MƏMURUN ÖLÜMÜ
Bir gün axşam ekzekutor1 İvan Dmitriç Çervyakov ikinci sıradakı kresloda oturub durbin ilə “Kornevil zəngləri”2 operasına baxır və özünü son dərəcə xoşbəxt hiss edirdi. Lakin birdən…
Hekayələrdə “lakin birdən” ifadəsinə tez-tez təsadüf olunur. Müəllifləri qınamaq olmaz: həyat gözlənilmədən baş verən hadisələrlə doludur!
Bəli, birdən onun üz-gözü qırışdı, gözləri qıyıldı, nəfəsi bir anlıq kəsildi… O, durbini gözündən uzaqlaşdırıb əyildi və… asqırdı. Asqırmaq heç kimə heç yerdə qüsur tutulmur. Kəndlilər də, polis rəisləri də, hətta məxfi müşavirlər də asqırırlar. Hamı asqırır. Çervyakov heç pərt olmadı, cib dəsmalı ilə ağız-burnunu sildi və asqırması ilə bir kimsəni narahat edib-etmədiyini bilmək üçün nəzakətli bir adam kimi ətrafına baxdı. Lakin bu zaman ona utanc gətirən bir səhnənin şahidi oldu; qabaqda, birinci sırada oturan bir qoca öz əlcəyi ilə daz başını və boynunu bərk-bərk silir və yavaşcadan deyinirdi. Çervyakov qocanı tanıdı; o, yollar idarəsində işləyən statski general Brizjalov idi.
Çervyakov düşündü: “Asqıranda tüpürcəyim üstünə sıçrayıb! Mənim rəisim olmasa da, hər halda, yaxşı olmadı. Üzr istəmək lazımdır”.
Çervyakov öskürdü və özünü qabağa verib generalın qulağına pıçıldadı:
– Bağışlayın, zati-aliləri, asqıranda üstünüzə sıçrayıb… qəfildən oldu…
– Eybi yoxdur, eybi yoxdur…
– Allah eşqinə bağışlayın. Mən bunu… bilə-bilə eləmədim!
– Eh, oturun yerinizdə, xahiş edirəm! Qoyun qulaq asaq!
Çervyakov pərt olub mənasız bir halda gülümsədi və səhnəyə tamaşa etməyə başladı. O, tamaşa edirdi, ancaq əvvəlki həzzi duymurdu. Çox narahat idi. Tənəffüsdə Brizjalova yaxınlaşdı və onunla yanaşı gedə-gedə astadan dedi:
– Zati-aliləri, mən asqıranda sizin üstünüzə sıçradı… Bağışlayın… Axı mən…
General:
– Ah, bəsdir də… Mən bunu unutmuşam, sizsə yenə də bu barədə danışırsınız, – dedi. Bunu söyləyərkən o, alt dodağını əsəbi halda tərpətdi.
Çervyakov şübhəli-şübhəli generala baxaraq düşünürdü: “Unudubdur, ancaq üzündən zəhrimar yağır, heç danışmaq da istəmir. Onu başa salmalıyam ki, mən bunu bilə-bilə eləməmişəm, bu, təbiətin qanunudur, yoxsa elə güman edər ki, mən onun üstünə tüpürmək istəmişəm. İndi belə düşünməsə də, sonra bu cür düşünə bilər!”
Çervyakov evə gəldikdən sonra öz nəzakətsizliyini arvadına danışdı.
Onun fikrincə, arvadı bu hadisəyə çox ağılsızcasına yanaşdı; o, əvvəl qorxdu, lakin Brizjalovun “başqa” rəis olduğunu bildikdən sonra sakitləşərək dedi:
– Hər halda sən get, üzr istə. Yoxsa elə güman edər ki, sən ictimaiyyət arasında özünü apara bilmirsən!
– Elə də eləmişəm! Üzr istədim, ancaq o, qəribə adamdır… Heç əməlli-başlı bir söz demədi. Danışmağa da vaxt yox idi.
Ertəsi gün Çervyakov təzə vismundirini geydi, üzünü qırxdırdı və izahat vermək üçün Btizjalovun yanına getdi… Generalın qəbul otağına girəndə orada öz işindən ötrü gələn çoxlu adam gördü. General gələnləri yenicə qəbul etməyə başlamışdı. Bir neçə nəfərdən nə üçün gəldiyini soruşduqdan sonra Çervyakova da baxdı.
– Zati-aliləri, dünən, əgər yadınızdadırsa, “Arkadi”də, – deyə ekzekutor izahat verməyə başladı, – mən asqırdım və… sizin üstünüzə sıçradı… Bağış…
– Xataya düşmədik?! Heç dəxli var?! – General o biri adama müraciət etdi. – Sizə nə lazımdır?
