Balaca lord. Фрэнсис Элиза Бёрнетт. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Фрэнсис Элиза Бёрнетт
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244618
Скачать книгу
1

      Sedrik atası haqqında heç nə bilmirdi. Onun yanında bu barədə danışmamışdılar. Sedrik bircə onu bilirdi ki, atası ingilis olub. Bunu ona anası demişdi.

      Lap balaca olarkən vəfat etdiyindən Sedrik atası ilə bağlı, demək olar, heç nəyi xatırlamırdı. Təkcə o yadında idi ki, hündürboy adam idi, mavi gözləri, uzun bığları vardı. Hə, bir də, Sedriki çiyninə alıb otaqda gəzdirməkdən xoşu gələrdi.

      Atasının ölümündən sonra Sedrik anladı ki, yaxşısı budur, anasından bu barədə heç nə soruşmasın. Hələ atası xəstələnərkən onu dostlarının evinə göndərmişdilər ki, bir müddət orada qalsın. Uşaq qayıdıb gələndə isə artıq hər şey bitmişdi; atası vəfat etmiş, üstəlik, anası xəstələnib yatağa düşmüşdü. İndi yenicə ayağa qalxmağa başlamışdı, pəncərənin qarşısındakı kresloda oturmuşdu. Üzünün rəngi qaçmış, arıqlamış, gözləri də sanki böyümüşdü. Baxışlarından kədər yağırdı. Əynində qara libas vardı.

      – Əzizim, – Sedrik dedi (atası həmişə anasını belə çağırardı, oğlan da bu sözü ondan götürmüşdü), – atam sağaldı?

      Anasının çiyinləri titrəməyə başladı. Üzündə elə ifadə var idi ki, Sedrik onun bu dəqiqə hönkürüb-ağlayacağını başa düşdü.

      – Əzizim, – o bir də təkrarladı, – atam yaxşıdır?

      Birdən hiss elədi ki, elə indicə onu möhkəm qucaqlayıb öpməli, yumşaq yanağını üzünə söykəməlidir. Belə də elədi. Anası başını onun çiyninə qoyub ucadan hönkürməyə başladı. Oğlanın əllərindən elə möhkəm yapışmışdı, sanki bir daha buraxmayacaqdı.

      – Hə, oğlum, yaxşıdır, – qadın hıçqıra-hıçqıra dedi. – O, çox yaxşıdır! Bizimsə artıq bu dünyada bir-birimizdən başqa heç kimimiz qalmadı!

      Bu sözlərdən sonra Sedrik nə qədər balaca olsa da, başa düşdü ki, o, ucaboy, cavan, yaraşıqlı adamı bir də heç vaxt görməyəcək; çünki atası ölüb. Hərçənd oğlan ölümün nə olduğunu tam dərk eləmirdi. Anasının niyə bu qədər kədərləndiyini da başa düşmürdü. Ancaq hər dəfə atasından söz düşəndə anası göz yaşlarını saxlaya bilmirdi. Ona görə də Sedrik qərara aldı ki, onunla bir daha bu barədə danışmasın.

