə qədər onlar hakimiyyəti birlikdə idarə etdilər, ardınca Erop öz mövqeyini gücləndirib, təkbaşına idarəçiliyə başladı. İki il sonra Erop vəfat etdi və taxta oğlu Pavsaniy çıxdı. Ancaq çox keçməmiş o da Argeadlar nəslindən qanuni varis, I İsgəndərin nəvəsi Aminta tərəfindən öldürüldü.
M.ö. 394-cü ildə Amintanın artıq altmışa yaxın yaşı vardı. Hələ otuz il əvvəl öz əmisi Perdikkadan hakimiyyəti almaq istəmiş, ancaq hətta ikinci cəhddə də məqsədinə nail olmaqda çətinlik çəkmişdi. Linkestida zadəganları illiriyalıları3 köməyə çağırıb Amintanı Makedoniyadan qovdular. Di gəl, M.ö. 392-ci ildə o, fessaliyalıların4 köməyilə geri döndü və II Aminta adı ilə M.ö. 370-ci ilə qədər hakimiyyətdə qaldı. Yaşlı olmasına baxmayaraq, Amintanın üç oğlu oldu. Onların ən kiçiyi Böyük İsgəndərin atası Filip idi.
Amintanın vəfatından sonra hökmdar I İsgəndərin böyük oğlu özünün taxta olan qanuni haqqını tələb etdi. Ancaq kürəkəni hiyləgər Ptolemeyin təşkilatçılığı ilə İsgəndəri xalq rəqsi bayramında qətlə yetirdilər. Bunun ardınca o, özünü İsgəndərin qardaşı, taxt-tacın gələcək varisi Perdikkanın qəyyumu elan etdi.
Bir müddət sonra Ptolemey vəziyyətin gərginləşdiyini görüb, o vaxt Yunanıstanda qüdrətli şəhərə çevrilən Fivə nümayəndə heyəti göndərdi. Sadiqliyini nümayiş etdirmək üçün aralarında Amintanın oğlu, on beş yaşlı Filip də olmaqla bir dəstə zadəganı ora girov yolladı. Ptolemey bunun nəticəsini çətin ki, əvvəlcədən görə bilərdi. Axı Filip Fivdə qoşun başçısı, üstəlik, məğlubedilməz Sparta ordusunu Levktrax yaxınlığında darmadağın edən, Böyük İsgəndərdən sonra ən yaxşı yunan sərkərdəsi sayıla biləcək Epaminondun dostu Pammenlə birlikdə olacaqdı. Filipin hərbi karyerasında bu böyük sərkərdə mühüm rol oynayacaqdı. Elə sonralar Böyük İsgəndərin həyatında da Pammen əhəmiyyətli yerlərdən birini tutacaqdı.
Filip Pammenin sayəsində peşəkar hərbi hazırlığın, taktiki nəzəriyyənin, atlı qoşunla piyada qoşunun qarşılıqlı sıx əlaqəsinin vacibliyini başa düşəcək, fivlilərin «müqəddəs dəstəsinin» manevrlərini yaxından izləyəcək, iş o yerə çatacaqdı ki, otuz il sonra oğlu ilə birlikdə onların məşhur hərbi birləşməsini darmadağın edəcəkdi. Bundan əlavə, Filip mühüm bir prinsipi də öyrənəcəkdi: «Ən az qüvvə ilə düşmənə qalib gəlməyin ən yaxşı üsulu – ona ən zəif yerindən yox, ən güclü yerindən zərbə vurmaqdır».
Fivdə olduğu müddətdə Filip müxtəlif hərbi taktikaları mənimsəyir, pifaqorçu müəlliminin mühazirələrinə qulaq asır, bununla yanaşı, vətənində hadisələrin hansı istiqamətdə cərəyan etdiyini də diqqətdə saxlayırdı. Ptolemeyin idarəçiliyinə