KİLSƏNİN XEYİR-DUASI OLMADAN
– Birdən qız oldu?
– Allah rəhmlidir, bu ola bilməz! Mən gecələr o qədər dua etmişəm, şeyx Bədlin mehrabına o qədər nəzir-niyaz göndərmişəm ki, bilirəm: Allah bizə bir oğlan uşağı bəxş edəcək, o da böyüyüb kişi olacaq. Bu haqda fikirləş və sevin. Mən güc yığana kimi anam ona analıq edəcək; Patan məscidinin mollası isə onun ulduz falına baxacaq, – Allah eləsin, balam xoş saatda dünyaya gəlmiş olsun! – bax onda bu sadiq qulun heç vaxt səni bezdirməz!
– Ey başımın tacı, nə vaxtdan mənə qul olmusan?
– Lap elə əvvəldən – başıma səadət quşu qonanadək. Pulla satın alındığımı bilə-bilə sənin məhəbbətinə necə əmin olaydım axı?
– Bu, adi başlıq idi. Sənin anana verdim.
– O da pulu gizlətdi. İndi də bütün günü qırt toyuq kimi üstündən düşmür. Əşi, başlıq söhbətini ortaya atma. Məni uşaq kimi yox, Lakhnau rəqqasəsi kimi almışdın.
– Sən də peşmansan buna?
– Peşman idim; amma bu gün şadam. İndən belə sənin məhəbbətin heç vaxt soyumayacaq, elədir? Cavab ver, mənim hökmdarım.
– Heç vaxt… Heç vaxt!
– Hətta hansısa mem-loq – qanı qanından olan ağdərili qadın səni sevsə də? Yadında saxla, onları mən də görmüşəm – axşamlar gəzməyə çıxanda; çox gözəldirlər.
– Mənsə yalnız hava şarlarını görürdüm, yüzlərcə şar vardı göy üzündə. Sonra da ay çıxdı, şarlar görünməz oldu.
Əmirə əl çalıb ürəkdən güldü.
– Çox gözəl sözlərin var, – dedi. Sonra hökmran bir görkəm alıb əlavə etdi: – Bəsdir. Sənə icazə verirəm gedəsən – əgər könlündən keçirsə.
Qadın yerindən tərpənmədi. O, bəzəyi yalnız yerdəki ağ-mavi müşənbə, iki-üç xalı və üst-üstə qalaqlanmış neçə dəst balışdan ibarət otaqdakı pardaqlanmış alçaq taxtda əyləşmişdi. Kişinin ayağının altında onun gözlərində bir dünya dəyəri olan on altı yaşlı qadın oturmuşdu. Bütün ədəb-ərkan qaydalarına görə, bu belə olmamalı idi, axı kişi ingilis, qadın isə iki il qabaq əri öləndən sonra tək qaldığından Əmirəni babat pul versə, lap şeytanın özünə də satmağa hazır olan anasından satın alınmışdı.
Alğı-satqı müqaviləsini çox düşünmədən imzalamışdılar; amma bu qız hələ yetkinləşməmişdən öz varlığı ilə Con Holdenin həyatının böyük bir hissəsini doldura bilmişdi. Bu qadınla onun cadugər anası üçün kiçik bir ev kirayə etmişdi – oradan şəhəri üzük qaşı kimi dövrəyə almış qırmızı qala divarları görünürdü. Həyətdəki fəvvarənin yanında gülümbahar çiçəkləyəndən, Əmirə rahatlıq barədə düşüncələrinə uyğun yerbəyer olandan və anası mətbəxdəki narahatlıqdan, bazardan çox uzaq olduqlarından və ümumiyyətlə, bütün ev işlərindən deyinməyinə son qoyandan bəri kişi özü üçün kəşf etmişdi ki, bu ev onun üçün artıq doğmalaşıb. Onun subay daxmasına kim istəsə gecə-gündüz baş çəkə bilərdi və orada yaşadığı həyatın elə bir dəyəri yox idi. Şəhərdəki evində isə həyətdən qadınlar yaşayan otaqlara yalnız özü daxil ola bilərdi və iri darvaza onun dalınca taqqıltıyla bağlananda o öz ərazisinin şahına, Əmirə isə şahbanusuna çevrilirdi. İndi isə bu səltənətə üçüncü, daha bir vücud gələcəkdi ki, Holden bundan heç məmnun deyildi. Onun ucbatından kişi özünü tam xoşbəxt hiss edə bilmirdi; evindəki hüzur və düzən pozulurdu… Lakin Əmirə və anası çağa barədə düşünəndə sevinclərindən uçmağa qanad gəzirdilər. Kişinin, xüsusilə də ağdərili kişinin məhəbbəti səbatsız olur, amma sevgini tutub saxlamaq da olar – körpə əlləriylə saxlamaq – bu qadınlar belə fikirləşirdilər.
– Bax onda, – Əmirə elə hey deyirdi, – ərim daha mem-loqlar barədə düşünməyəcək. Mən onların hamısına nifrət edirəm, hamısına!
– Vaxt gələcək, o, xalqının içinə qayıdacaq, – anası belə deyirdi, – amma Allaha şükür ki, o zamana hələ çox var.