Çervyakov rəngi ağarmış halda fikirləşdi: “Heç danışmaq istəmir! Deməli, acığı tutub… Yox, bu məsələni belə qoymaq olmaz… Mən ona izah etməliyəm…”
General axırıncı adamla söhbəti qurtardıqdan sonra içəriyə girmək istəyirdi ki, Çervyakov onun ardınca gedərək mızıldandı:
– Zati-aliləri! Cənabınızın rahatlığını pozmağa cəsarət edirəmsə, bunu məhz peşmançılığımı bildirmək üzündən edirəm!… Özünüz bilirsiniz ki, mən bunu bilə-bilə etməmişəm!
General ağlamsınmış kimi üz-gözünü qırışdıraraq əlini yellədi:
– Cənab, siz məni ələ salırsınız?! – deyərək içəri girdi.
Çervyakov ürəyində düşündü: “Ələ salmaq nədir? Burada heç bir ələ salmaq-filan yoxdur! Özü generaldır, ancaq başa düşmür! İş ki belə oldu, mən daha bu yalançı pəhləvandan üzr istəməyəcəyəm! Qoy cəhənnəm olsun! Ona məktub yazacağam, amma yanına getməyəcəyəm! Vallah getməyəcəyəm!”
Çervyakov evə gedərkən belə düşünürdü. Amma o, generala məktub yazmadı. Uzun-uzadı fikirləşsə də, məktubu necə yazmaq haqqında heç bir qərara gələ bilmədi. Ertəsi gün yenə də özü getməli oldu.
General başını qaldırıb sualedici bir nəzərlə ona baxarkən Çervyakov belə dedi:
– Zati-aliləri, mən dünən sizi narahat edərkən heç də, siz buyurduğunuz kimi, sizi ələ salmaq fikrində deyildim. Mən asqırarkən sizin üstünüzü buladığım üçün üzr istəməyə gəlmişdim, sizi ələ salmaq mənim heç ağlıma da gəlməzdi. Mən sizi ələ salmağa heç cəsarət edərəmmi? Biz başqalarını ələ salırıqsa, belə çıxır ki, böyüklərə heç hörmətimiz yoxdur…
General qəzəbindən göyərərək titrəyirdi. O, birdən:
– Rədd ol buradan! – deyə çığırdı.
Dəhşətdən yerində donub qalmış Çervyakov pıçıltı ilə soruşdu:
– Nə?
General ayağını yerə vuraraq təkrar etdi:
– Rədd ol buradan!
Çervyakovun, elə bil, ürəyi qopdu. O, heç bir şey görmədi. Heç bir şey eşitmədi, yavaş-yavaş qapıya tərəf getdi və küçəyə çıxıb səndələyə-səndələyə yeridi… Evə necə gəldiyini özü də hiss etmədi. Vismundirini çıxarmadan divanda uzandı və… öldü.
ZARAFAT
Aydın bir qış günortası… İliyə işləyən sərt şaxtadan qoluma girmiş Nadenkanın gicgahlarındakı qıvrım tellər və üst dodağı üzərindəki zərif tüklər gümüşü qırovla örtülür. Biz uca bir dağın başında dayanmışıq. Durduğumuz yerdən dağın ətəyinə qədər günəşi güzgü kimi əks etdirən hamar eniş uzanır. Qıpqırmızı kətan örtüklü balaca xizək də yanımızdadır. Mən:
– Gəlin, Nadejda Petrovna! – deyə yalvarıram. – Tək bircə dəfə! İnandırıram ki, başımızdan bir tük də əskik olmayacaq.
Nadenka isə qorxur. Kiçik qaloşlarından başlayıb buz dağının ətəyinə qədər uzanan yol ona dəhşətli, ağlasığmaz dərəcədə dərin bir uçurum kimi görünür. Aşağı baxanda, mən onu sürüşməyə çağıranda az qalır ki, Nadenkanın ürəyi düşsün, nəfəsi kəsilsin. Görəsən, uçuruma atılsa, nə olar? Yəqin ki, ya ölər, ya da dəli olar.
– Yalvarıram. Çəkinmək lazım deyil. Başa düşün ki, bu, qorxaqlıqdır, ağciyərlikdir.
Nadenka, nəhayət, yola gəlir, mən onun üz-gözündən görürəm ki, bu razılığın özündə ölüm qorxusu var. Rəngi qaçmış, tir-tir əsən qızı xizəyə oturdub qucaqlayıram və biz birlikdə uçuruma atılırıq.
Xizək güllə kimi uçur. Külək adamın üzünə çırpılır, vıyıldayır, hikkəsindən sanki bizi bərk çimdikləyir, elə bil, başımızı bədənimizdən qoparmaq istəyir. Külək elə möhkəm əsir ki, nəfəs almaq olmur. Sanki, iblis bizi caynağına alıb nəriltiylə cəhənnəmə sürükləyir. Yan-yörəmizdəki əşyalar uzun, sürətlə qaçan bir zolağa bənzəyir… Bax elə bircə an da keçəcək və