      Onların, demək olar, qohum-əqrəbaları yox idi, hamıdan ayrı yaşayırdılar. Sedrik həddi-büluğa çatana kimi bunun səbəbini öyrənə bilmədi. Məsələ burasında idi ki, Sedrikin anası yetim olub, atası onunla evlənəndə heç kimi yox imiş. O, varlı və yaşlı bir qadına baxırmış. Elə həmin qadının da evində yaşayırmış. Bir gün evə qonaq gələn kapitan Sedrik Errol (oğlana atasının adını vermişdilər) yaşlı qadının qızla necə pis rəftar elədiyini görür. Qız o qədər gözəl, zərif və kədərli imiş ki, kapitan onu unuda bilmir və çox keçmədən onlar evlənirlər. Ancaq bəzi adamlar belə bir izdivacdan narazı qalırlar. Bu xəbəri eşidən kapitanın yaşlı atası isə bərk qəzəblənir. O, İngiltərədə yaşayırdı, varlı-hallı zadəgan idi. Amerikaya da, amerikalılara da nifrət bəsləyirdi. Onun üç oğlu var idi. Qanunlara görə, ailənin sahib olduğu zadəgan titulu və mirasdan ən böyük pay böyük oğlana çatmalı idi. O, dünyadan köçəndə isə bütün bunlar sıra ilə ortancıl və kiçik qardaşına keçməli idi. Beləliklə, evin sonbeşiyi olan Sedrik mirasdan pay almaq üçün illərlə gözləməli idi. Lakin varlı ailədən çıxsa belə, onun mal-dövlətdə gözü yoxdu. Onsuz da təbiət Sedrikdən heç nəyi əsirgəməmişdi: boy-buxunlu, yaraşıqlı, ağıllı, cəsur, xeyirxah, ürəyigeniş adam idi. Ətrafındakı hər kəs onu çox sevirdi.

      Sedrikin böyük qardaşlarında isə bu keyfiyyətlərin heç biri yox idi. Zahiri görünüşləri kimi xasiyyətləri də ürəkaçan deyildi. Üstəlik, qoca qrafı[1] tez-tez məyus eləyirdilər. Onlar məktəbdə yaxşı oxumamışdılar, indi də düz-əməlli bir işin yiyəsi deyildilər. Qraf mirasından Sedrikə pay düşməməsinə təəssüflənirdi. Çünki o, kiçik oğlunu çox sevir, digər oğlanlarının onun qədər ağıllı və cəsur olmadıqlarına görə isə kədərlənirdi.

      Günlərin bir günü qoca qraf kiçik oğlunu Amerikaya səyahətə göndərmək qərarına gəldi. Fikirləşdi ki, Sedrik gözünün qabağında olmasa, onu hər gün qardaşları ilə müqayisə eləyib əsəbiləşməz. Lakin üstündən yarım il keçəndən sonra qraf balaca oğlu üçün darıxmağa başladı. O, Sedrikə məktub yazıb evə qayıtmasını istədi. Həmin vaxt oğlan da atasına məktub göndərib kimsəsiz bir amerikalı xanıma aşiq olduğunu və onunla evlənmək istədiyini bildirdi. Qraf bu məktubu oxuyub cin atına mindi. Düz bir saat qəfəsə salınmış pələng kimi otaqda vurnuxandan sonra oturub oğluna növbəti məktubu yazdı. Məktubda deyilirdi ki, Sedrik bundan sonra bir də atasının gözünə görünməsin. Necə istəyirsə, elə də yaşaya bilər, ancaq İngiltərə torpağına bir də ayağı dəyməyəcək.

      Qrafın kiçik oğlu bu məktubu oxuyub çox kədərləndi. Çünki İngiltərəni də, doğulduğu evi də, hətta sərt və inadcıl adam olan atasını da çox sevirdi. Lakin olan olmuşdu. Bununla belə, ruhdan düşmədi. Sevdiyi qızla ailə qurub həmişəlik Amerikada yaşamağa başladı. Onlar şəhərin kasıb məhəllələrinin birində ev almışdılar, övladları da elə həmin evdə dünyaya göz açmışdı. Uşaq həm anasına, həm də atasına oxşayırdı, hər ikisinin ən gözəl cəhətlərini götürmüşdü: qızılı rəngli qıvrım saçları, iri, ala gözləri, uzun kirpikləri vardı. Körpə doğulandan bəri bircə dəfə də xəstələnməmişdi. Elə sağlam və qıvraq uşaq idi ki, doqquz ayı tamam olan kimi yeriməyə başlamışdı. Onu uşaq arabasında gəzdirməyə çıxaranda yoldan keçənlərin heç biri bu sevimli balacaya biganə qala bilmir, yaxınlaşıb körpəni dindirir, başını sığallayırdılar. Uşaq da əvvəl iri, ala gözlərini qarşısındakı adama zilləyib diqqətlə baxır, sonra bir anda gülümsəyirdi.