Holden taxtın üstündə oturub gələcək haqda düşünürdü və düşüncələri heç də xoşagələn deyildi. Ər-arvad həyatının narahat məqamları çoxdur. Tərslikdən “qayğıkeş” hökumət də onu daimi yerindən iki həftəliyə ayırırdı – xəstə arvadının yatağı yanından çəkilməyən başqa bir məmurun yerinə yollayırdılar. Bu dəyişiklik barədə şifahi xəbərdarlıq belə bir zarafatla müşayiət olunurdu ki, Holden buna sevinməlidir, çünki subaydır – hələ azadlığını itirməyib. O gəlmişdi ki, Əmirəyə bu xəbəri yetirsin.
– Heç yaxşı olmadı, – qadın astaca dilləndi, – amma bir o qədər pis də deyil. Anam burada, yanımdadır və başıma pis heç nə gələsi deyil – əlbəttə, sevincək olub ölməkdən başqa. Ayrılığımız başa çatandan sonranı deyirəm. Bu müddət başa çatanda elə bilirəm… yox, əminəm buna! Bax onda verəcəyəm onu sənin qucağına və sən də məni əbədi sevəcəksən. Qatar bu gecə yola düşür, elə deyil? Di qalx, yolçu yolda gərək. Mənə görə narahat olma. Amma ləngiməzsən, yəqin. Yolda mem-loqlarla söhbətləşmək üçün ayaq saxlamazsan, hə? Tez qayıt yanıma, mənim həyatım!
Doqqazın ağzında bağlanmış atına minmək üçün həyətdən keçərkən ağbaş, qoca qarovulçu ilə danışdı. Tapşırdı ki, ehtiyac yaranarsa, ona teleqram vursun və bunun üçün qabaqcadan doldurduğu teleqram blankını ona verdi. Nə etmək mümkün idisə hamısını eləyəndən sonra özünü öz dəfnində iştirak etmiş adam kimi hiss eləyən Holden gecə qatarına oturub qürbətə yollandı. Gündüzlər elə hey teleqram alacağından narahat qalırdı, gecələr isə daim Əmirənin ölümü gözləri önündə canlanırdı. Bunun nəticəsində xidməti borcunu yüksək səviyyədə yerinə yetirə, iş yoldaşlarıyla normal münasibət yarada bilmədi. İki həftəsini evdən bixəbər vəziyyətdə keçirdi və nigarançılıqdan ürəyi paralanan Holden qayıtdı ki, huşu özündə olmayan adam görkəmiylə müvəqqəti xidməti borcunu necə pis yerinə yetirdiyini, iş yoldaşlarının onun barəsində nə düşündüyünü söyləyən səslərə qulaq asmaq üçün qiymətli vaxtından düz iki saatını klubdakı nahara sərf etsin. Sonra isə bütün gecəni qəlbində nigarançılıq at çapdı. Qapını bir-iki dəfə döydü, amma cavab gəlmədi deyə az qalmışdı atın başını çevirib özünü darvazaya çırpsın ki, Pirxan peyda olub üzəngisini tutdu.
– Bir hadisə olub? – Holden soruşdu.
– Ey yoxsulların hamisi, təzə xəbər mənim dilimdən səslənməməlidir, amma… – Şad xəbər gətirmiş adamlar kimi əlini muştuluq almaq üçün irəli uzatdı, Holden tələsik həyətdən ötdü. Yuxarı otaqda çıraq yanırdı. Atı darvazanın ağzında kişnədi və o, tükürpərdici, şikayət dolu bir çığırtı eşitdi, boğazında qəhər yumruğa döndü. Bu, təzə səs idi, amma Əmirənin sağ olduğuna dəlalət etmirdi.
– Kim var orada? – dar kərpic pilləkənin ayağından çığırdı.
Əmirənin heyranlıq dolu nidası, sonra da anasının qocalıqdan və qürurdan titrəyən səsi eşidildi:
– Bizik – iki qadın və bir kişi, sənin oğlun.
Kandarın ağzında Holden bədbəxtliyi qovmaq üçün qınından çıxarılıb yerə qoyulmuş xəncəri tapdaladı. Xəncərin qəbzəsi hövsələsiz dabanın altında sındı.
– Allah böyükdür! – Əmirə alaqaranlıqda dilləndi. – Sən onun bədbəxtliyini öz gərdəninə çəkdin.
– De görüm, necəsən, həyatımın həyatı necədir? Ay qarı, necədir bu?
– Uşaq doğulanda sevincindən ağrısını unutdu. Pis bir şey yoxdur; amma bir az yavaş danış, – ana dilləndi.
– Özümü tam yaxşı hiss etməyim üçün bircə sənin yerin boş idi, – Əmirə dedi. – Ey mənim şahım, gör nə vaxtdan burada deyilsən. De görüm, mənə nə hədiyyələr gətirmisən? A-a! Bu dəfə hədiyyə məndəndir. Bura bax, canım-gözüm, bax! Heç yer üzündə belə uşaq olub? Onu qucağıma almağa belə heyim yoxdur.
– Sakit uzan, danışma. Mən buradayam, zavallım.
– Yaxşı deyirlər ki, indi bizim aramızda heç kəsin qıra