Hacı Murad. Лев Толстой. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Лев Толстой
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241921 
Скачать книгу
r adlanan ayıpəncəsi

      Mən kövşənlərin arası ilə evə qayıdırdım. Yayın tən ortası idi. Ot çalınıb qurtarmışdı. Bugün-sabah çovdar biçini başlanacaqdı.

      İlin bu fəslinin gözəl çiçəkləri olur. Bu əlvan çiçəklərdən böyük dəstə bağladım. Sonra evə sarı üz qoydum.

      Bu vaxt yolun qırağında gözəl moruğu çiçəyi olan ayıpəncəsi gördüm. Bizdə qanqalın bu növünə “tatar” deyirlər. Ot biçini zamanı kəndlilər ona toxunmamağa çalışırlar. Kəsəndə də dəryazın burnunda götürüb qırağa atırlar ki, əl-ayağa batmasın. Ayıpəncəsini dərib topladığım çiçəklərin ortasına qoymaq istədim. Çökəyə enib əlimi ehtiyatla onun saplağına apardım. Sizə asan gəlməsin, ayıpəncəsinin tikanlı saplağı çox möhkəm olur. Mən onu çox çətinliklə üzəndə saplaq didik-didik olmuşdu. Çiçək də əvvəlki kimi təravətli, gözəl görünmürdü. Bundan peşman olub çiçəyi yerə atdım. Sonra öz-özümə fikirləşdim: “Bundakı yaşamaq həvəsinə bax! Necə də inadla qorunurdu. Canını necə baha satdı!”

      Mən şumlanmış tarlanın ortası ilə uzanan yolla gedirdim. Tarla çox böyük idi. Hara baxırdın, qaratorpaq görünürdü. Nə bir ot, nə bir göyərti vardı. Mən fikirləşdim: “İnsan özünü yaşatmaq üçün nə qədər canlını, nə qədər bitkini məhv eləyib!” İstər-istəməz ölü tarlada həyatdan bir nişanə axtardım. Yolun sağında gözümə bir kol dəydi. Yaxınlaşanda bunun da “tatar” olduğunu gördüm.

      Ayıpəncəsinin üç zoğu vardı. Biri ortadan qoparıldığından qalan hissəsi kəsik biləyi xatırladırdı. O biri iki zoğun hərəsinin üstündə bircə çiçək vardı. Əvvəl qırmızı olan çiçəklər indi qaralmışdı. Zoğun biri sındığından yarısı ucundakı çirkli çiçəklə birgə sallana qalmışdı. O biri isə qaratorpağa batıb bulaşsa da, qamətini şax saxlaya bilmişdi. Görünür, kolun üstündən təkər keçmişdi. Təkərin altından çıxandan sonra dirçəlmişdisə də, bir az yana əyilmişdi. Ancaq hər halda, yerə sərili deyildi. Elə bil onu şil-küt eləmişdilər. Sanki gövdəsinin bir parasını qopardıb içalatını çölə tökmüşdülər. Qollarını vurub gözlərini çıxarmışdılar. Amma o hələ də sağ idi, onun kimi milyon-milyon bitkinin axırına çıxmış insana can verməmişdi.

      “Gücə bax, – düşündüm. – İnsan hər şeyə qalib gəldi, saysız-hesabsız otu-canlını yer üzündən sildi. Bu isə hələ də təslim olmayıb”.

      Birdən ötən zamanlarda Qafqazda baş vermiş bir əhvalat yadıma düşdü. Əhvalatın bir hissəsini gözümlə görmüşəm. Bir hissəsini başqalarından eşitmişəm. Bir hissəsini isə təsəvvür eləmişəm. Həmin əhvalat igid Hacı Murad haqqındadır.

      Hacı Muradın kimliyi

      Rusiya imperiyası Qafqaza ayaq açandan buranın xalqları uzun illər öz azadlıqlarını qorumaq uğrunda vuruşublar. Onların mübarizəsinə Şeyx Mənsur, Qazi Məhəmməd, İmam Həmzət, Şeyx Şamil kimi qəhrəmanlar başçılıq eləyib. Hacı Murad hərəkat başçısı olmasa da, həmin qəhrəmanlardan biri idi.

      Hacı Murad Avarıstanın Selmes adlanan balaca bir aulunda anadan olmuşdu. Bu kənd Avarıstanın mərkəzi Xunzaxın yaxınlığında yerləşirdi. Xunzaxda xanın ailəsi yaşayırdı. Hacı Muradın ailəsi də xan ailəsinə yaxın idi. Anası xanın böyük oğlu Əbununsal xana döşündən süd vermişdi. Yəni xanın süd anası olmuşdu. Ona görə də Hacı Murad xanın oğlanları ilə yaxın idi.

      Xanın üç oğlu vardı. Böyük oğlu Əbununsal xan, deyildiyi kimi, Hacı Muradın qardaşı Osmanın süd qardaşı idi. Ortancıl oğlu Ümmi xan Hacı Muradla siğə qardaş olmuşdu. Kiçik oğlu da Bulaç xan idi ki, onu Şamil qayadan atmışdı.

      Hacı Murad sərbəst, igid bir oğlan idi. O, xanın sarayında yaşayırdı, xanın oğlanları ilə qardaş kimi idi. Hələ sözünə cavab qaytaran, qolunu qatlayan olmamışdı. Yaxşıca varlanmışdı, atları, tüfəngi, pulu vardı. Kefi istəyən kimi gəzib-dolanır, asudə ömür sürürdü.

      Ümmi xanla Tiflisdə

      Günlərin bir günü ruslara qarşı mübarizəyə başçılıq eləyən Qazi Məhəmməd öldürüldü. Onun yerinə Həmzət keçdi. Müridlər aulları bir-bir gəzməyə başladılar. Onlar ağac qılınclarını daşa döyə-döyə car çəkirdilər: “Müsəlman qardaşlar, qəzavatdır!”