      Beləcə, balaca Sedrik yavaş-yavaş boy atmağa başladı. O, evdə heç vaxt kobud söz eşitməmişdi. Atasının həmişə anasına xoş kəlmələrlə səsləndiyini, nəvaziş göstərdiyini, qayğısına qaldığını görən uşaq da onun kimi rəftar eləməyə cəhd göstərirdi. Odur ki atasının bir daha geri qayıtmayacağını anlayanda və anasının buna görə nə qədər kədərləndiyini görəndə Sedrik onu az da olsa, sevindirməyə, üzünü güldürməyə çalışırdı. Anasının dizləri üstünə çıxıb oyuncaqlarını, şəkilli kitablarını ona göstərir, boynunu qucaqlayır, öpürdü.

      Bir dəfə Sedrik anasının qulluqçu qadına dediyi sözləri eşitdi:

      – Ah, Meri! Oğlum hələ çox balaca olsa da, mənim necə kədərləndiyimi görüb təsəlli verməyə çalışır. Bəzən gözlərini zilləyib elə məhəbbətlə mənə baxır ki! Bəzən də qəfil yaxınlaşıb məni qucaqlayır, boynuma sarılır. Özünü lap balaca kişi kimi aparır. Hərdən mənə elə gəlir ki, o hər şeyi başa düşür…

      Sedrik oxumağı çox tez öyrəndi. Axşamlar o, buxarının qarşısındakı xalının üstünə uzanıb höccələyə-höccələyə anasına kitab, qəzet oxuyurdu. Həmin vaxt Meri oğluna qulaq asa-asa uğunub-gedən missis[2] Errolun gülüş səslərini mətbəxdən eşidirdi.

      Meri bu uşağa çox bağlanmışdı. Qız bu evdə qulluq eləməyə başlayanda Sedrik yenicə doğulmuşdu. Kapitan Errol vəfat etdikdən sonra isə Meri evin bütün işini öz üzərinə götürmüşdü: həm qulluqçuluq, həm aşpazlıq, həm də oğlana dayəlik eləyirdi. Hətta missis Errol oğlu üçün paltar tikəndə ona köməklik göstərirdi.

      – Bizim balaca Sedrik əsl zadəgandır! – Meri fəxrlə tanışlarına deyirdi. – Heç Beşinci avenyuda[3] da onun kimi qəşəng, ağıllı uşaq tapmaq olmaz! O, missis Errolun köhnə paltarından kəsib tikdiyimiz qara məxmər kostyumda elə gözəl görünür ki! Başını dik tutur, qıvrım saçları o tərəf-bu tərəfə burulur, qızılı telləri günəşin altında par-par parıldayır… Əsl balaca lorddur[4]!

      Onda Sedrik hələ «lord» sözünün nə demək olduğunu bilmirdi.

      Bu sevimli uşağın ən yaxın dostu isə döngədəki ərzaq dükanının sahibi qəzəbli baqqal idi. Hamının çəkindiyi bu yaşlı kişi Sedrikə bircə dəfə də olsun, hirslənməmişdi. Baqqalı cənab Hobbs deyə çağırırdılar.


<p>1</p>

Qraf – Qərbi Avropada, həmçinin 1917-ci il inqilabına kimi Rusiyada mövcud olmuş zadəgan rütbəsi və bu rütbəni daşıyan şəxs

<p>2</p>

Missis – xanım; ailəli qadınlara müraciətlə işlənir.

<p>3</p>

Beşinci avenyu – Nyu-York şəhərinin mərkəzi küçəsi; dünyanın ən bahalı küçələrindən biri hesab olunur.

<p>4</p>

Lord – İngiltərədə nəslən keçən yüksək zadəgan titulu və bu titulu daşıyan şəxs