      Çeçenlər müridlərin tərəfinə keçdilər, ardınca avarlar da keçməyə başladılar. Axırda növbə Xunzaxa çatdı. Həmzət xanların yanına elçi göndərdi. Onları qəzavata qoşulmasalar, Xunzaxı darmadağın eləməklə hədələdi. Məsələ bu yerə çatanda fikirləşmək lazım gəldi. Xanlar rus çarından qorxurdular, ona görə də qəzavata qoşulmağa ürək eləmirdilər. Amma Həmzətin xəbərdarlığını da zarafat saymaq olmazdı.

      Məsləhətləşəndən sonra xanın arvadı qərara aldı ki, oğlu Ümmi xanla Hacı Muradı Tiflisə göndərsin. Onlar Tiflisdə oturan rus canişinindən kömək istəməliydilər. O vaxtlar canişin baron Rozen idi. Amma o nə Ümmi xanı, nə də Hacı Muradı yaxına buraxdı. Tapşırdı onlara desinlər ki, kömək eləyəcək, amma heç bir yardım göstərmədi. Bundan sonra onun zabitləri Ümmi xanla Hacı Murad yaşayan evə gəlib-getməyə başladılar. Zabitlər Ümmi xanı içkiyə, qumara şirnikləndirirdilər. Ümmi xan sağlam, şir kimi güclü, cəsur bir oğlan idi. Ancaq xasiyyətcə çox zəif idi, su kimi hər tərəfə axırdı. Hacı Murad Xunzaxa qayıtmaq üçün onu dilə tutdu. Bilirdi ki, Tiflisdən çıxmasalar, xan atlarını, silahlarını da uduzacaq. Axır ki, Ümmi xanı yola gətirə bildi. Onlar qayıdıb xan ailəsini işdən agah elədilər.

      Qəzavata qoşulurlar

      Tiflis səfəri Hacı Murada möhkəm yer eləmişdi. Bundan əvvəl rusların himayəsinə keçməyə tərəfdar olsa da, artıq fikri dəyişmişdi. Canişinin onları saymaması, zabitlərin Ümmi xanı pis əməllərə öyrətməsi Hacı Murada toxunmuşdu. Ona görə də qayıdandan sonra xanın arvadını, oğlanlarını qəzavata qoşulmaq üçün dilə tutdu.

      Hacı Muradın bu fikrə düşməyinə ruslara nifrəti ilə yanaşı, bir əhvalat da təkan verdi. Günlərin birində xanla birgə Selmes yaxınlığında üç müridlə toqquşdu. Müridlərdən ikisi qaçıb canını qurtardı, üçüncünü isə Hacı Murad tapança ilə vurdu. Sonra yaxınlaşıb onun tüfəngini götürmək istəyəndə gördü ki, mürid hələ sağdır. Son nəfəsdə gözlərini geniş açıb Hacı Murada baxa-baxa dilləndi: “Sən məni öldürdün. Nə olar, qanımı sənə halal eləyirəm. Ancaq müsəlmansan, cavansan, qolunda güc var, qəzavata qoşul. Allahın buyruğu belədir”.

      Müridin bu sözləri Hacı Murada bərk əsər elədi. Həmin gündən fikirləşməyə başladı. Bu zaman Həmzət dəstəsi ilə Xunzaxa yaxınlaşırdı. Xan ailəsi onun yanına bir neçə ağsaqqal göndərdi ki, qəzavata razıdırlar, amma gərək elmli bir adam gəlsin, qəzavata necə qoşulmalı olduqlarını onlara başa salsın. Həmzət bu sözlərdən bərk qəzəbləndi, əmr elədi ki, ağsaqqalların bığını qırxıb burunlarını deşsinlər, hərəsinin burnundan bir çiy fətir asıb geri göndərsinlər. Ağsaqqallar qayıdıb dedilər:

      – Həmzət bizə qəzavatın nə olduğunu başa salmağa hazırdır. Şeyxi bundan ötrü yanımıza göndərəcək. Amma bir şərti var: xanın arvadı kiçik oğlunu onun yanına girov göndərməlidir.

      Xanın arvadı Həmzətin sözünə inanıb kiçik oğlu Bulaç xanı onun yanına göndərdi. Həmzət cavan xanı yaxşı qarşıladı. Sonra adam göndərib onun böyük qardaşlarını da qonaq çağırdı. Guya atası böyük xana qulluq elədiyi kimi, özü də xanın oğlanlarına xidmət göstərmək arzusunda idi. Beləliklə, o, xanın ailəsini tamamilə öz nəzarəti altına almaq istəyirdi.

      Şamillə ilk dəfə üz-üzə

      Xanın arvadı bacarıqsız, ağlı axsaq, xasiyyəti ötkəm bir qadın idi. Oğlanlarının ikisini birdən göndərməyə ürək eləmədi, təkcə Ümmi xana rüsxət verdi. Hacı Murad da Ümmi xanla getdi. Həmzətin düşərgəsinə yaxınlaşanda müridlər qonaqları qarşılamağa çıxdılar. Onları at oynada-oynada, güllə ata-ata, mahnı oxuyaoxuya Həmzətin çadırına ötürdülər. Həmzət çadırdan çıxdı, Ümmi xanın atının üzəngisini tutub qonagını xanlara layiq hörmətlə qarşıladı. Sonra üzünü xana tutub dedi:

      – Mən ömrümdə sizin ailəyə pislik eləməmişəm, eləmək də istəmərəm. Ancaq siz də məni öldürməyin, camaatı qəzavata